Bakıda unudulan abidələr "yenidən kəşf olunur" - Siyahı 24 ildən sonra yenilənir
"Bu il ərzində Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş edilib, 7 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə götürülüb. Eləcə də, işğaldan azad olunmuş ərazilərdə yerləşən 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına əlavə edilib".
Bu, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verib.
Onun sözlərinə görə, son 2 ildə Ekspert Şurasında 400 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb.
Bildirilib ki, daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil olmayan, lakin tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlərin abidə qismində dövlət qeydiyyatına alınması üçün qurum tərəfindən monitorinq aparılır. Eyni zamanda vətəndaşlar da sözügedən məsələ ilə bağlı müraciət edə bilərlər.
Dövlət xidmətinin mətbuat katibi Fariz Hüseynli deyir ki, daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib. Mövcud siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən nümunələrin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb:
"Sözügedən siyahının yenilənməsi üçün Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi üçün təqdim edilən tarix, memarlıq və arxeoloji əhəmiyyət daşıyan obyektlər barədə məlumatlar təhlil edilir, müzakirələr aparılır. Daha sonra qanunvericiliyə uyğun olaraq, Dövlət Xidməti tərəfindən həmin obyektlərin memarlıq dəyəri, tarixi və arxeoloji əhəmiyyətinin qiymətləndirilməsi məqsədilə AMEA-nın müvafiq institutlarına rəy verilməsi üçün müraciət olunur. Verilən rəy müsbət olarsa həmin obyektlərin siyahıya daxil edilməsi üçün müvafiq tədbirlər görülür".
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycan musiqi tarixində misilsiz iz qoyan bəstəkar Asəf Zeynallının vəfatından 93 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 93 il ötür. Asəf Zeynalabdin oğlu Zeynallı...