Prezidentdən işsizlərə müjdə: "Yeni müəssisələr bu problemi aradan qaldıracaq"
"Mingəçevir Sənaye Parkında görüləcək işlər bizim ümumi iqtisadi potensialımızı gücləndirəcək. Burada 9 fabrik yaradılacaq. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq. Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 milyon dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir. Bu layihəni icra etdikcə, əminəm ki, yeni təşəbbüslər də ortaya çıxacaq. Çünki bu layihənin şəhərin inkişafına, iş yerlərinin yaradılmasına, ümumiyyətlə, kənd təsərrüfatımızın, sənaye potensialımızın inkişafına çox böyük xeyri olacaq".
BAKU.WS-in məlumatına görə, bunu prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, ölkəmizin sənaye inkişafı ilə bağlı öz fikirlərini dəfələrlə bildirib:
"Biz bütün planlarımızı yerinə yetiririk. Ölkəmizin hər bir yerində, hər bir rayonda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq. Bu Sənaye Parkı Bakıda da, başqa yerdə də yaradıla bilərdi. Ancaq mən qərara gəldim ki, bu, mütləq Mingəçevirdə olmalıdır. Çünki Mingəçevir böyük şəhərdir. Şəhərin əhalisi artır. Mingəçevirdə kənd təsərrüfatı sahəsi demək olar ki, yoxdur. Eyni zamanda, şəhər əhalisi həm hazırlıqlıdır, peşəkardır, həm də Mingəçevirdə kifayət qədər böyük əmək qüvvəsi var. Baxmayaraq biz ölkə miqyasında işsizliyi böyük dərəcədə aşağı sala bilmişik, ümumi rəqəm təqribən 5 faiz ətrafındadır, Mingəçevirdə işsizlik problemi var. Burada yaradılacaq yeni müəssisələr bu problemi də aradan qaldıracaq. Beş-altı min iş yerinin yaradılması, özü də qısa müddət ərzində yaradılması özlüyündə gözəl göstəricidir".
Prezidentin sözlərinə görə, son illərdə görülən işlər bu məqsədi güdür ki, Azərbaycan qeyri-neft potensialını artıraq və ixracyönümlü məhsullar istehsal etsin: "Bu müəssisələrdə istehsal olunacaq pambıq ipliyi, yun ipliyi, dəri məmulatları, akril ipliyi ixracyönümlü məhsullardır. Xüsusilə pambıq və yun ipliyi müəssisələrində istehsal olunacaq məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Çünki bu məhsullar dünya birjalarında satılır. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan 100 milyonlarla dollar qazandıracaq zavodları işə salır
Azərbaycanda yaxın vaxtlarda böyük poladtökmə-metallurgiya komplekslərinin yaradılmasına start veriləcək. BAKU.WS xəbər verir ki, bu barədə sentyabrın 17-də Sa...