SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk”.

Bu fikirlər GUAM-ın Baş katibi Altay Əfəndiyevin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrikində yer alıb.

Təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Bu gün doğum gününüz milli maraqlara, beynəlxalq hüquqa, strateji baxışa, müdrikliyə, fədakarlığa və səbirə əsaslanan rəhbərliyinizlə həyata keçirilən siyasətlə formalaşmış tamamilə yeni milli və beynəlxalq kontekstlərə şahidlik edir.

Bu il Azərbaycan Respublikası işğal olunmuş torpaqlarını tam azad edib və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisi üzərində suverenliyini bərpa edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunan nailiyyətlər 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı.

Bu gün ölkədə işğaldan azad edilmiş torpaqların intensiv şəkildə genişmiqyaslı yenidən qurulması və bərpası, insanların öz doğma yurdlarına qayıtması, bu geniş ərazilərin milli və regional iqtisadiyyata yenidən inteqrasiyası istiqamətində proses sürətlə gedir.

Beləliklə, 2023-cü il respublika tarixində müstəqil Azərbaycanın 30 illik bir dövrünün başa çatması, ölkənin ərazilərinin işğaldan tam azad edilməsi və suverenliyinin bərpası ilə müşayiət olunan Zəfərlə yekunlaşan bir il kimi qalacaq. Bu kontekstdə rəmzi xarakter daşıyan bir cəhət də odur ki, bu il Azərbaycan həm də ölkənin mövcudluğunun sual altında olduğu kritik bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının 30-cu ildönümünü qeyd etdi. Yeni Azərbaycanın tarixində bu möhtəşəm 30 il həm də Azərbaycanın qazandığı qələbələrin və ümumi uğurların ilkin şərti və təminatçısı olan milli birliyin, davamlılığın, Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi siyasi xəttin əhəmiyyətini göstərir. Bu il Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunması yuxarıda deyilənlərin hamısına xüsusi məna verir.

Ölkə öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz də Sizin regionda ədalətli və davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Biz Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk. Fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk.

Azərbaycanı hərtərəfli islahatları, iqtisadi və sosial həyatın bütün sahələrinin modernləşdirilməsini və demokratikləşməsini, eləcə də xalqın rifahının daim inkişaf edən qlobal mühitin çağırışlarına uyğun daha da yaxşılaşdırılmasını, ölkənin aparıcı beynəlxalq mövqeyinin və rolunun gücləndirilməsini özündə əks etdirən yeni inkişaf mərhələsinə çıxarmaq missiyanızda Sizə daha böyük uğurlar arzulayırıq.

Zati-aliləri, bu əlamətdar gün və müstəqil Azərbaycanın inkişafındakı tarixi nailiyyətləriniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqın və ölkənin rifahı naminə yeni böyük qələbələr arzulayırıq”.

***12:54

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

O, bu barədə “X” sosial şəbəkə platformasında paylaşım edib.

“Doğum gününüz mübarək, cənab Prezident! Uca Allahdan sizə cansağlığı və uzun ömür arzulayıram!”, - deyə Cahit Bağçı qeyd edib.

***12:54

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

***10:55

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Dövlət başçıları Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, yüksək səviyyədə keçirilən mütəmadi görüşlərin və təmasların əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini qeyd ediblər.

Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Özbəkistan Prezidentinin göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib.

Öz növbəsində Özbəkistan Prezidenti bu münasibətlə dövlətimizin başçısını bir daha təbrik edərək, bunu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin və ölkəmizə göstərilən hörmətin təzahürü kimi dəyərləndirib.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, gələn il yeni təmaslar barədə danışılıb.

BAKU.WS