Dublin sammitində Ukrayna gündəmi: Kiyevə maliyyə dəstəyi, Rusiyaya yeni sanksiyalar
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Siyasi Birliyinin Dublin sammitində əsas müzakirə mövzularından biri Ukraynada müharibənin dayandırılması və ölkənin gələcək təhlükəsizliyinin təmin edilməsi olub.
BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, Avropa liderlərinin çıxışları göstərib ki, Kiyevə siyasi, maliyyə və hərbi dəstəyin davam etdirilməsi Avropanın prioritetləri sırasındadır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, komissiya Ukraynanın 2027-ci ildə maliyyə ehtiyaclarının qarşılanması üçün təklif hazırlayır. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) liderlərinin növbəti toplantısınadək Ukraynanın maliyyələşdirilməsinə dair təklif və Rusiyaya qarşı 22-ci sanksiyalar paketi təqdim olunacaq.
Avropa İttifaqı liderlərinin toplantılarına sədrlik edən Antonio Koşta isə Avropanın təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb. O, ədalətli və davamlı sülhə nail olmaq üçün Ukraynanın öz tərəfdaşlarını və gələcəyini müstəqil seçmək hüququnun qorunmasının vacibliyini qeyd edib. Koştanın sözlərinə görə, atəşkəsə nail olmaq və Qara dənizdə konkret irəliləyiş əldə etmək Avropanın əsas prioritetlərindəndir.
Ukrayna Prezidenti Volodimir Zelenski hərbi və texnoloji dəstəklə bağlı narahatlığını dilə gətirib. O bildirib ki, Ukrayna işğal olunmuş ərazilərdə "Starshield" sistemlərinin sürətinə tətbiq edilən məhdudiyyətlərlə yenidən üzləşib və bu, Rusiya dronlarına qarşı mübarizəni çətinləşdirir. Zelenski Ukrayna ərazilərinin işğalının heç bir formada tanınmamalı olduğunu xüsusi vurğulayıb.
Ukrayna lideri tərəfdaşlarından üç istiqamətdə dəstək istəyib. O, hava hücumundan müdafiə sistemləri üçün raketlərin, "F-16" qırıcıları üçün sursatın və qış boyu energetika sektoruna zəruri yardımın təmin edilməsinə çağırıb.
Dublin sammitində səslənən fikirlər Ukraynada müharibənin dayandırılması məsələsinin Avropanın gələcək təhlükəsizlik arxitekturası, regional sabitlik və Rusiyaya qarşı vahid mövqeyin qorunması ilə bağlı olduğunu göstərib.
Oxşar xəbərlər
Şimali Makedoniya Prezidenti: Azərbaycan Avropada enerji böhranının həllində mühüm rol oynayır
Azərbaycan əhəmiyyətli qaz resurslarına malikdir və Avropada enerji böhranının həllində mühüm rol oynayır. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Dublinə...