Məktəbdə kolbasa, sosiska yemək qadağandır? - RƏSMİ CAVAB
Məktəblərdə şagirdlərin tənəffüs zamanı qidalanması ilə bağlı müxtəlif məsələlər zaman-zaman müzakirə olunur.
BAKU.WS-in məlumatına görə, evdən məktəbə gətirilən və kəskin qoxusu ilə seçilən bəzi qidalar digər şagirdlər üçün narahatlıq yarada bilir.
Söhbət əsasən kolbasa, sosiska və digər ət məhsullarından, eləcə də qoxusu sinif otağında uzun müddət qalan bəzi isti və soyuq yeməklərdən gedir. Belə hallarda məsələ yalnız qidanın növü ilə deyil, onun sinif otağında yeyilməsi və digər şagirdlərə yaratdığı narahatlıqla da bağlı olur.
Digər tərəfdən, məktəblilərin gün ərzində qidalanması onların sağlamlığı baxımından da əhəmiyyətli məsələlərdəndir. Şagirdlərin məktəbə hansı qidaları gətirməsi, qidaların saxlanma şəraiti, məktəb daxilində yeyilməsi üçün uyğun hesab olunan məhsullar və bu sahədə təhsil müəssisələrinin tətbiq etdiyi qaydalar valideynlər arasında da suallar yaradır.
Xüsusilə sosial şəbəkələrdə məktəblərdə qida seçimi, şagirdlərin çantalarında gətirdiyi məhsullar və sinifdə yemək mədəniyyəti ilə bağlı müzakirələrə rast gəlinir. Bu mövzu məktəblərdə şagirdlərin qidalanması ilə bağlı mövcud qaydaların, təhsil müəssisələrinin daxili nizam-intizam tələblərinin və uşaqlar üçün uyğun qida seçiminin yenidən gündəmə gəlməsinə səbəb olub.
Maraqlıdır ki, məktəblərdə şagirdlərin gətirdiyi qidalarla bağlı hansı tələblər mövcuddur? Qoxusu digər şagirdlər üçün narahatlıq yarada biləcək məhsulların sinif otaqlarında yeyilməsi ilə bağlı hər hansı məhdudiyyət varmı?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericilikdə sinif otaqlarında qida qəbulunu tənzimləyən hər hansı bir normativ tələb yoxdur:
"Bununla yanaşı qeyd edirik ki, digər şagirdlərə mane olması, gigiyena, allergiya, qoxu və s. amillər nəzərə alınaraq sinif otaqlarında qida qəbulu ilə bağlı məktəbdaxili qayda müəyyən edilə bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Daha bir məktəb TƏMİR OLUNACAQ - 4,2 milyon ayrıldı
Azərbaycanın daha bir təhsil müəssisəsində təmir işlərinin aparılması planlaşdırılır. BAKU.WS-in məlumatına görə, bu məqsədlə Elm və Təhsil Nazirliyinin Təsərrü...