"Abşeron" yatağının tammiqyaslı işlənməsi üçün 4,2 milyard dollarlıq sərmayə tələb olunacaq
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi (Absheron FFD) layihəsi yekun investisiya qərarının (FID) qəbul edilməsi mərhələsinə keçib, bununla bağlı kapital qoyuluşunun ümumi məbləği təxminən 4,2 milyard ABŞ dolları təşkil edir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov bildirib.
Onun sözlərinə görə, işlənmə proqramına dörd sualtı istismar quyusunun qazılması, təqribən 142 kilometr uzunluğunda çoxfazalı dəniz boru kəmərinin inşası və Səngəçal zonasında yeni emal infrastrukturunun yaradılması daxildir. FFD çərçivəsində plato (maksimum hasilat) mərhələsində qaz hasilatının həcmi ildə təxminən 4,5 milyard kubmetrə çatmalıdır. İlk təbii qazın isə 2029-cu ildə çıxrılması planlaşdırılır.
B.Hüseynov layihənin inkişafı, müqavilə ilə bağlı mürəkkəb məsələlərin tənzimlənməsi və investisiya öncəsi mərhələdə maneələrin aradan qaldırılmasında SOCAR-ın, həmçinin şirkətin "SOCAR Upstream Management International" (SUMI) bölməsinin, kommersiya və hüquq şöbələrinin vacib roluna diqqət çəkib. Bundan başqa, o, SOCAR tərəfindən təsdiqlənmiş dördüncü şərq quyusunun layihəyə daxil edilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Sözügedən yataqda qazın hasilat göstəricisinin 60 %-dən çox olacağı proqnozlaşdırılır və bu da qlobal sənaye standartlarına uyğundur. "Bu mərhələdə vəzifəmiz tamamilə aydındır - 2029-cu ildə ilk qazın əldə edilməsinə nail olmaq. Biz "TotalEnergies" şirkətinin layihənin təhlükəsizlik normalarına riayət olunmaqla müəyyən edilmiş müddətdə və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilməsini təmin edəcəyini, SOCAR-ın isə lazımi dəstəyi göstərməyə davam edəcəyini gözləyirik", - B.Hüseynov vurğulayıb.
Xatırladaq ki, layihənin 2-ci Fazası çərçivəsində plato mərhələsində gündəlik 12,7 milyon kubmetr qaz (illik hesabla təxminən 4,5 milyard kubmetr), həmçinin gündəlik 35 min barel kondensat hasilatı planlaşdırılır - bu, 1-ci Fazada əldə edilən həcmlərə əlavədir.
"Abşeron" yatağı 1960-cı illərdə azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib. Yatağın qaz ehtiyatları 350 milyard kubmetr həcmində qiymətləndirilir ki, bu da ona miqyasına görə Xəzər dənizində "Şahdəniz"dən sonra ikinci qaz yatağı statusunu qazandırır. "Abşeron" yatağının işlənməsi haqqında müqavilə 2009-cu ildə Fransanın "Total" korporasiyası ilə SOCAR arasında bağlanıb. 2023-cü il avqustun 4-də Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə onun "Abşeron"da 30 % pay alması haqqında saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətləri bərabər pay (35 %) sahibidir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 118 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,27 ABŞ dolları və ya 3,48 % azalaraq 118,22 ABŞ dolları təşkil edib. BAKU.WS xəb...