"Monte Melkonyan boğazıma ip keçirib məni unitaza bağladı...... " (Video)
Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş, rejissor Elmar Məlikovun çəkdiyi "Dəhliz" filminin təqdimatı keçirilib.
BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetin təsisçisi Sona Vəliyeva, millət vəkilləri, KİV nümayəndələri iştirak ediblər. "Dəhliz” filminin redaktoru jurnalist Ceyhun Əsgərov, baş məsləhətçisi Vüsalə Məmmədovadır. Film CBC TV-nin texniki dəstəyilə hazırlanıb.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Millət vəkili Əflatun Amaşov bildirib ki, 1992-ci ildə Ermənistan tərəfindən Xocalıya hücum edilərək günahsız insanlar qətlə yetirilib. Filmlə bağlı fikirlərini bildirən millət vəkilinin sözlərinə görə, "Dəhliz" filminin digərlərindən fərqi onun şahidlərin dili ilə səslənməsidir: "Bu filmdə iştirak edən qəhrəmanlar başlarına gələnləri söyləməklə ermənilərin bu hadiəsədə nə qədər günahkar olduğunu bir daha ortaya qoyacaq. Bu faktlar gələcəkdə bizə lazım olacaq".
Daha sonra tədbir iştirakçılarına "Xocalı soyqırımının 25 illiyində ifadələr iddiaları məhv edir” ideyası əsasında çəkilən "Dəhliz” filmi nümayiş olunub.
Nümayişdən sonra çıxış edən Sona Vəliyeva filmi ərsəyə gətirənlərə öz təşəkkürünü bildirib və qeyd edib ki, bu kimi filmlərin çəkilməsi çox vacibdir. Onun sözlərinə görə, bir çox hallarda ermənilər Azərbaycana məxsus olanları öz adlarına çıxırlar: "Hətta ermənilər Xocalı ilə bağlı rəsmlərimizdən istifadə edərək, özlərinin başına gələn faciə kimi qələmə verib, Azərbaycana qarşı nifrət hissi yaratmağa cəhd edirlər. Çox təəssüf ki, dünya yalanlara inanır. Məhz bunun nəticəsidir ki, dünyada ədalətsizlik hökm sürür. Filmin ingilis, fransız dilində tərcümə edilməsi bu həqiqətlərin dünyaya çatdırımasında mühüm rol oynaya bilər. Biz qalibliyə gedən yolu özümüzdə axtarmalı, bu həqiqətləri uşaqlarımıza körpəlikdən aşılamalıyıq. Xocalı çox böyük faciədir. Biz ilk növbədə həmrəy olub, milli yaddaşımıza sahib çıxmalıyıq. İnşaallah bir gün biz həmin torpaqlara qayıdacağıq".
Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu cür filmlərin çəkilməsinin çox mühüm olduğunu dilə gətirib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki, belə filmlərə baxmaq ağrılı olsa da, milli yaddaşımızın unudulmaması üçün çox vacibdir: "Çox təəssüf ki, biz 200 il bundan öncə tariximizdə bu kimi hadisələrlə rastlaşsaq da, zaman-zaman onu unutmuşuq. Məhz bunun nəticəsidir ki, tanrı bizə Xocalı faciəsini yaşadıb. Biz bu faciəni unutmamalı, onun unudulmaması istiqamətində əlimizdən gələni etməliyik".
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev söyləyib ki, bu filmə emosiyasız baxmaq mümkünsüzdür: "Çünki bu kadrlar yaddaşımızda dərin köklər salıb. Filmdə şahidlərlərin dili ilə tam şəkildə faciə ilə bağlı məlumat əldə etmək mümkündür. Ermənilər Xocalıda həm maddi, həm də mənəvi qisas alıblar. Biz bu filmdə beynəlxalq aləmin ədalətsiz mövqeyini nümayiş etdirməklə yanaşı, o dövrdəki laqeydlik öz əksini tapıb. Film bu baxımdan çox təsirli idi".
"Səs"qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında qeyd edib ki, Xocalı faciəsi nəinki ildönümü ərəfəsində, hər zaman diqqətdə saxlanılmalıdır. SƏS internet televiziyasının bazasında Xocalı soyqırımı ilə bağlı bir neçə filmlərin hazırlandığını deyən baş redaktor bu işlərin davam etdirilməsinin vacibliyini dilə gətirib: "Bu gün demək olar ki, hər kəs sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələrdən istifadə edənlər bu faciəni daim diqqətdə saxlamalı, qətliamın dünya ictimaiyyətinə çatdırılması istiqamətində səyini ortaya qoymalıdır. Xocalının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində mühüm işlər görülür. Lakin hər kəs vətəndaşlıq borcunu yerinə yetirərək, bu işi davam etdirilməlidir".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında qeyd edib ki, filmdə real hadisələr öz əksini tapıb: "Filmdə faciənin şahidlərin dilindən eşidilməsi hər kəsi sarsıdır. Bu istiqamətdə aparacağımız tədqiqatda insan taleləri önə çəkilməlidir. Xocalı faciəsinin şahidləri ilə bağlı ayrı-ayrı filmlər çəkilə bilər. Biz bu faciələrdən dərs almalıyıq. Erməniyə görə xislətimizi dəyişə bilmərik. Amma qarşımızdakı düşmənimizin kim olduğunu bilməliyik".
"CBC" televiziyasının rəhbəri Azər Xəlilov isə söyləyib ki, Xocalı Azərbaycan xalqının ən yaralı yeridir: "Bu cür filmlər beynəlxalq tribunalda təqdim etdiyimiz faktlardan biri olacaq. Burada əsas yük jurnalistlərin üzərinə düşür. Çox təqdirəlayiqdir k, bizim jurnalistlər bu kimi məlumatların toplanmasında uğurlara nail olub, kitablar nəşr edir, filmlər çəkirlər. Bir çox işlər görülsə də, bu kifayət deyil, işlərimizi davam etdirməliyik. Xaricdə yaşayan azərbaycanlılar da bu işlərə dəstək verməlidirlər".
Tədbirin davamında çıxış edən natiqlər filmlə bağlı öz müsbət fikirlərini bildiriblər.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyevin başçılığı ilə yürüş olacaq
Bakıda XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək. BAKU.WS Unikal.org-a...