Azərbaycanda bu şəxslərə "Əmək veteranı" adı və vəsiqəsi verilir

Azərbaycanda vətəndaşlara "Əmək veteranı" adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiqlənmiş əsasnaməyə uyğun olaraq təqdim olunur.
BAKU.WS-in məlumatına görə, bu ad yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olmuş şəxslərə verilir.
Kişilər üçün 40 ildən artıq, qadınlar üçün isə 30 ildən artıq əmək stajı olanlar da "Əmək veteranı" adını almaq hüququna malikdirlər.
Həmçinin, SSRİ və müttəfiq respublikaların fəxri adlarını qazanmış, Ali Sovetlərin fəxri fərmanları ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" və digər orden-medallara layiq görülmüş şəxslər də bu ada sahib ola bilərlər. Böyük Vətən müharibəsi dövründə arxa cəbhədə fədakar əməyinə görə təltif edilənlər, eləcə də Azərbaycan Respublikasının fəxri adlarını almış və əmək sahəsində dövlət mükafatlarına layiq görülən şəxslər də siyahıya daxildir.
Müraciət prosesi ərizə və təsdiqedici sənədlərin təqdim olunması ilə başlayır. Şəxslər işlədikləri müəssisəyə, işləmədikdə isə sonuncu iş yerlərinə müraciət etməlidirlər. Sənədlər aidiyyəti üzrə komissiyalarda araşdırılır və verilən rəyə əsasən qərar qəbul olunur.
Əgər müraciətçinin iş yeri ləğv olunubsa və ya qeyri-dövlət müəssisəsi olubsa, "Əmək veteranı" adı və vəsiqə birbaşa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Qeyd edək ki, tələb olunan sənədlərin bir qismi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunduğu halda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Əks halda, sənədlər ya sorğu əsasında müvafiq dövlət qurumundan alınır, ya da müraciətçinin özü tərəfindən təqdim edilir.
Oxşar xəbərlər
Oktyabrdan bazarlarda bəzi satıcılara fəaliyyət qadağası tətbiq olunacaq
Oktyabrın 1-dən bazarlarda bəzi şəxslərin fəaliyyətinə qadağa qoyulacaq. BAKU.WS "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, icarəçilər yalnız obyektlərini vergi o...
