SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Cənab Prezident.

Sizə və Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi göndərirəm.

İndiki dövr həll olunmamış münaqişələr və hamımıza təsir edən iqlim dəyişikliyinin nəticələrinin təhdidi baxımından bizi sınayır. Bizdən indi həmişəkindən daha çox tələb olunur ki, qarşılıqlı etimad və anlayış əsasında sülh içində gələcək üçün zəmin və planetimizdə harmoniya və firavanlıq dolu bir həyat üçün mühit yaradaq.

Sizin ölkənizlə qonşunuz Ermənistan arasında münaqişənin həlli üçün birgə səylər göstərmək istəyi bizim ölkələrimizin hökumət və xalqlarını birləşdirir. Əmin olun ki, bu münaqişənin regionun gələcəyinə artıq kölgə salmaması üçün Almaniya əlindən gələni əsirgəməyəcəkdir.

Builki COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan öz üzərinə xüsusi məsuliyyət götürmüşdür. Mən buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim.

Sizə və həmvətənlərinizə qarşımızdakı dövrdə sülh, əmin-amanlıq və hər şeydən əvvəl cansağlığı arzulayıram".

***20:07

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram".

***18:59

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Tacik xalqının adından və şəxsən öz adımdan böyük məmnuniyyətlə Sizə və bütün dost Azərbaycan xalqına ölkənin milli bayramı münasibətilə səmimi təbriklərimizi çatdırıram.

Azərbaycan Respublikasının ölkənin sosial-iqtisadi və mənəvi həyatında böyük nəticələr əldə edərək öz inkişafında durmadan irəlilədiyini qeyd etmək sevindiricidir. Həmçinin Azərbaycanın beynəlxalq arenada nüfuzu artır.

Ölkələrimizin qarşılıqlı münasibətlərinin əsaslarının hərtərəfli möhkəmlənməsi Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur.

Birgə səylər sayəsində dövlətlərarası tərəfdaşlıq və dialoq bütün səviyyələrdə uğurla inkişaf edir ki, bu da dostluq münasibətlərimizin məhsuldar şəkildə genişlənməsinə kömək edir. Bunun əyani nümunəsi əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir.

Mənim bu yaxınlarda Azərbaycana dövlət səfərim zamanı keçirdiyimiz görüşləri səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunmuş razılaşmaların praktik reallaşması uzunmüddətli perspektivə hesablanmış Tacikistan-Azərbaycan məhsuldar əməkdaşlığına yeni təkan verəcəkdir.

İnanıram ki, biz gələcəkdə də strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün zəruri birgə səyləri davam etdirəcəyik, ikitərəfli münasibətlərimizdə mövcud olan böyük potensialdan tam istifadə edəcəyik.

Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə hər zaman aydın səma, əmin-amanlıq və dinamik tərəqqi arzulayıram".

***18:40

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Sizi Serbiya Respublikası xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah arzu edirəm.

Serbiya Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı etimada, təqdir və hörmətə, eyni zamanda, beynəlxalq hüququn fundamental prinsiplərinə ardıcıl riayət olunmasına sadiqliyə əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir.

İcazə verin, BMT Baş Assambleyasında yaxın zamanda keçirilmiş səsvermədə Azərbaycan Respublikasının göstərdiyi anlayış və mövqeyə, bununla da Serbiya Respublikasına, regionda sülh və sabitliyə dəstək verdiyinə görə minnətdarlığımı bildirim.

İstər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə Serbiya Respublikası üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə ölkənizin göstərdiyi kömək və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası həyati mənafelərin müdafiəsində dəfələrlə səmimi tərəfdaşımız olduğunu nümayiş etdirib və biz Serbiya Respublikasında bunu unutmayacağıq.

Ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində iştirakınızı yüksək qiymətləndirirəm.

Əminəm ki, Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq qarşıdakı dövrdə də qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə möhkəmlənməyə və zənginləşməyə davam edəcək və Sizinlə birlikdə bu işə öz şəxsi töhfəmi verməyə hazır olduğumu bildirirəm.

Bizim üçün ən mühüm milli və dövlət əhəmiyyəti daşıyan Kosovo və Metohiya məsələsi ilə bağlı göstərdiyiniz diqqət və dəstəyə görə də təşəkkür edirəm.

Serbiya Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Azərbaycan Respublikasının göstərdiyi prinsipial və qəti dəstək ölkənizin beynəlxalq hüququn əsas prinsiplərinin qorunmasına sadiqliyinin göstəricisidir.

Əmin olun ki, Serbiya Respublikası da Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

***17:52

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir. Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə yeni uğurlar diləyirəm".

***

Rumıniyanın Prezidenti Klaus Verner İohannisdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırır, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Ölkələrimiz arasında sıx əlaqələr möhkəm prinsiplərə və ümumi strateji maraqlara əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli və ya regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr münasibətlərimizin mükəmməl səviyyəsini əyani şəkildə nümayiş etdirir.

Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda yaxın və etibarlı strateji tərəfdaşdır. Sizi əmin edirəm ki, Rumıniya strateji tərəfdaşlığımızı gücləndirmək üçün ciddi səylər göstərir. Mən tam inanıram ki, bizim birgə səylərimizlə ikitərəfli əməkdaşlıq enerji, nəqliyyat, təhsil, ticarət və investisiya kimi böyük əhəmiyyət kəsb edən sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

Eyni zamanda, Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında dialoqu dəstəkləmək üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcəkdir.

Cənab Prezident, xahiş edirəm mənim xüsusi ehtiramımı qəbul edəsiniz".

***17:04

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkəniz və xalqınız üçün əlamətdar gün olan Müstəqillik Günü münasibətilə İsrail Dövləti və xalqı adından Sizə və Azərbaycan vətəndaşlarına səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Xalqlarımız arasında uzun illərdir davam edən dostluq ildən-ilə dərinləşmiş və mühüm əhəmiyyət kəsb edən strateji tərəfdaşlığa çevrilmişdir. Ölkələrimiz arasındakı əlaqələr Azərbaycan xalqı ilə yəhudi xalqı arasında əsrlər boyu davam edən möhkəm təməl üzərində qurulan dostluq münasibətlərinə əsaslanır. Bizim tarixi əlaqələrimiz bu gün qarşılıqlı hörmət, etimad və səmimi münasibətlərə əsaslanan tərəfdaşlığa çevrilib və bu, genişlənməkdə, möhkəmlənməkdə davam edir.

İqtisadi, siyasi, təhlükəsizlik sahələrində ikitərəfli dialoqumuz və əməkdaşlığımız yeni zirvələrə yüksəlib və əminəm ki, bu əlaqələrimiz gələcəkdə də inkişaf edəcəkdir. İsraildə xeyli sayda Azərbaycan yəhudiləri yaşayır və bizim cəmiyyətimizin bu şərəfli üzvləri xalqlarımızı birləşdirən canlı körpü rolunu oynayır.

Keçən il bir sıra səmərəli müzakirələr aparmaq üçün gözəl ölkənizə səfər etmək Mixal və mənim üçün xüsusi şərəf oldu. Mən Sizin və birinci xanımın bizim nümayəndə heyətimizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm.

Biz xalqlarımız arasında möhkəm dostluq münasibətlərini yüksək qiymətləndiririk. Mən vəzifədə olduğum müddətdə əlaqələrimizi daha da genişləndirməyə sadiqliyimi bildirirəm. İmkanlar genişdir və ikitərəfli əlaqələrimizi möhkəmləndirməyə davam etmək üçün xalqlarımızın xoş niyyəti var.

Fürsətdən istifadə edərək, COP29-da iştirak etmək üçün dəvətə görə Sizə minnətdarlığımı bildirirəm. İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə iştirakı səbirsizliklə gözləyirəm.

Bir daha Sizə, birinci xanıma və bütün Azərbaycan xalqına sülh və rifah arzulamaqdan şərəf duyuram.

Hörmətlə və ən xoş arzularla"

***16:27

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm.

Fürsətdən istifadə edərək, ölkələrimizi və xalqlarımızı birləşdirən həmrəylik əlaqələrini təqdir edir, bundan fəxarət hissi duyduğumuzu bildirirəm. Xalqımızın azadlıq və müstəqillik hüquqlarına dəstək verən mövqeyinizi yüksək qiymətləndirirəm.

Xahiş edirəm, ən xoş arzularımı qəbul edəsiniz".

***14:58

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümü münasibətilə Kraliça Raca Zarit Sofia ilə birlikdə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Əminik ki, Malayziya ilə Azərbaycan arasında mövcud olan möhkəm dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daha da inkişaf edəcəkdir.

Uca Allahdan Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasına və onun xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

***14:12

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperoni Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi, ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə ən yüksək ehtiramımızı bildirir, uğurlar diləyir, Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzu edirik".

***

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

BAKU.WS xəbər verir ki, mətndə deyilir:

"Zati-aliləri.

Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi və xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin Sizə və Azərbaycan xalqına dərin ehtiramımı ifadə edim, sülh, rifah və uğurlar arzulayım.

Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq dərin, uzun əsrlik dostluq ənənəsinə əsaslanır ki, bu da ölkələrimizin səmərəli əməkdaşlığının inkişafı üçün mühüm amildir.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanla ikitərəfli və mehriban qonşuluq münasibətlərinin dərinləşməsi bizim hökumətimizin ən əsas prioritetidir. Gürcüstan ilə Azərbaycan arasında qarşılıqlı etimad və dəstək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq ölkələrimizin əlaqələrinin dinamikasının güclənməsinə müsbət təsir göstərmişdir. Əminəm ki, əməkdaşlığımız daha da möhkəmlənəcək və regionda rifahın, sabitliyin təmin olunmasına öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin ehtiramımı ifadə edir, qardaş Azərbaycan xalqına firavanlıq, əmin-amanlıq və nailiyyətlər diləyirəm".

***11:55

Hindistan Prezidenti Draupadi Murmudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

BAKU.WS xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının hökumətinə və dost xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan ortaq tarixi və mədəni əlaqələrə malikdir. Bizim həmrəyliyimiz bütün sahələrdə çoxtərəfli qarşılıqlı əməkdaşlığımıza yol açmışdır. Əminəm ki, həssas məqamlara və ortaq maraqlara qarşılıqlı hörmət nümayiş etdirərək bizim münasibətlərimiz əməkdaşlığın yeni sahələrini əhatə etməklə genişlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının dost xalqına isə davamlı sülh, tərəqqi və inkişaf arzu edirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

BAKU.WS