Şəhidin xanımı: "Gəldim sənə söz verəm ki, bir daha ağlamayacam..."

Şəhidin xanımı: Gəldim sənə söz verəm ki, bir daha ağlamayacam...
Siyasət 9288

"Mirzə, bu gün gəldim sənə söz verəm ki, bir daha ağlamayacam. Sən heç vaxt istəməzdin mən ağlayım. Gəldim sənə söz verəm ki, yanına üzü ağ, alnı açıq gələcəm. Heç vaxt kimsənin adımın üstünə ad qonduracağına izn verməyəcəm. Səninlə birgə həyatım boyu necə təmiz oldumsa, elə də təmiz adla, namusumla yaşayacam. Gəldim sənə söz verəm ki, Nihad və Nurayı elə böyüdüb, tərbiyə edib, oxutduracam ki, heç vaxt ruhun incik olmasın. Ancaq sən məni incik qoyub getdin. Mənə həmişə "aslanım" deyərdin. İndi sən o aslanı tək qoymaqla sındırdın. Mən yenə də, sənə söz verirəm ki, səndən başqa məni kimsə sındırmayacaq, tək buraxmayacaq. Mən sənin yanına həmişə gördüyün aslanın kimi gələcəm. Həmişə arzu edərdim ki, evimiz olsun, özümün də işim olsun. İşləyib sənə köməklik etməklə, nə vaxtsa ev alacağamız arzusu ilə yaşayardım. Dünən ölkənin birinci xanımı Mehriban Əliyeva konfrans təşkil edib bütün şəhid ailələri ilə görüşdü, problemləri ilə maraqlandı. Mən heç nə deyə bilmədim. Çünki bundan sonra sənin qanının bahasına həll olunacaq problemlərim mənə daha ağır olacaq. Artıq səndən başqa heç nə istəmirəm, arzulamıram. Mirzə, səndən sonra bu dünyada yaşamaq mənə cəhənnəm əzabından betərdir. Mən cənnətdə, sənin yanında olmaq istəyirəm. Gələcəm, sənin yanına gələcəm... Sənin yanına - sənin özün kimi -şərəflə, ləyaqətlə gələcəm!.." Bu sözləri 2-6 aprel tarixlərində torpaqlarımızın işğaldan azad edilməsində qəhrəmancasına şəhid olmuş Baş leytenant Novruzov Mirzə Sərvər oğlunun məzarı başında onun ömür-gün yoldaşı, həyat yoldaşı deyirdi. Həmin gün mən də şəhidimizi ziyarət etməyə getmişdim.

Aprelin 5-də dəfn olunan Mirzənin ailə üzvlərindən kiminsə orda olacağını doğrusu zənn etməmişdim. Fəxri xiyabana çatanda gördüm ki, yaxın qohumları ilə övladlari da məzarlıqdadır. Ancaq xeyli kənarda dayanıb həyat yoldaşının son mənzilə yola saldığı Mirzəsi ilə doyunca dərdləşməsi üçün imkan yaratmışdılar. Bir xeyli gözlədikdən sonra qərar verdim ki, saatlarla şəhidindən ayrıla bilməyən bu qadına yaxınlaşıb təskinlik verim. Ona necə təskinlik verəcəyimi ürəyimdə götür-qoy edə-edə yaxınlaşdım. Amma eşitdiklərimdən dəhşətə gəldim. "Başınız sağ olsun!" - sözünü belə deyə bilmədim. İlk dəfə idi ki, cümlə qurmağa belə çətinlik çəkirdim. Həyəcan və qəhərdən nə deyəcəyimi bilmədim. Cümləmin əvvəli ilə axırı heç düz gəlmirdi. Qısası deyim ki, mən o qadına təskinlik verə bilmədim. Ona görə ki, Mirzəsinə verdiyi sözlərə qulaq asdıqca sanki yer ayağımın altından qaçırdı. Düşünmə və danışma qabilliyətimi itirdiyimi hiss edirdim. Təskinlik əvəzinə hönkürtu ilə ağlayırdım. İlk dəfə idi ki, özümü bu qədər aciz hiss etdim. Şəhid xanımına təskinlik vermək istəyinin necə ağır olduğunu indi anladım... ...anladım ki, bu qara paltarlı qadın bir ömür boyu qəlbində şəhidinə yas saxlayacaq. Bu dünyada qoyub getdiyi 2 gül balasından alacaq onun qoxusunu. Vətən əmanəti olan o iki gül baladan...

Bundan sonra rahat uyu Şəhidim!.. Ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. Sən bu cür qəhrəman qadın və bu dövlətə ən böyük xəzinə olan övladlarını buraxıb getdin. Sənin xanımını tarixə imza atmiş qadınlara bənzətməyəcəm. Onların adını çəkib nümunə gətirməyəcəm. Çünki xanımın da sənin kimi bu tarixə Qəhrəmanlıq imzası atacaq. Onun adını kimlərsə nümunə gətirəcək. Tək başına sənin yadigarlarını elə böyüdüb bu cəmiyyətə təqdim edəcək ki, oğlun Nihad demiş ruhun həmişə zirvələrdə olacaq!..Rahat uyu Şəhidim!.. Elə yazımı da qəhrəman şəhidimizin ömür-gün yoldaşının dedikləri kimi bitirmək istəyirəm: "Onlar sizin yanınıza şərəflə, ləyaqətlə gələcəklər, Şəhidlər!.."

Turkustan.info

Son xəbərlər