Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır"

Xalq artisti: Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır
Mədəniyyət 48

"İranda hamı hicabı atdığı, qadınlar hicaba qarşı üsyan qaldırdığı vaxtda, Azərbaycanda hicab uğrunda məktəblərə basqın edilir".

BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, şəhid atası Əli Nur deyib.

O bildirib ki, məktəb və bağçalarda özünü belə dərk etməyən uşaqları hicaba bürümək anlaşılan deyil:

"Bağça uşağı, birinci sinif şagirdi nə bilir ki, hicab nədir, Kərbəla nədir, Fatimə, Hüseyn kimdir? Bunları əməlli-başlı təlimatlandırıblar, dərs keçiblər. Görün iş hansı həddə çatıb ki, başıbağlı müəllim sinif otağında şagirdlərə "Xomeyni marşı", Xomeyni haqqında mahnı oxutdurur. Bu bilirsiniz nədir? Bu, birbaşa cinayətdir. Bu dövləti yad qüvvələrdən qorumaq lazımdır.

Mən İslam dininin tarixini bilirəm, Məhəmməd Peyğəmbərin haqqında dünyada bütün yazılanları əzbər bilirəm. Bunlar kimdir ki, məktəblərə hücum edirlər, küçələrdə maşınlar yandırırlar? Kim bunlara bu cür cəsarət verib? Görün bunların qanlarını necə zəhərləyiblər, necə təlimatlandırıb cürətləndiriblər ki, onlar Azərbaycanda belə iğtişaşlar törədirlər. Necə ki, erməni öz uşaqlarını anadan olan kimi "zəhərləyir", türkün onlara düşmən olduğunu təlimatlandırır, bunlar da bizim körpə fidanları elə zəhərləyirlər. Artıq onlar bağçalarda, orta məktəblərdə uşaqları təlimatlandırır, sasani və fars ideologiyasını Azərbaycanda təbliğ edib, Azərbaycanda "Kərimə dövləti" yaratmaq istəyirlər. Bunun qarşısı təcili alınmalıdır".

Xalq artisti bildirib ki, Prezident Azərbaycan dövlətini bütün dünyaya qalib dövlət kimi tanıtdırdığı bir halda, iranpərəstlər bu cür hallarla ölkədə çaxnaşma yaratmaq istəyirlər:

"Prezident Azərbaycanı dünyaya inkişaf etmiş dövlət kimi tanıtdırıb, sabitlik qorunub saxlanılır. Azərbaycan dünyada ən təhlükəsiz və güvəniləcək dövlətə çevrilib. Belə bir halda, bəzi qüvvələr bu siyasətə kölgə salmaq istəyir, ölkədə təxribat yaratmağa cəhd edir. Azərbaycanda bir dəfə də olsun təxribat olmayıb, ölkənin sabitliyi bütün dünyada müzakirə olunur. Amma bu "mollabaşlar" Azərbaycanı qarışdırmağa cəhd edirlər. Onlar bilməlidirlər ki, xalq Prezidentin ətrafında sıx birləşib, ölkədə sabitlik tam qorunur, kriminal durum nəzarətdədir. Həmin şəxslər bu siyasətə, bu inkişafa zərrə qədər də təsir edə bilməyəcəklər. Azərbaycanda şagirdlər dünyəvi təhsil almalı, inkişaf etməli və Azərbaycana layiqli vətəndaş kimi yetişməlidirlər. İnkişaf üçün elm, dünyagörüşü, dünyəvi təhsil lazımdır, cahilliklə inkişaf olmur".

Şəhid atası bildirib ki, məktəblərdə təxribata cəhd edənlərə ən ağır cəza verilməlidir:

"Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri bağışlamaq olmaz. Onlar kütləvi şəkildə cinayətə cəlb olunmalıdırlar. Bu, dövlətə xəyanətdir, ən ağır cinayətdir. Onları ya bir vaqona mindirib İrana göndərmək, ya da ən ağır cəzanı vermək lazımdır. Bunun başqa yolu yoxdur".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər