"Qara ət" narahatlığı: Xaricdən gələn ətlərin təhlükəsizliyinə kim cavabdehdir? - RƏSMİ
Ötən ayın 25-dən etibarən Azərbaycanda bütün heyvan bazarlarının bağlanmasının fonunda ictimaiyyətdə xaricdən gətirilən ət məhsullarının keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaranıb. Vətəndaşlar bildirirlər ki, xaricdən gətirilən ət məhsulları bəzən qara rəngdə olur.
Maraqlıdır ki, bu, ətin köhnəliyi, düzgün saxlanmaması, yoxsa digər səbəblər ilə bağlıdır? Xaricdən gətirilən ət məhsullarının keyfiyyətinə dair hansı yoxlama aparılır? Bu ətlərdə xəstəliyin olub-olmaması araşdırılır?
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik.
Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür.
"Bildiririk ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, dövriyyəyə buraxılır".
Agentlik həmçinin deyir ki, alıcılar satıcılardan keyfiyyətə dair sənəd tələb edə bilərlər:
"Belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər. Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng vuraraq və ya "E-Qidam" mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər".
Banu Hüseynli
Oxşar xəbərlər
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarl...