Azərbaycan - Rusiya iqtisadi münasibətlərinə RƏQƏMLƏRLƏ baxış

Azərbaycan - Rusiya iqtisadi münasibətlərinə RƏQƏMLƏRLƏ baxış
Siyasət 563

Azərbaycan iqtisadiyyatının güclənməsində ən mühüm faktorlardan biri heç şübhəsiz ki, qonşu dövlətlərlə iqtisadi münasibətlərin inkişaf etdirilməsidir.

BAKU.WS xəbər verir ki, bu dövlətlər içində xüsusi yeri Rusiya tutur desək şişirtmiş olmarıq. Çünki həm Rusiyanın Azərbaycana yatırdığı investisiyanın həcmi, həm də ticarət dövriyyəsinin hər il daha da artması bunu deməyə əsas verir.

Bu məqamda rəqəmlərə nəzər salaq:

İnvestisiya istiqaməti

Yatırılan investisiyanın həcmi

Rusiya Azərbaycan iqtisadiyyatına

5 milyard dollar

Azərbaycan Rusiya iqtisadiyyatına

1,2 milyard dollar

Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada münbit şərait yaradılıb.

Eləcə də ölkəmizdə fəaliyyət göstərmələri üçün Rusiya şirkətlərinə də rahat şərait uyaradılıb. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 760-a yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir.

M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.

Tarix

Ticarət dövriyyəsi

Artım tempi

2019-cu il iyul-sentyabr ayları

2,2 milyard dollar

25 faiz

Diqqətə çatdıraq ki, 2018-ci ildə Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz artmışdı. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığımızın mühüm göstəricisi olmaqla yanaşı, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul edilən mühüm qərarların da məntiqi nəticəsidir.

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da bu məsələyə xüsusi toxunub. O, Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşdə bildirib ki, hökumətlərarası komissiyanın təhlilinə görə, ticarət potensialından tam şəkildə istifadə edilməyib. Onun sözlərinə görə, daha 2-3 dəfə artım mümkündür.

Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşdə turizm əlaqələrindən söhbət açıb. O qeyd edib ki, turizm sahəsində yaxşı göstəricilər var:

“Rusiyadan bizim ölkəmizə səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir”.

Mikayıl Cabbarov isə Moskvada Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovla görüşündə sənaye sahəsində əməkdaşlığa diqqət çəkib. O qeyd edib ki, bu sahədə mühüm istiqamətlərdən biri avtomobil və maşınqayırma sahəsidir. Görüşdə nazirlər aviasiya sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, əczaçılıq sənayesi və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bundan başqa, neft maşınqayırması sahəsində birgə layihələrin ciddi potensialı var. Bu sahə həm Azərbaycan biznesi, həm də Rusiya neft şirkətləri üçün çox vacib ola bilər.

Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib ki, Rusiyanın 70 regionu Azərbaycanla əməkdaşlıq edir. O deyib ki, bu, Azərbaycan iqtisadiyyatının Rusiyada mövqeyinin möhkəmləndirilməsi üçün böyük perspektivlərə malik olmasından xəbər verir.

Yeri gəlmişkən, bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır.

Sonda qeyd edək ki, Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bəzən bu münasibətlərdə (əsasən üst qatlarda) müəyyən qalxmalar, enmələr, təbəddüllatlar olsa da, amma alt qatlarda - xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər, enmələr-qalxmalar yaşanmayıb.

Son xəbərlər