Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şad xəbər

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şad xəbər
Siyasət 6474
 

Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və hazırda ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən kommunikasiyanın başlanması çox önəmli məsələdir.

BAKU.WS-in məlumatına görə, bunu Trend-ə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə edən vəkil Anar Bağırov deyib.

O qeyd edib ki, erməni tərəfi qətiyyən istəmirdi ki, bu iş Avropa Məhkəməsində kommunikasiyaya qəbul olunsun.

Vəkil bildirib ki, D.Əsgərov və Ş.Quliyevlə bağlı Avropa Məhkəməsinə etdiyimiz müraciətdə Ermənistanın soydaşlarımıza qarşı etdiyi bütün qeyri-insani davranışlar göstərilib: "Şikayət ərizəsində bütün halları, o cümlədən girovluqda saxlanılan soydaşlarımıza qarşı edilən işgəncələr, qeyri-insani rəftarla bağlı sübutları təqdim etmişik. Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı olan qeyri-insani rəftarla bağlı düşmən tərəfinin yaydığı fotoları, video görüntüləri də işə əlavə etmişik və məhkəmədən xahiş etmişik ki, bütün bunlara ədalətli qiymət verilsin. Biz bu işdə cavabdeh tərəf kimi Ermənistanı göstərmişik. Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovların Ermənistana qarşı şikayəti üzrə çıxardığı qərarında göstərilir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində effektiv nəzarəti həyata keçirən məhz Ermənistandır. Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işində də Ermənistanı cavabdeh qismində tanıyıb və bu ölkəyə bir sıra suallar ünvanlayıb. Artıq sualların mahiyyətindən də görünür ki, Avropa Məhkəməsi bu işdə göstərilən faktları real qəbul edib. Məhkəmə Ermənistana sual ünvanlayıb ki, "Siz Dilqəm Əsgərov və Şahbaz Quliyevi ittiham edirsiniz ki, qanunsuz sərhəd keçiblər. Hansı sərhəddən söhbət gedir?! Azərbaycan ərazisində başqa hansı sərhəd ola bilər?! Axı bu sərhəddi heç kim tanımır, bu sərhəd beynəlxalq qanunvericiliyə, normalara ziddir”. Bütün bunlar onu göstərir ki, Avropa Məhkəməsi məsələyə ciddi yanaşır".

A.Bağırov vurğulayıb ki, qondarma Dağlıq Qarabağ rejimi bu işlə bağlı bir neçə dəfə Avropa Məhkəməsinə müraciət edib: "Müraciətlərin birində göstərilib ki, bu işdə Ermənistan deyil, qondarma Dağlıq Qarabağ rejimi tərəf olmalıdır. Ancaq Avropa Məhkəməsi onların müraciətlərini rədd edib. Yəni, məhkəmə göstərdi ki, bu işdə cavabdeh tərəf kimi Ermənistanı qəbul edir. Qondarma Dağlıq Qarabağ rejiminin bu işdə məhkəmədə cavadeh tərəf kimi çıxış etməsi barədə söhbət gedə bilməz".

Vəkil qeyd edib ki, bu, həm hüquqi, həm də siyasi məsələdir: "Bu işin bizim üçün siyasi əhəmiyyəti ondan ibarətdir ki, Avropa Məhkəməsi işğalçı kimi Ermənistanı tanıyır, qondarma rejimi bir qurum kimi tanımır və beləliklə, Ermənistanın Azərbaycan ərazilərini işğal faktı bu məsələdə də öz əksini tapır. Bir daha təsdiq olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində baş verənlərə görə məsuliyyəti Ermənistanın cinayətkar rəhbərliyi daşıyır. Eyni zamanda, girovluqda olan soydaşlarımız barəsindəki qanunsuz hərəkətlərə görə bütün məsuliyyəti məhz cinayətkar Sarkisyan rejimi daşıyır".

Bu işlə bağlı kommunikasıyanın əhəmiyyətindən danışan A.Bağırov bildirib ki, kommunikasiya başlayıbsa, iş tez bir zamanda qərarla nəticələnməlidir: "Yəni, bu iş artıq məhkəmənin icraatındadır. Avropa Məhkəməsinin prosedurlarında ən çətin məsələ müraciətin icraata götürülməsidir. Çünki Avropa Məhkəməsinə edilən müraciətlərin tam əksəriyyəti heç icraata qəbul olunmur və ya bu müddət çox uzun çəkir. Avropa Məhkəməsində növbədə minlərlə müraciətlər var. Bu baxımdan kommunikasiyaya başlanması çox önəmli məsələdir. Hesab edirik ki, əgər müraciət kommunikasiyaya qəbul olunursa, həmin iş üzrə qərarın qəbul olunma ehtimalı çox yüksəkdir. Ümid edirik ki, müraciətə qısa müddətdə baxılacaq. Avropa Məhkəməsinin bu işlə bağlı ədalətli qərar qəbul edəcəyinə böyük ümidim var və hesab edirəm ki, məhkəmənin qəbul edəcəyi ədalətli qərarla soydaşlarımızın azadlığa çıxacağı və öz evlərinə qayıdacağı şansı yüksəkdir. Ancaq təbii ki, erməni tərəfi Avropa Məhkəməsinin qərarını icra etməkdən yayınmağa çalışa bilər. Əgər Ermənistan tərəfi məhkəmənin qərarını icra etməzsə, bunun da öz məsuliyyəti var. Avropa Məhkəməsinin qərarlarını icra etməməyə görə müəyyən mexanizmlər var ki, qərar icra edilməyəcəyi təqdirdə həmin mexanizm Ermənistana qarşı işə düşəcək”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS

Son xəbərlər