Nalbadyan: "Lavrov Yerevana Qarabağla bağlı təklif gətirmədi" (VİDEO)

Nalbadyan: Lavrov Yerevana Qarabağla bağlı təklif gətirmədi (VİDEO)
Video
Siyasət 2664

 

"Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizdə keçirdiyi görüşlər zamanı münaqişənin hər hansı həll paketi müzakirə olunmayıb, o cümlədən hansısa ərazi güzəştlərindən də söhbət getməyib”.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə,  həmsədrlərlə və beynəlxalq təşkilatlarla birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bərpası üçün səy göstərmək lazımdır”.

Jurnalistin "Sergey Lavrov İrəvana məsələnin həlli ilə bağlı necə bir təklif paketi ilə gəlib?”, sualına nazir cavab olaraq bildirib ki, belə bir paket yoxdur: "Siz artıq beşinci dəfədir ki, hansısa paket haqqında soruşursunuz. Lavrov özü də bəyan edib ki, o, heç bir paketlə gəlməyib. Heç bir şeyi uydurmaq lazım deyil", - Ermənistan XİN rəhbəri bildirib.

Rusiyanın xarici işlər naziri  Sergey Lavrov aprelin 21-də İrəvana səfər edib. Rusiya XİN rəhbəri İrəvana Nalbandyanın dəvəti ilə gedib. Lavrov səfər çərçivəsində erməni həmkarı ilə danışıqlar aparıb.  

Nalbandyanla görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Rusiya XİN başçısı deyib: "Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Konflikt yalnız siyasi-diplomatik yolla həll edilə bilər. Həmin ərazidə vəziyyətin inkişafı kontekstində 1994-cü ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişlərə riyaət etmək lazımdır. "Bu sazişlər müddətsizdir". 

Daha sonra XİN başçısı Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb. Lavrov deyib ki, Rusiya və Ermənistan Minsk qrupuna alternativin yaradılmasının əleyhinədir. 

"Biz paralel kanallar axtarışı cəhdlərini, tərəflərin etibarını qazanmayan mexanizmlərin yaradılmasını dəstəkləmirik. Bu, əsas məsələdən - təhlükəsizliyin təminatı, yeni qurbanların olmasına imkan verməmək və siyasi prosesin bərpası şərtlərini yaratmaq fikrindən yayındıracaq", - deyə Sarkisyanla görüşdə Lavrov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflər özləri gəlməlidirlər. Rusiya və Minsk qrupunun digər həmsədrləri isə onlara kömək etməlidir. 

Rusiya XİN başçısının İrəvana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub.

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat da yayıb. Bəyanatda deyilir ki, 1994 və 1995-ci illərdə Dağlıq Qarabağda atəşkəsə dair əldə olunan sazişlər müddətsiz xarakter daşıyır və münaqişə zonasında atəşkəsin əsasını təşkil edir.

Bəyanatda Rusiyanın münaqişə üzrə qəti mövqeyi də açıqlanıb: "Rusiya tərəfi Dağlıq Qarabağda vəziyyətin inkişafı kontekstində 1994-cü ildə imzalanmış atəşkəs sazişi və onun inkişafı üçün 1995-ci ildə qəbul olunmuş Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin möhkəmləndirilməsi haqqında sazişin müddətsiz xarakter daşıması və münaqişə zonasında əvvəlki kimi sülhün əsasını təşkil etməsi mövqeyindən çıxış edir”.

Sergey Lavrov bu səfərdən əvvəl son dəfə  ötən ilin noyabrında İrəvanda səfərdə olub. O, səfər zamanı Serj Sarkisyan və  Edvard Nalbandyanla görüşüb. 

Həmin vaxt Sergey Lavrovun  Ermənistan hakimiyyəti qarşısında Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun qaytarılması ilə bağlı məsələ qaldırdığı barədə xəbər yayılmışdı.

Hətta məlumatlarda Lavrovun İrəvan səfərində də bu məsələni müzakirə etdiyi bildirilirdi. Həmin sülh planının Lavrovun ideyası əsasında hazırlandığı barədə məlumatlar yayılmışdı. 

Amma yayılan məlumatlara aydınlıq gətirən Rusiyanın Ermənistandakı səfirliyi bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan tərəfi ilə aparılan danışıqlar çərçivəsində hər hansı ərazinin güzəşt olunması ilə bağlı heç bir məsələ müzakirə olunmayıb.

Daha sonra Lavrov  özü də belə bir planın olmaması barədə açıqlama vermişdi. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd yoxdur”, - deyə o bildirmişdi.

Lavrovun İrəvana bu səfəri zamanı da onun münaqişə ilə bağlı xüsusi planının olduğu barədə məlumat yayılıb. 

BAKU.WS

Son xəbərlər