SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi nüfuzlu beyin mərkəzləri tərəfindən də dəstəklənir.

ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” konfransında aparılan müzakirələr, nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin dövlət başçımıza ünvanladığı suallar bunu bir daha təsdiqlədi.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu nüfuzlu tədbirə ev sahibliyi etməyin strateji kommunikasiya planı xüsusi maraqla qarşılandı. Belə ki, düşünülmüş siyasət, düzgün taktika və siyasət, diplomatiyanın bir sıra digər aspektləri burada vacib rol oynayır.

"Əsas məqsəd iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasına nail olmaqdır. Dövlət başçımızın da söylədiyi kimi, bu, bizim üçün fürsətidir.

Çünki bizim dünyaya deyəcək sözümüz çoxdur. Təbii ki, ev sahibliyi etməyin əsas üstünlüklərindən biri onminlərlə qonağın ölkəmizə gəlməsi olacaq. Azərbaycan COP29-u həm də sülh prosesinin nəticəsi hesab edir.

Ev sahibi kimi COP-un gündəliyinə bəzi əlavələr edə bilərik. Prezident İlham Əliyev bəyan etdi ki, belə məsələlərdən biri sülh olacaq. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq.

Rəsmi Bakı bu kontekstdə etimadın yaranmasını xüsusi qiymətləndirir. “Bu hal isə bizim heç də hər dəfə hər müstəvidə bir-birimizə qarşı addım atmalı olmadığımızı nümayiş etdirir.

İlk dəfə idi ki, biz beynəlxalq arenada bir-birimizə qarşı addım atmaq məcburiyyətində qalmadıq. Yəni, biz qarşılıqlı dəstək verməsək də, bitərəf qaldıq və bunun özü də bir nailiyyət idi”, deyə ölkə başçımız bildirdi", - deputat qeyd edib.

O əlavə edib ki, bu mənada, COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir: "COP 29 Cənubi Qafqazın 3 ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol aça bilər.

Azərbaycan qlobal miqyasda hadisələrin sürətlə inkişaf etdiyi bölgə olan Cənubi Qafqazda hadisələrin düzgün məcraya yönəldilməsi üçün proaktiv olmağın tərəfdarıdır.

Beynəlxalq konfransda dövlət başçımız COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlməyin tam real göründüyünü bəyan etdi.

Bu yanaşma rəsmi Bakının sülhə tam hazır olduğunu bir daha təsdiqləyir. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələr üçün fürsət yaradacaq və gələcək əməkdaşlığa yol açacaq.

Təbii ki, bu, həm də regionda, Qafqazda, Xəzər hövzəsində, Mərkəzi Asiya regionunda diqqət mərkəzində olmaq üçün bir fürsətdir.

Azərbaycanın əsas üstünlüklərindən biri COP29 bizə həvalə edilməmişdən əvvəl ekoloji problemlərlə ciddi məşğul olması, iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmaq istiqamətində çalışmasıdır. Belə ki, əvvəlki illərlə müqayisədə Bakıda yaşıl ərazilərin coğrafiyası genişlənib.

Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda su resursları üzərində fəal iş aparılır. Konfransın Laçında işini davam etdirməsi buradakı reallıqları beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir".

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan COP29-un ev sahibi kimi iqlim problemlərinə mənfi təsirlərin açıq şəkildə müzakirəsinin tərəfdarıdır:

"Həmçinin, ölkəmiz neft və qazla zəngin olan ölkələr üçün məsuliyyət platforması yaratmağa çalışır.

Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan COP29 üçün bir yenilik olan üçlük mexanizmini yaradıb.

Belə ki, COP28-i keçirmiş Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və COP30-u keçirəcək Braziliya ilə birlikdə bu formata malik olmaq Azərbaycanın təşəbbüsü idi. Bu mexanizm bizə planlaşdırmaya kömək edəcək.

Yəni Azərbaycan COP29-a sədrliyə, ilk növbədə, beynəlxalq arenada ən təxirəsalınmaz məsələnin praktiki həllinə töhfə vermək imkanı kimi baxır.

Beynəlxalq forumda əsas diqqət yetirilən məsələlərdən biri də Azərbaycanın qlobal enerji səhnəsində ən böyük tərəflərdən biri olması və yeni rol aldığı ekoloji səhnədə əsas oyunçulardan birinə çevrilməsi oldu.

Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri də bu qənaətdədir ki, Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq".

BAKU.WS