İlham Əliyev: "Bütün borclarımızı bir həftəyə ödəyə bilərik"

İlham Əliyev: Bütün borclarımızı bir həftəyə ödəyə bilərik
Siyasət 4506

 

"Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə, mən sizə belə bir cavab verə bilərəm. Biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik. Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir".

BAKU.WS-in məlumatına görə, bu sözləri fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik: "Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik".

BAKU.WS

Son xəbərlər