Bakının mərkəzində tıxacları azaldacaq YENİ HƏLL YOLU
Abşeron dəmir yolu xəttində sərnişin sayının artması şəhər daxilində mövcud stansiyaların yükünün bölüşdürülməsi məsələsini yenidən gündəmə gətirir.
Sərnişin axınının yalnız Bakı Sərnişin stansiyası və 28 May üzərində cəmləşməsi uzunmüddətli perspektivdə optimal yanaşma olmaya bilər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, bu baxımdan Keşlə stansiyasının şəhərdaxili alternativ sərnişin qovşağı kimi inkişaf etdirilməsi nəzərdən keçirilməlidir:
"Keşlənin əsas üstünlüklərindən biri əlverişli coğrafi mövqeyidir. Stansiya şəhərin mərkəzinə yaxın yerləşməklə yanaşı, Nərimanov, Bakmil, Dərnəgül və Ulduz istiqamətlərinə çıxışların formalaşdırılması baxımından da potensial imkanlara malikdir.
Burada söhbət sadəcə bir dəmir yolu dayanacağının yaradılmasından getmir. Keşlədə dəmir yolu, şəhər avtobusları, metro, piyada və mikromobillik imkanlarını birləşdirən Nəqliyyat Mübadilə Mərkəzi formalaşdırmaq mümkündür".
Ekspert qeyd edib ki, dəmir yolunun altından təhlükəsiz və birbaşa piyada keçidinin yaradılması da Keşlə stansiyasının ətraf ərazilərlə əlaqəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
Onun fikrincə, Bakı sərnişin stansiyasından sonra Keşlə şəhər daxilində sərnişin qovşağı kimi ən böyük potensiala malik məntəqələrdən biri hesab oluna bilər.:
"Dəmir yolu şəbəkəsinin müxtəlif istiqamətlərə çıxış imkanları və gələcəkdə əlavə bağlantıların yaradılması burada sərnişin axınının artırılmasına şərait yarada bilər. Hazırda əsas məsələlərdən birinin Abşeron xəttində hərəkət edən qatarların Keşlədə dayanmasının təmin edilməsidir.
Keşlədə dayanacağın olması sərnişinə sadəcə əlavə seçim vermir. Bu, şəhər daxilində sərnişin axınının bölüşdürülməsinə, 28 May stansiyasının üzərindəki yükün azalmasına və insanların təyinat məntəqələrinə daha yaxın nöqtədən dəmir yolundan istifadə etməsinə imkan yarada bilər", – deyə ekspert qeyd edib.
R.Ağamirzəyev hesab edir ki, Bakının gələcək nəqliyyat planlaşdırılmasında yalnız yeni infrastrukturun yaradılması deyil, mövcud stansiyaların şəhər nəqliyyat sistemindəki funksiyasının yenidən müəyyənləşdirilməsi də diqqətdə saxlanılmalıdır:
"Keşlə bu baxımdan şəhərin əsas alternativ dəmir yolu qovşaqlarından birinə çevrilə biləcək məntəqələrdəndir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər
Yüksəkixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcəklər. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında m...