Ermənistan niyə sülh istəmir? - SƏBƏBLƏR

Ermənistan niyə sülh istəmir? - SƏBƏBLƏR
Siyasət 108

"Ermənistan bir tərəfdən beynəlxalq ictimaiyyətə sülhə hazır olduğunu bildirir, digər tərəfdən isə mövqelərimizi atəşə tutur, ümumiyyətlə təxribat xarakterli addımlarından əl çəkmir. Çünki Ermənistan dövlətçiliyinin xisləti bundan ibarətdir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, dünya ictimaiyyətini aldatmaq, özünü məzlum göstərmək, buna paralel olaraq təxribatçı addımlarını davam etdirmək erməni siyasətinin tərkib hissəsidir:

"Üstəlik, sülh istəyən tərəf öz konstitusiyasında başqa bir dövlətin ərazisinə iddia etməz. Ermənistan konstitusiyasında isə hələ də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Deməli, Ermənistan sülh istəyirsə, bunu əməldə göstərməli, konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr çıxarılmalıdır. Azərbaycan beynəlxalq hüquqa söykənərək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsini öz gücünə icra edərək suveren hüquqlarını bərpa edib. Guya 30 il ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə nail olmaq istəyən ATƏT-in Minsk qrupu isə bu istiqamətdə nəinki heç bir addım atmayıb, əksinə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında qalması üçün pərdəarxası siyasət həyata keçirib. Azərbaycanın irəli sürdüyü haqlı və məntiq tələblərdən biri də bu qurumun ləğvi ilə bağlıdır. Ermənistan bu istiqamətdə də hələ qəti addım atmayıb, üstəlik, bundan dərs çıxarmaq əvəzinə, mövqelərimizi də atəşə tutmaqda davam edir. Bu, Ermənistanın sülhə hazır olmadığı deməkdir. Əslində isə sülh ilk növbədə Ermənistana lazımdır".

"Azərbaycan Vətən müharibəsi ilə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib. Ölkəmiz Cənubi Qafqazın hərbi, siyasi və iqtisadi cəhətdən əsas söz və güc sahibidir. Bakının razılığı və iştirakı olmadan regionda heç bir qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Bu baxımdan, iqtisadiyyatı bərbad, xarici siyasəti yox vəziyyətində olan və gələcəyi sual doğuran Ermənistana sülh daha çox lazımdır. Çünki bu ölkənin çıxış yolu Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, həyata keçirdiyi regional layihələrdə iştirak etmək, kommunikasiyaları açmaqdan keçir. Lakin Ermənistanı idarə edən, onu siyasi təsir vasitəsi kimi alətə çevirən mərkəzlər bu ölkənin sərbəst şəkildə siyasət yürütməsinə imkan vermir. Çünki İrəvan həmin tərəflər qarşısında öhdəliklər götürüb. Bütün bunlar Ermənistanın sülhə imza atmamasına səbəb olan əsas amillərdir", - deyə deputat əlavə edib.

Son xəbərlər