Prezident İlham Əliyev Göygöldə yenidən qurulan “Çiçəkli” SES-i işə salıb
19
avq
2017
15:40
Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.BAKU.WS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib. Bildirilib ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşüb. Stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb. Diqqətə çatdırıldı ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsal etmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.Dövlət başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə salıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunun bu stansiyasında yenidənqurma işləri həyata keçiriləcək
Bu aydan "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumat...