SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginlik, atəşkəs rejiminin mütəmadi pozulması halları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini dalana dirənmiş vəziyyətə gətirib.

Yaranan gərgin situasiya müharibənin hər an alovlanması məsələsini önə çıxararaq, münaqişənin tənzimlənməsi prosesində tərəflər arasında razılığın əldə olunmasını arxa plana atıb.

Fikri əminliklə vurğulamağımın səbəblərindən biri də qarşı tərəfdən - Ermənistandan gələn xəbər oldu. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə bəyan edib ki, hərbi əməliyyatlar aparılacağı təqdirdə, Ermənistan Dağlıq Qarabağın "təhlükəsizliyinin təminatı" kimi bütün zəruri addımları atacaq, o cümlədən, onun "müstəqilliy"ini tanıyacaq.

Onun sözlərinə görə, bu, ilk növbədə, tərəflər arasında hərbi qarşıdurmaya səbəb olacaq: "Bununla belə, Ermənistan müharibə istəmir, çünki təhlükəsizliyindən ehtiyat edir".

Ermənistanın Dağlıq Qarabağın "müstəqilliy"ini tanıması Minsk prosesini dayandıracaq. Bunu isə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

M.Brayza qeyd edib ki, Ermənistanın Dağlıq Qarabağı tanımaq istəyi real olsaydı, bunu çoxdan etmişdi: "Müharibə nə Ermənistana, nə də Azərbaycana lazımdır. İndiki vəziyyət yalnız Rusiyaya sərf edir".

Sabiq səfir bildirib ki, E.Nalbandyanın bəyanatında təəccüblü bir şey yoxdur: "Güc tətbiq ediləcəyinə dair təhdid, snayperlərlə bağlı insidentlər diplomatik danışıqların daha bir formasıdır. Nalbandyan da bəyanatında bu alətdən istifadə edib. Nalbandyan eyham vurur ki, guya Azərbaycan Minsk Qrupu çərçivəsndə danışıqlarından kənar addımlar atıb və Ermənistan belə bəyanatla cavab vermək qərarına gəlib. Həqiqətdə isə Yerevan Dağlıq Qarabağın "müstəqilliy"ini tanımaq istəmir".

Separatçı rejim - "Dağlıq Qarabağ" respublikasının "müstəqilliyinin" tanınması Azərbaycanın təhlükəli hərbi cavabına səbəb ola bilər.

Bu fikri isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik qeyd edib ki, həm Ermənistan, həm Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi barədə öhdəliklər götürüb. Biz danışıqlar yolu ilə tərəflər arasında işi davam etdirməyə hazırıq".

Bu fikirləri münaqişənin sülh yolu ilə tənzimlənməsində vasitəçi olan, əslində isə konkret iş görməyən və hər vəchlə bütün razılığın əldə olunmamasında bütün günahları tərəflər üzərinə yıxmağa çalışan sabiuq və hazırki diplomatlara məxsusdur.

Cəbhədə isə silahlar susmur. Atəşkəs rejiminin pozulması ilə bağlı açıqlanan son rəsmi statistikalara nəzər salsaq, cəbhənin təmas xəttində vəziyyətin hər an nəzarətdən çıxacağını görmək o qədər də çətin deyil. Deməli, həyəcan təbili çalmağın da zamanı gəlib. Daha doğrusu, çoxdan keçib. Görünən o ki, müharibəni qızışdıran ermənilər sülh yolu ilə həllə nail olunmasında heç maraqlı deyillər.

Bu gün bir tərəfdə Qarabağda müharibənin olmasını istəməyən Azərbaycan, qarşı tərəfdə isə dünyadakı havadarlarının köməyi ilə hər vəchlə müharibəni acı bağırsaq kimi uzatmağa çalışan Ermənistan dayanır. Onların arasında isə uğursuz diplomatiyası ilə guya fəaliyyət göstərən fəaliyyətsiz diplomatlar dayanıb. Bu üçbucağın bucaqlarının ikisi Azərbaycanın faktiki olaraq, qarşısında dayandığnı deyə bilərik.

Tərəfini bəlli etmiş vasitəçilər 2-1 hesabını bildikləri üçün bu gün Azərbaycanı güzəştə çağırırlar. Amma son dönəmlərdə cəbhə xəttində gedən ağır döyüşlərdəki ermənilərin məğlubiyyətləri müharibənin yenidən alovlanacağı təqdirdə onların uduzacağını indidən bəlli edir.

Dailykarabakh 
BAKU.WS