Azərbaycanda Energetiklər Günü qeyd olunur
Bu gün Azərbaycanda Energetiklər Günüdür. İyirmi ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 43 il əvvəl, 1981-ci il oktyabrın 20-də "Azərbaycan" istilik elektrik stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub.
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
Həmçinin bu il Energetiklər Günü ölkəmiz üçün əlamətdar bir tarixə təsadüf edir - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yaşıl eranın başlanmasına səbəb olub.
Bu gün Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edir
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.
Ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 meqavata çatıb
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 2019-cu il 29 may tarixli, "Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir.
Ötən il ölkəmizin bərpaolunan elektrik enerjisi gücü 373,6 meqavat artıb ki, burada da Xəzər və MDB regionunun ilk ən böyük və xarici sərmayə əsaslı Günəş elektrik stansiyasının - "Qaradağ" GES-in xüsusi payı var.
Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 8 415,6 meqavata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 324,8 meqavat və ya 4 faiz artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6 623 meqavat olan 22 istilik elektrik stansiyası, 1 406,6 meqavatlıq 58 su elektrik stansiyası, 278,1 meqavat gücündə 9 Günəş elektrik stansiyası, 63,7 meqavat gücündə 5 külək elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası və ümumi gücü 7,3 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1 792,6 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 21,3 faizini təşkil edir. Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı, elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib. Belə ki, hazırda ümumi gücü 29 491 MVA olan 110-500 kV-luq 254 yarımstansiya istismardadır.
Ötən il 29,3 milyard kilovat-saat istehsal, 3,2 milyard kilovat-saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2023-cü ildə 23,2 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Elektrik enerjisi itkiləri 2,9 faiz azaldılıb. Bu ilin 9 ayı ərzində 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 247,7 milyon kilovat-saat artımla 21,8 milyard kilovat-saat olub ki, burada 9 dəfədən çox günəş elektrik enerjisi istehsalı bərpaolunan mənbələrin payını 14,1 faizə yüksəldib. İxrac isə Gürcüstana 898,7 milyon kilovat-saat, Türkiyəyə 176,4 milyon kilovat-saat, Rusiyaya 137,4 milyon kilovat-saat və İrana 27,9 milyon kilovat-saat olmaqla ümumilikdə 1,2 milyard kilovat-saat təşkil edib. Elektrik enerjisinin idxalı bu dövrdə azalaraq 139,4 milyon kilovat-saat olub.
Növbəti illərdə elektrik enerjisinin istehsal-ixrac dinamikası əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, yaşıl enerji növlərinin yaradılmasını və dünya bazarlarına nəqlini prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və beynəlxalq investorlarla əməkdaşlıq kimi bütün zəruri şərtlər mövcuddur. 2027-ci ilədək təxminən 2,8 milyard dollar həcmində xarici və yerli investisiya hesabına 2 giqavat civarında sənaye miqyaslı 8 Günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması ilə bağlı planların icrası göstərir ki, Azərbaycan yaşıl enerji cığırı ilə sürətlə irəliləyir və bu, artıq geriyə dönməz prosesdir. Təsadüfi deyil ki, bu məqam Dünya İqtisadi Forumunun "Effektiv Enerji Keçidinin Təşviqi 2023" hesabatında da əks olunub. Hesabata görə, Azərbaycan tənzimləmə mühitini və infrastrukturu təkmilləşdirməklə keçidə hazırlıq istiqamətində 120 ölkə arasında 62 enerji keçidi indeksi ilə 32-ci yerə yüksəlib.
2027-ci ilədək elektrik enerjisinin qoyuluş gücündə yaşıl enerjinin payı 33 faizə çatacaq
Ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə "Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması barədə" Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi kimi əsas prioritetlər nəzərdə tutulur. Beləliklə, bərpaolunan enerji gündəliyimizin reallaşdırılması "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 çərçivəsində daha geniş vüsət aldı. Bu ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə təxminən 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavat ümumi gücə malik üç stansiyanın - Neftçalanın Bankə qəsəbəsində 315 meqavat, Biləsuvarda 445 meqavat gücündə günəş və Abşeron-Qaradağ rayonları ərazisində 240 meqavatlıq külək elektrik stansiyalarının təməli qoyulub. Həmçinin "ACWA Power" şirkəti ilə 200 meqavatlıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Asiya İnkişaf Bankının (AİB) dəstəyi ilə həyata keçirilən "Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım" layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kilovat olan və illik 160 min kilovat-saat elektrik enerjisi istehsalı imkanına malik ilk üzən Günəş elektrik stansiyası istifadəyə verilib.
Ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac prosesinə start verilib və 100 meqavat gücündə "Qobustan" GES layihəsi üzrə hərracın nəticəsinin COP29 zamanı elan edilməsi nəzərdə tutulur. COP çərçivəsində icrasına təkan verilən digər bir layihə 240 meqavat gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasıdır. Cəbrayılda tikiləcək bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalı elektrikləşdirməklə karbohidrogenlərlə yaşıl enerjinin vəhdətinin nümunəsi olacaq. Gələn il istismara veriləcək 240 meqavat gücündə "Xızı-Abşeron" KES-in inşası ilə bağlı da hazırda intensiv işlər görülür. Abşeron rayonunun Pirəkəşkül kəndində və Xızı rayonunun Sitalçay kəndində quraşdırılacaq 40 ədəd külək turbininin komponentləri artıq əraziyə gətirilib. 6,5 meqavatlıq ilk turbin COP29 tədbirinə qədər hazır olacaq. "Nobel Energy" şirkəti tərəfindən Cəbrayılda 100 meqavat gücündə iki Günəş elektrik stansiyası, "China Gezhouba Group Overseas Investment" şirkəti tərəfindən isə Füzulidə 160 meqavat gücündə iki Günəş elektrik stansiyasının tikintisi layihələri üzrə tədbirlər davam etdirilir. Beləliklə, növbəti 3 il ərzində istismara veriləcək bu stansiyalardan 5,3 milyard kilovat-saat elektrik enerjisinin istehsalı nəticəsində 1,2 milyard kubmetr qazın sərbəstləşməsi və 2,5 milyon tona qədər emissiyaların azalması gözlənilir. Ən əsası 2030-cu ilə 30 faizlik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Başqa sözlə, artıq 2027-ci ildə elektrik enerjisinin istehsal gücündə yaşıl enerjinin payını 33 faizə yüksəltməyə nail olacağıq.
İşğaldan azad edilən ərazilərimizdə işıqlı gələcək - enerji tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır.
Hidroenerji potensialı yüksək olan Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyaları bölgənin təmiz enerji təminatının əsas mənbəyidir. Bu regionların elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisisteminə ötürülür. İndiyə kimi 270 meqavat gücündə 32 su elektrik stansiyası istismara verilib. Bu, il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerjinin istehsalı, 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi, atmosferə atılan karbon qazının (CO2) həcminin isə 330 min tondan çox azalması deməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın 2024−2027-ci illərdə həyata keçirilməsi üzrə Tədbirlər Planı bu ərazilərdə daha 28 su elektrik stansiyasının tikintisini nəzərdə tutur. Onlardan ümumi gücü 37,5 meqavat olan 6 kiçik su elektrik stansiyasının tikintisi aparılır. Bundan başqa KSES-lərin bərpasına özəl investisiyanın cəlb edilməsi istiqamətində Kəlbəcər və Laçında Həkəri və Tərtər çayları üzərində yerləşən 5 kiçik su elektrik stansiyasının bərpa edilərək istismara verilməsi ilə bağlı Türkiyənin "Demirören Yatırım Holding A.Ş." şirkəti, "Arges Enerji Team" MMC şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında ötən ilin dekabrında imzalanmış müqaviləyə əsasən Laçında kiçik su elektrik stansiyalarından birinin təməli qoyulub, digər stansiyalarla bağlı müvafiq tədbirlər görülür.
Həmçinin bu ilin mayında açılışı olan "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, yaxın perspektivdə istifadəyə veriləcək 140 meqavat gücündə su elektrik stansiyaları Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişafının mühüm elementləridir. Ümumi gücü 500 meqavat olan 5 günəş, eləcə də külək elektrik stansiyalarının inşası ilə bağlı planlar üzrə investorlarla əməkdaşlığımız da bu strateji bölgəni yaşıl enerjinin istehsalı və ixracının mühüm mərkəzlərindən birinə çevirəcək.
Əlavə olaraq, azad olunmuş ərazilərdə ümumi gücü 636 kilovat olan Arximed qurğusu, 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 kilovatdan çox olan günəş enerjisi sistemləri, günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, ağıllı dayancaqlar, elektrik doldurma məntəqələri quraşdırılıb. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı yaşıl enerji zonası kimi qurulması 2050-ci ilə qədər karbon emissiyalarının 40 faiz azaldılması hədəfinə doğru aparan yolun əhəmiyyətli hissəsidir.
Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına ötən ilin yanvar-sentyabr aylarında Bakı şəhərində "Şimal" Kiçik Su Elektrik Stansiyası, Cəbrayıl rayonunda "Cəbrayıl" qovşaq elektrik yarımstansiyası, Xocavənd rayonunda "Hadrut" qovşaq yarımstansiyası, Kəlbəcər rayonunda "Qamışlı" və "Meydan" Kiçik Su Elektrik stansiyaları, "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları, "Soyuqbulaq" Kiçik Su Elektrik Stansiyası, Laçın rayonunda "Qorçu" yarımstansiyası, "Laçın" şəhər yarımstansiyası, Laçın rayonunda "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyaları, Zəngilan rayonunda "Cahangirbəyli" Su Elektrik Stansiyası istifadəyə verilib.
Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə "Çıraq-1" və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları "AzərEnerji" ASC tərəfindən tamamilə yenidən qurulub. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə "Ağbulaq", 8,25 meqavat gücündə "Mişni" və 6 meqavat gücündə "Alxaslı" Su Elektrik stansiyaları Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq tam yenidən qurulub. "Mişni" Kiçik Su Elektrik Stansiyasının yenidən qurulması layihəsi çərçivəsində baş suqəbuledici qurğu, 7,2 kilometr uzunluğunda derivasiya boru xətti və maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulmuş "Mişni" Kiçik Su Elektrik Stansiyasında il ərzində 23 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunacaq.
Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Azad edilmiş torpaqlarımızdakı evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır.
Qeyd edək ki, Energetiklər Günü ilə əlaqədar Prezident İlham Əliyev oktyabrın 18-də Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə 5 nəfər 3-cü dərəcəli "Əmək" ordeni, 20 nəfər isə "Tərəqqi" medalı ilə təltif olunub.
Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Maykl Tuçini və Bernard Kaminetskini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni...