Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ və Kanadadan təklif almışam"
Tanınmış bəstəkar və aranjımançı Tərlan Məmmədhüseynov Operativ Media-ya müsahibə verib.
BAKU.WS sözügedən müsahibəni təqdim edir:
"Səs", "Ümid rəqsi", "Yellənçək" kimi sevilən kompozisiyaların müəllifi, bəstəkar, aranjımançı Tərlan Məmmədhüseynov ilə müsahibəni təqdim edir.
- Neçə müddətdir musiqi ilə məşğulsunuz? Fəaliyyətiniz necə başlayıb?
- İlk musiqi fəaliyyətimə uşaqlıqdan başlamışam. Anamın, atamın dediyinə görə, hətta 5 yaşımdan. Əvvəl deyirdim ki, day 5 yaşından olmaz da, mən Bethoven deyiləm. Amma doğrudan da bəzi kadrlara baxdıqda görürəm ki, bu həqiqətən də belə olub. Mənim anam, atam da musiqiçidir. Bir də ayıldım ki, musiqinin içindəyəm. Həm də 9-10 yaşımdan musiqi məktəbinə getmişəm. 5 il musiqi məktəbində oxumuşam.
- Bildiyim qədəri ilə ixtisasınız musiqi müəllimliyidir. Heç müəllim olaraq fəaliyyət göstərmisinizmi?
- Heç vaxt müəllimlik fəaliyyəti ilə məşğul olmamışam. Mənim 15 yaşım olanda bir tələbəm var idi. O vaxt yaxın bir ailə var idi onların uşağına pianino öyrədim deyə məndən xahiş etmişdilər. Amma başa düşdüm ki, müəllimlik heç mənlik deyil. Baxmayaraq ki, bizim ailə demək olar ki, müəllimlərdən ibarətdir. Mənim qardaşlarım da, anam da, atam da - hamısı müəllimdir. Səbrim yoxdur deyə müəllimlik mənə yad gəlir. Amma sevirəm o peşəni.
- Bəs gələcəkdə müəllim kimi fəalliyyət göstərməyi düşünürsünüzmü?
- Baxmayaraq ki, diplomumda müəlliməm, amma hələki bu haqda düşünmürəm. Bəlkə gələcəkdə ola bilər.
- Nə vaxt anladınız ki, sizdə bəstəkarlıq istedadı var?
- Bu bir az çətin sualdır (gülür). Mən uşaqlıqdan Tofiq Quliyevin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri ilə böyümüşəm. Mən onlara bəstəkar deyirəm, amma özümə deyə bilmirəm. Mən mahnı yazıram. Düzdür, bunun adı bəstəkarlıqdır. İlk dəfə professional musiqini 18-19 yaşlarımda yazmışam. O vaxt ətrafımdakılar mənə dedilər ki, sən yaza bilirsən, davam et. 1998-ci ildən ailəmə kompüter aldırmışdım ki, aranjıman edəcəyəm. Düzdür, heç nə edə bilmədim. O vaxtlar internet indiki kimi deyildi. Proqramları necə öyrənəcəyimi bilmirdim. Daha çox 20 yaşından sonra anladım ki, mən yaza bilirəm. Məndə bu alınır. Biz o vaxt kollektiv işləyirdik. Elçin Cəfərovla, Azər Şirinlə. Həm bir evdə qalırdıq, həm də musiqi ilə məşğul olurduq. Mahnı yazırdıq. Belə sırf bu vaxtdan yazmağa başlamışam deyə bilmərəm. Ağlım kəsəndən yazıram. Məktəb vaxtında da yazırdım.
- İlk bəstəniz hansı olub?
- İlk bəstəm "Tək sən" olub. Şeron qrupuna vermişdim. Bu mənim ilk peşəkar bəstəm idi. Hardasa 2006-2007-ci illər idi. "Təkcə sən" mahnısını qulaq asması üçün qrup yoldaşıma göndərmişdim. Qulaq asdı, çox bəyəndi. Səhəri gün dərsə gedəndə gördüm hamı o mahnıya qulaq asır. Əslində isə o demo versiyası idi, mahnı tam hazır deyildi. Sonra gedib hamıya yalvardım ki, qurban olum, silin. Getdim bir həftə mahnını işlədim, təqdim etdim. Amma indi də arada radioda falan görürəm ki, demo versiyasını verirlər. O qədər çox sürətlə yayılmışdı.
- Bəstələriniz içərisində ən çox hansını bəyənirsiniz? Sizcə "şah əsəriniz" hansıdır?
- Bəstəkarlara belə sual verəndə deyirlər ki: "Hamısı mənə doğmadır". Bu, mənə qəribə gəlir. Necə ola bilər ki, hamısına eyni gözlə baxasan? Hər hansı biri daha xit olursa, o mahnı daha doğma olmalıdır. Amma sonra gördüm ki, elə deyil. Bilmirəm, ya yaşdan, ya da təcrübədən irəli gəlir, amma hiss edirəm ki, bütün bəstələrim mənə doğmadır. Bəstələrimin içində bir hissə, məsələn, bir not, mənə daha çox doğma gələ bilər. Elə bir not ola bilər ki, onu bütün əsərdən daha çox sevim. Ümumilikdə götürsək, bəstələrimi bir-birindən ayırmıram. Lakin, digər bəstələrimlə müqayisədə, bəzi kompozisiyalarım daha doğmadır. Onları digərlərindən ayırıram: "Səs", "Ümid rəqsi", "Yellənçək", "Doya-doya". Əslində, "Doya-doya" da bir kompozisiya olub. İndi isə üzərində çalışdığım kompozisiyalar var. Onlar da mənə mahnı janrından daha doğmadır. Çünki bir mahnını yazanda, bəstəkar olaraq, mən bir şey düşünürəm. Söz yazarı başqa bir şey düşünə bilər. Əslində, mən sözü bəyənirəm, ona görə musiqini bəstələyirəm. Müğənni oxuyanda isə bu, başqa bir yönə gedib çıxa bilər. Artıq o məndən qopur. Yəni, mənim gördüyüm ilə artıq eyni olmur. Elə bil məndən çıxır olur müğənninin mahnısı.
- Müəllif hüquqları ilə birgə satdığınız bəstəniz olubmu?
- Heç vaxt olmayıb. Düzünü deyim təklif olub. Özü də çox yüksək məbləğdə. Amma mən heç cür razı ola bilmərəm. Vicdanım yol verməz buna. Hər bir halda o pulu xərcləyib bitirirsən. Amma ürəyinin bir tərəfində satılmış kimi hiss edirsən (gülür). Musiqi elə bir şeydir ki, ruhla bağlıdır. Mən o əziyyətin haqqını tələb edirəm. Amma o musiqinin haqqı deyil. Musiqinin haqqının mənə görə, ölçüsü yoxdur.
- Sizdən bahalı musiqiçi, bahalı aranjımançı kimi bəhs edirlər. Amma bu bahalılığın miqdarından bəhs etmirlər.
- (Gülür) Deyim var e. Qadından yaşı, kişidən maaşı soruşulmaz. Bahalı deyəndə mən əvvəldən maksimalist adamam. Mən istəyirəm ki, hər şey ən yaxşı şəkildə olsun. Ona görə də nəticə bahalı olur. Söz yazarlarının qiymətini mən qaldırmağa çalşıram. İstəyirəm ki, onlar da ürəklə işləsinlər. Bu iş ruhla bağlıdır. Maddiyyat onun ruhunu təmin etməlidir.
- Yəni bu sizin öz işinizə qoyduğunuz dəyərdir.
- Arada uşaqlar mənə deyirlər ki, çox deyirsən qiyməti. Deyirəm bu mənim öz işimə verdiyim dəyərdir. Deyirlər onda lap çox deməlisən. Mən düşünürəm ki, hər bir halda Allah hər kəsin ruzisini bir cür verir. Əsas məsələ odur ki, sənin işinin keyfiyyəti nə dərəcədədir. Məsələn mən çox tez-tez mahnı yazmıram. Kommersiya tərəfdən baxsaq, tez-tez mahnı satmıram. Amma sata bilərəm. Onu deyim ki, həddindən artıq çox mahnı istəyənlər var. Amma mən özümü, öz həyatımı, yaşam tərzimi ona kökləməmişəm.
- Bu işə pul qazanmaqdan çox yaradıcılıq cəhətdən yanaşırsınız.
- Bəli, mənim üçün pul yaradıcılıqdan sonra gəlir. Sırf bunu bu qiymətə satım deyə etmirəm. İşimi görürəm. Maddiyyata gələndə qiymət deyirəm.
- Tərlan Məmmədhüseynovun "Səs" kompozisiyası necə ərsəyə gəldi?
- Səhv etmirəmsə 2011-ci il idi. O kompozisiya iki il mənim kompüterimdə qalıb. Bu mənim dəyişilməz ənənəmdir. Elə "Ümid rəqsi", "Yellənçək" də kompüterimdə iki il qalıb. Hər dəfə yeni kompozisiya təqdim edəndə deyirəm ki, day bu iki ili azalt, (gülür) heç olmasa bir il et. Görürəm yox e taleyimə iki il yazılıb. Qaldı ki, "Səs" kompozisiyasının yazılmasına. Tələbə vaxtı qaldığımız evin bir otağını studiya etmişdik. Oturduğum yerdə bir melodiya yazdım. "Səs"i başdan sonacan bir dəfəyə ifa etmişəm. Oturdum, ifa etdim, sonra yazdım. Yazmayanda, təkrar ifa edəndə bəzən eyni alınmır. Ona görə də ifalarımı yazırdım. Əslində mən bunu mahnı kimi yazmışdım. Elçin Cəfərov və Azər Şirin mənə dedilər ki, gəl bunu kompozisiya et. Əladır. Ondan uşaqlıq arzum yadıma düşdü ki, Mən kompozisiyalar yazacağam, bunu edəcəyəm, onu edəcəyəm. Sonra başladım bunu aranjıman etməyə. Daha sonra mən bunu heç cür ilk dəfə olduğu kimi ifa edə bilmədim. Üstündən iki il keçəndən sonra Elşən Orucov (Fəlakət ləqəbi ilə tanınan aktyor), mənə dedi ki, day bəsdir. Bu kompozisiyanı təqdim edək. Üstündən iki-üç il keçəndən sonra biz ona klip çəkdik. Musiqi mənim üçün ilahi bir varlıqdır. Elə buna görə də adını "Səs" qoymaq istədim. Mən düşünmüşdüm ki, hər şey bir səslə yaranıb. Həm bu mənim ilk işim olduğuna görə adını səs qoydum. İnsanlar elə düşünürlər ki, bu sevgi məhəbbətlə bağlıdır. Amma elə deyil. Bu yaradılışla bağlıdır. Hər şey səslə başlayır.
- Amma "Səs"in klipində də iki sevgili var.
- Bəli, amma mən əslində onu düşünməmişdim. Səs hər şey ola bilər də. Hərə özünə bu musiqidən bir şey götürdü. Əslində əsl yaradıcılıq budur. Mənim düşündüyüm və insanların düşündüyü fərqli-fərqli şeylər.
- Filmlər və seriallar üçün də musiqilər yazırsınız. Bəs xaricdən təkliflər alırsınızmı?
- Türkiyədən olub təklif aldığım, amma filmi azərbaycanılar çəkirdilər. Onlarla işimiz yarımçıq alındı. Amma belə xaricdən təklif gəlməyib. Əslində Azərbaycan kiçik bir ölkədir, indiki halda gərək mən özüm xaricə təklif verim, onlar mənə yox. Mən onları tapmalıyam. Elə böyük şirkətlər var əslində mən onlara təqdim etməliyəm mahnını ki, mənim belə mahnılarım var.
- Belə planlarınız varmı?
- Əvvəl var idi. İndi yoxdur. Çünki çox əziyyətli işdir. Bir film üçün mahnı işləmək bizim ən azı ay yarım, iki ay vaxtımızı alır. Mən o müddəti Azərbaycan filminə sərf etməyi daha çox üstün tuturam. Yəni o inkifaşımı öz filmlərimizdə göstərmək istəyirəm. Mən kino musiqini Tofiq Quliyev ilə sevmişəm. Kinonu da musiqiyə görə sevmişəm. Bunlar paralel gediblər. Bizim uşaqlığımızda bizi azərbaycan kinosuna baxmağa sövq edən biraz da bu mahnılar idi. Bəzən deyirlər ki, niyə Azərbaycan yaxşı film çəkə bilmir. Mətbəxin içindəyəm deyə görürəm, yaxşı film çəkmək üçün yaxşı da pul lazımdır. Yaxşı pul yoxdur deyə vəziyyət belədir. Bir seriyası 5-10 min manata çəkilən bir film nə dərəcədə yaxşı olar bilər? Mən təkcə səs kompozisiyasının klipinə14 min manat xərc çəkmişəm. Belə götürəndə 40 dəqiqəlik bir bölüm üçün gərək ən azı 140 min pul xərclənə.
Maddiyyət yaxşı olanda həm yaxşı işçi qüvvəsi olur, həm yaxşı texnika olur, həm də yaxşı bəstəkar olur. Həm bəstəkara deyə bilirsən ki, mən bunu bəyənmirəm. Onu yaxşı mənada işlədə bilirsən. Hamıdan kəsə-kəsə nəticə də pis alınır. Mənim rejissor dostlarım çoxdur, mən onlara deyirəm ki, mənlə işləməyin. Gedin başqaları ilə işləyin. Qoy onlar da inkişaf etsin. Film və film musiqisi paralel inkişaf etməlidir.
- Nə vaxt konsert verməyi düşünürsünüz?
- Hazırlaşıram. Əslində keçən il vermək istəyirdim amma alınmadı. Həm proses çox qəliz olduğu üçün, həm də maddi cəhətdən alınmadı. Vaxt baxımdan həll etmək olar, amma maddi baxımdan maksimalist olduğuma görə çətinliklərlə rastlaşıram. Düşünürəm ki, bunu gələn il edəcəyəm.
- Maddi dəstəyin olmaması sizi ruhdan salır?
- Bəzi hallarda hə, amma bəzi hallarda yox. Çünki bu günə kimi hər şeyi mən öz gücümə etmişəm. Heç bir maddi dəstəyim olmayıb. Heç kim deyə bilməz ki, bir manat dəstək göstərmişəm. Mən "Səs"in klipini çəkəndə heç müğənnilər belə o qiymətə klip çəkmirdi. Mən amma istəmişəm ki, ən yaxşısı olsun. Həm mənimdir deyə, həm də 10 ildən sonra baxanda deməsinlər ki, köhnəlib.
- Hələ də yetəri qədər dinlənilir.
Bəli, elə mənim istəyim də o idi. Eybi yox, iki-üç ildən bir təqdim edim, amma uzun illər sonra baxanda da insanlar keyif ala bilsinlər. Heç məni yada salmasalar da olar, amma musiqi onları dincəltsin.
- Müğənnilərlə işlər necə gedir?
- (Gülür) Açıq desəm, hazırki vəziyyətdə məni heç qane etmirlər. Ümumilikdə götürəndə tək-tük müğənni varki onlarla işləmək mənə çox rahatdır. Amma qalan müğənnilər özləri heç nə istədiklərini bilmirlər. Ən çox onda çəkinlik çəkirəm. Sənlə işləmək istəyirlər, amma nə istədiklərini bilmirlər.
Bu yaxınlarda mən bir müğənniyə mahnı təklif etdim. Mənə görə də həddindən artıq gözəl mahnı idi. Müğənni çox təriflədi mahnını ki, çox gözəldir, amma bunu camaat başa düşməyəcək. Yəni burada müğənnilərin özlərində problem var. Düzdür, musiqinin bayağılığa getməyi tək Azərbaycanda deyil. Mən bir musiqiçiyəm, bu mənim iç dünyamdır, kimsə gəlib mənə deyəndə ki, onu belə etsən, yaxşı olar, o mənim iç dünyama daxil olmuş olur. Mən xoşlayıram ki, insanları öz dünyama cəlb edim.
- Yaradıcılığınızla bağlı tənqidləri qəbul etmirsiniz?
Əlbəttə edirəm. Təndiq olsa qəbul edirəm. Mən tənqidə çox açığam. Hətta mən dostlarıma mahnı göstərəndə də deyirəm ki, məni boşu-boşuna tərifləməyin. Əladır filan deməyin. Siz mənə nələr çatmırsa, onları deyin. Bəzən ağlabatan şeylər deyirlər. Amma mən ümumilikdə insanların fikirlərinə görə musiqi bəstələmirəm. Onlar bəyənsin deyə mahnı işləsəm, özümü satılmış kimi hiss edərəm.
- Azərbaycanda daha çox toy müğənnilərinə qulaq asırlar.
- Bəzi hallarda kütlənin dinlədiyi müğənnilər təndiq edilir. Amma onlar başa düşmürlər ki, əslində onları reklam edirlər. Əgər biz Azərbaycan musiqisinin inkişaf etməyini istəyiriksə biz yaxşını göstərməliyik. Dedikcə ki, bunlar pisdir, bunlar yaxşı oxumurlar onlar daha da çoxalırlar. İndiki durumda sən kiməsə deyə bilməzsən ki, filan mahnıya qulaq asma. Biz bunu deyə bilmərik. Biz daha yaxşılarını tapıb ona dəstək ola bilərik. Kütlə belə böyüyür kiməsə baxır ondan örnək götürür.
-Yeni hədəfləriniz nələrdir?
- Yeni hədəflərim çox böyükdür. Mən ümumiyyətlə həyatımı sinifləndirmişəm. Əvvəllər toylara getmişəm. Sonra o toyları tərk etmişəm demişəm ki, vəssalam day mən toylara getməyəcəm. Toylardan uzaqlaşdıqdan sonra düşdüm yerin dibinə, çünki hər gün pul qazanan adam idim. Mən 11 yaşımdan pul qazanmağa başlamışam. Rəqs ansamblında pianino çalırdım. 13 şirvan maaş alırdım. Toylardan imtina edəndən sonra həftənin 5-6 günü studiyoda işləyirdim. Yatdığım ancaq stolun üstünfə olurdu. Gündə 3-4 saat yuxu yatırdım ya yox. Amma bir hədəfim var idi mən yaxşı aranjımançı olmalıyam. Və o hədəfimə çatdım. Sonra yaxşı aranjımançılıqdan gəldim bəstəkarlığa. Sonra özümə hədəf qoydum ki, mən ən yaxşı mahnıları yazacam. Demək olar ki, bir çox müğənninin parıldamağında mənim mahnılarım çox böyük rol oynayıb. Bundan sonraki hədəflərimdə ən çox istədiyim şey konsert verməkdir. Çox böyük konsert.
- Öz ölkəmizdə ya xaricdə?
Bəli, öz ölkəmizdə. əslində xaricdən təklif gəlib. Mən sadəcə Azərbaycanda vermək istəyirəm. Keçən il Amerikadan təklif almışam. Hazırda da danışıqlar gedir. Məsələn Kanadadan da təklif var. Sadəcə mən ilk konsertimi öz ölkəmizdə vermək istəyirəm. Mənə deyirlər ki, gəl xaricdə konsert ver orada daha tez başa gələcək. Bizdə də deyəcəklər ki, Tərlan Amerikada konsert verdi. Mənim vermək istədiyim konsert sadəcə insanları bu dünyanın qaçışından ayırıb, onları ən azı 1 saatlıq bir başqa dünyaya aparmaqdır. Onları təzələməkdir. Mən inanıram ki, bunu etmək qüdrətinə malikəm. Amma bunu etmək üçün yaxşı maliyyə lazımdı. Bu elə-belə başa gələcək bir şey deyil. Amma mütləq edəcəm. Sponsor olmasa da öz imkanımla edəcəm. İndiki ən böyük hədəflərim çox böyük konsert vermək və və kompozisiyarımın sayını artırmaqdır. Hazırda 4-5 kompozisiyam var. 1-i isə hazırdır. 3 kompozisiya isə demo halındadır.
- Yenə iki il gözləməli olacıq?
- Əslində klip məsələsi ilə bağlıdır. artıq "Yellənçək"in 1 ili tamam olub.
- Onda 1 ili qalıb.
- (gülür) Maximum 1 il vaxt var. Amma özüm də çox istəyirəm ki, təqdim edim. Maksimalistlik məni biraz geriyə atır. İstəyirəm onu kliplə daha yaxşı şəkildə təqdim edim. Amma bəzi hallarda bu istəklərim məni biraz geri salır. Hazırda əlimdə 4-5 kompozisiya var. Onları sırası ilə bir-bir təqdim etmək istəyirəm.
- Bir mahnı yazmağa nə qədər vaxtınız gedir?
- Bir dəqiqə yarım. Amma o bir dəqiqəni tutmaq var. Bax o mənim vaxtımı ala bilər. Ola bilərki o bir dəqiqəni tutmaq mənim bir ay vaxtımı alsın. O ilham hər dəfə gəlmir. Mən onun ilahi bir şey olduğuna çox əminəm. Mənə kimsə deyəndəki nə qəşəng mahnı yazmısan. Mən öz içimdə bilirəm ki, onu mən yazmamışam. Özüm də ifa edib qıraqdan baxıram ki, yəni bunu sən yazmadın da boynuna al (gülür). Kimsə sənə yazdırdı.
- Yeni ideya axtarışında olanda sizə nə ilham verir?
- Mən onu ancaq inkişaf etməkdə görürəm. Məsələn yeni nəsə öyrənəndə mənə başqa ideyalar gəlir. Qəşəng yaradıcı mahnılara qulaq asanda da yeni ideyalar yaranır.
- Necə musiqilər dinləyirsiniz?
- Son vaxtlar Afrika musiqiləri dinləyirəm. Mənə çox duyğulu gəlir onların musiqiləri.
- Musiqdən uzaqlaşmısınızmı heç?
- Mən düşünürəm ki, bir insanın bir neçə sənəti olmalıdır. Məsələn 10 il bir sənətdə işlə sonra get başqa sənətlə məşğul ol. Mənim də içimdə elə şeylər olub və etmişəm də. Çünki mən gözümü açandan evdə hamı musiqiçi olub. Bir an adam bundan çıxmaq istəyir. Deyirsən ki, nə qədər olar musiqi.
Olub başqa işlərlə də məşğul olmuşam. Sonra görmüşəm mənlik deyil yenə qayıtmışam musiqiyə. Məsələn mənə kompozisiya yazmaq həddindən artıq maraqldır. Mən o işi keyiflə görürəm. Amma bir də varki mahnı yazırsan bir müğənniyə təqdim edirsən, o qədər çətin proseslərdən keçirki.
- Siz bu işin daha çox insanlara işləmək hissəsindən yorulursunuz yəni.
- Bəli. Öz işlədiyimdən də məmnun olmuram bəzən. Amma mən kompozisiyanı sevə-sevə edirəm. Ona görə özümə dedimki yox musiqidən qopma. Musiqinin içində olan sənə maraqlı olan şeylərlə məşğul ol. Elə ondan sonra "Ümid rəqsi"ni yazdım. Mən Həmişə özümü depressiyadan musiqi ilə çıxarmışam. Həmişə pis olanda musiqi dinləyib elə bilki təzələnmişəm. Mənim "Ümid rəqsi"ni yazmaqda ən böyük məqsədim o idiki mən bu qədər musiqilərə qulaq asıb ümid tapmışam özümdə, qoy insanlar da mənim musiqimə qulaq asıb özlərində ümid tapsınlar. Ona görə də, o musiqinin adı "Ümid rəqsi"dir. Onu yazanda da içimdəki ümidi orada hiss edirdim. Mənim bütün əsərlərimin öz hekayəsi var.
- Sizcə musiqiçi olmasaydınız hansı peşədə uğur qazanardınız?
- Mən əlbəttə ki, psixoloq olardım. Mənim bu yanım musiqidə də özünü göstərir. Musiqidə də insanlara yol göstərirəm. Mən uşaq olanda telefonla tanışlıqlar papulyar idi. Deməli mən yığırdım biraz da səsimin tonunu dəyişirdim deyirdim ki, mən psixoloqam mənə dərdinizi danışın. Ay qardaş sənin nəyinə lazımdı camahatın dərdi? (gülür). Onlara mən məsləhətlər verirdim. insanlar hər dəfə mənə bir hekayə danışanda mən biraz da böyüyürdüm.
- Bəs siz özünüz mostivasiyanı haradan alırsınız?
- Ancaq özümdən. Mənim sənətdə motivasiya alacağım heç bir insan yoxdur. Mən sənətdə gözəl musiqilərdən güc alıram. Yaxşı musiqi eşidəndə sanki özüm yazmışammış kimi sevinirəm. O mənə güc verir. özüm də arada deyirəm ki, kaş özümdən bir dənə olaydı mənə güc verərdi.
Oxşar xəbərlər
"Köhnə çamadanlar"ın Ankara premyerası oldu
8 noyabr Zəfər günü münasibətilə Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edən "Köhnə çamadanlar" filmi Türkiyədə nümayiş olundu. Belə ki, noyabrın 6-da "C...