SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Rusiyadan uzaqlaşaraq düşmənlərinə doğru inamlı yol tutub.

“Report” xəbər verir ki, bu, “NEWS.ru”nun məqaləsində yer alıb.

Qeyd edilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) üzrə müttəfiqlər Kazanda sammit təşkil edərkən, Ermənistanın baş naziri Nikol Paşinyan Parisə işgüzar səfərə gedib və orada Moskvaya qarşı bir sıra sərt bəyanatlar verib. Bununla eyni vaxtda İrəvan rəsmiləri Rusiya sərhədçilərinin paytaxtın “Zvartnots” hava limanından çıxarılması barədə danışmağa başlayıblar. Politoloqlar əmindirlər ki, proses Ukrayna ssenarisinin təkrarlanmasına və Cənubi Qafqazda genişmiqyaslı müharibəyə apara bilər.

Dəfələrlə Rusiya əleyhinə bəyanatlar verən Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanında fəaliyyətini dayandırmalıdır. Onun sözlərinə görə, özü Rusiya tərəfi ilə bu məsələnin müzakirəsində iştirak etməyib. "Lakin hesab edirəm ki, onlar (Rusiya sərhədçiləri - red) ordan getsələr, yaxşı olardı", - parlamentin spikeri jurnalistlərə deyib.

Ermənistanın “Faktor” nəşri Rusiya sərhədçilərinin “yaxın vaxtlarda” “Zvartnots” hava limanından çıxarılacağını yazıb. Nəşrin mənbəsi bu qərarın səbəblərini açıqlamasa da, bunun “siyasi” olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın bəyanatına belə cavab verib: “Biz bunu rəsmi İrəvanın nümayəndəsinin qeyri-dost davranışının növbəti nümunəsi kimi qiymətləndiririk”.

Paşinyanın bu məsələnin müzakirə olunmadığını bildirməsinə baxmayaraq, ekspertlər onun sözlərini şübhə altına alırlar.

BAKU.WS