Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq səfərlərinin təşkili davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkreditə olunmuş və qeyri-rezident səfirlərin, hərbi attaşelərin və digərlərinin, ümumilikdə 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna səfəri təşkil olunub. Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirakçılara bildirib ki, bu, işğaldan azad olunduqdan sonra diplomatik korpus nümayəndələrinin Ağdama ikinci səfəridir. İşğaldan azad olunmasından cəmi 6 ay keçməsinə baxmayaraq, Ağdamda müsbətə doğru çox böyük dəyişiklik var, bərpa və yenidənqurma işlərinə başlanılıb. Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək. Ağdam sülh, əmin-amanlıq şəhəri olacaq, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ermənilər tərəfindən təhqir edilib
Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə imarət kompleksi haqqında məlumat verib. Bildirilib ki, Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buradan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib.
Diqqətə çatdırılıb ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.
Fotoqraf Reza Deqati səfər iştirakçılarına bildirib ki, Pənahəli xanın soyundan olan Xurşidbanu Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərindəki XVIII əsrə aid kompleksdə dəfn edilmişdi. “Ermənilər şəhəri ələ keçirməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş, məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum. 2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra yenidən həmin yerə qayıtdım. Natəvanın məzarının qazıldığını və sümüklərinin aparıldığını gördüm”.
Ermənilər Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər
Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidində ermənilərin törətdikləri barbarlıqlarla tanış olublar. Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Fotoqraf Reza Deqati 1992-cı ildə Xocalı faciəsindən sonra Ağdam Cümə məscidində çəkdiyi və erməni vəhşiliyini əks etdirən fotoların tarixçəsi barədə nümayəndə heyətinə məlumat verib. Bildirib ki, həmin dövrdə ermənilərin qətlə yetirdikləri insanları bu məscidə gətirirdilər. Xocalı faciəsi qurbanlarının meyitləri burada yuyulur, kəfənlənir və dəfn olunmaq üçün yola salınırdı.
Sonra xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidində namaz qılıblar.
Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında muzeydə saxlanılacaq
Diplomatik korpusun nümayəndələri sonra Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verib. Bildirib ki, Ağdamda Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib. Lakin işğal dövründə hər şeyi məhv edən ermənilər mədəniyyət ocaqlarını, musiqi məktəblərini də dağıdıblar.
Emin Hüseynov Ağdam Dram Teatrının işğaldan əvvəlki fotosunu göstərərək deyib: “Teatrın binasının qarşısındakı bu heykəl Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındakı Fərhadın heykəlidir. Biz bu heykəli zamanı gələndə öz yerinə qaytaracağıq. Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacaq. Teatr binasının qalıqları da açıq səma altında muzeydə saxlanılacaq.
Xarici diplomatlar Ağdamda Dağüstü parkın salınacağı ərazidə və Şahbulaq qalasında olublar
Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Ağdama səfər çərçivəsində Dağüstü parkın salınacağı ərazidə olublar. Bildirilib ki, burada açıq teatrın tikintisi nəzərdə tutulur. Gələcəkdə həmin teatrda müxtəlif muğam konsertlərinin təşkili planlaşdırılır.
Şahbulaq qalası ilə tanışlıq zamanı diplomatik korpus nümayəndələrinə məlumat verilib ki, XVIII əsrə aid bu qala Qarabağ ərazisindəki ən məşhur abidələrdən biridir. Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda “Şahbulaq qəsri” adı ilə tanınan abidə, əslində, iri qəsr kompleksinin iç qalası olub. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Ermənilər Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.
Ermənilər Ağdamı tərk etməmişdən qabaq mal-qara saxladıqları Qiyaslı məscidini yandırıblar
Xarici diplomatik korpusun nümayəndələri Ağdama səfər zamanı Qiyaslı məscidini də ziyarət ediblər. Qonaqlara məscidin tarixi və ermənilərin törətdikləri barbarlıqlar barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı xalqımıza məxsus yüzlərlə daşınmaz tarix, mədəniyyət və dini abidələr dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb. Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam rayonunun Qiyaslı kəndindəki XVIII əsrə aid məsciddir. Kənd məscidindən mal-qara tövləsi kimi istifadə edən işğalçılar rayonu tərk etməmişdən əvvəl onu yandırıblar.
Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Xarici diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərinə səfər çərçivəsində burada inşa olunacaq ilk yaşayış binasının təməlinin qoyulduğu əraziyə gəliblər.
Ağdam şəhərinin Baş planı ilə tanış olan qonaqlara həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyub, park-meşədə ağac əkib.
Baş planına əsasən Ağdam şəhərinin ərazisi 1750 hektar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada ağıllı və dayanıqlı sosial infrastruktur yaradılacaq. Şəhərdə 15 ədəd məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub. Məktəb və uşaq bağçalarının əhatə dairəsi 500 metr təşkil edir.
Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.
Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Diplomatik korpusun nümayəndələri stendlərdə Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olublar.
Sonda xatirə şəkli çəkdirilib.
Oxşar xəbərlər
Xarici diplomatlar Şahbulaq qalasında olublar - YENİLƏNİB - FOTO
Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfər çərçivəsində şəhərin gələcək inkişaf planı ilə tanış olublar. BA...