ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - VİDEO

ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - VİDEO
Foto Video
Siyasət 5137

ABŞ-da erməni yalanlarına qarşı növbəti etiraz aksiyası təşkil olunub.

BAKU.WS xəbər verir ki, Los Ancelesdə yaşayan erməni daşnakları 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Ancaq onların gözləmədikləri halda Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri böyük sayda erməninin qarşısına çıxaraq onların bu təxribatına mane olublar.

Azərbaycanlı icma üzvlərimiz Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən, işğal nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz doğma yurdlarından didərgin düşdüyünü əks etdirən ingilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdirərək erməniləri susdurublar.

Baş Konsulluğun baş konsul da daxil olmaqla bütün əməkdaşları nümayiş günü Baş Konsulluğun ofisində olaraq daim icma üzvlərimizlə əlaqədə olublar.

Çoxlu sayda erməninin qarşısına çıxan azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal erməni daşnakları həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.

Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırılması məqsədilə dərhal avtobus şirkətlərilə əlaqə saxlayaraq avtobus təşkil edilməsi prosesinə başlayıb. Ancaq 15 dəqiqə sonra Los Anceles polisi icma üzvlərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirərək onları polisin müşayiəti ilə həmin yerdən uzaqlaşdırmağa başlayıb. Lakin, təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək onlara müxtəlif bədən xəsarətləri yetiriblər.

Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da başından xəsarət alıb. Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərimiz ilə görüşüb, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Hadisədən dərhal sonra baş konsul Los Anceles Polis idarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Qeyd olunub ki, öncədən Los Ancels Polisi icmamızın keçirdiyi bu əks-nümayişdən xəbərdar olub və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verib. Ancaq nümayiş günü Los Anceles Polisi tərəfindən adekvat tədbirlər görülmədiyindən bu hadisə baş verib. M.Moore baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.

Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır. Baş Konsulluq erməni cinayətkarlarının bu vəhşiliyini Los Anceles meri və digər rəhbər şəxsləri qarşısında qaldıraraq cinayətkarların dərhal müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edib.

Son xəbərlər