VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Avropaya səyahət etmək, dünyaca məşhur şəhərləri gəzmək bir çoxlarının arzusudur. Bunun üçünsə ilk növbədə Şengen vizası almaq lazımdır.

Şengen vizası barədə dəfələrlə yazılsa da, hələ də çoxlarının bununla bağlı maarifləndirilməsinə ehtiyac var.

BAKU.WS seyyah.az-a istinadən Avropa Birliyinin qanunları əsasında Şengen vizası barədə məlumatları təqdim edir:

1. Şengen vizasının növləri və "Səyahət Ehtiyacı”

Şengen vizasının növləri: birdəfəli, ikidəfəli və çoxdəfəli giriş. Çoxdəfəli giriş vizasının maksimum müddəti 5 il, minimum isə 6 aydır. Lakin aşağıdakıları yadda saxlamaq lazımdır:

– Viza sizə hər 6 ay müddətində Avropa İttifaqında (Aİ) 90 günə qədər qalmaq hüququ verir;

– Viza Üzv Dövlətin ərazisində qalmaq istədiyiniz günlərin sayına uyğun olaraq verilir.

"Səyahət ehtiyacı” o deməkdir ki, siz vaxtaşırı olaraq işgüzar səfər (məsələn, seminarlar, yarışlar, konfranslar) məqsədilə səyahət edirsiniz və ya siz Aİ vətəndaşının ailə üzvü və yaxud hüquqi olaraq Aİ sakinisiniz. Digər tərəfdən, vaxtaşırı olaraq səyahət ehtiyacı o deməkdir ki, məsələn:

– Əgər sizin xalanız (bibiniz) daimi olaraq Almaniyada yaşayırsa, o zaman siz vaxtaşırı ona baş çəkirsiniz;

– Əgər siz alimsinizsə, o zaman vaxtaşırı Aİ ərazisində təşkil edilən müxtəlif konfranslarda iştirak etmək üçün səfər edirsiniz;

– Əgər sizin Aİ ərazisində yerləşən biznes tərəfdaşı ilə əməkdaşlıq etmək ehtiyacı varsa, o zaman siz daimi olaraq görüşlər və danışıqlar üçün səfər edirsiniz.

Təəssüf ki, müraciət edənlər nadir hallarda 5 illik viza əldə edə bilirlər. Eyni zamanda, əgər siz Aİ-yə daimi olaraq səfər etməyi planlaşdırırsınızsa, o zaman siz istənilən vaxt daha uzun müddətli viza üçün müraciət edə bilərsiniz. Bundan əlavə, məsləhət görürük ki, viza üçün müraciət etdiyiniz zaman əvvəlki vizadan daha uzunmüddətli viza üçün müraciət edəsiniz, siz 6 ay müddətində çoxdəfəli giriş vizası üçün müraciət edə bilərsiniz.

6 aylıq vizadan sonra isə 1 və ya 2 illik viza üçün müraciət etmək olar. Bəzi hallarda isə siz 5 il müddətində çoxdəfəli giriş vizası əldə edə bilərsiniz. Uzunmüddətli vizanı əldə etmək üçün sizin "müsbət viza tarixcəsi” olmalıdır, məsələn, siz artıq Şengen vizası əldə etmisiniz və onu Aİ ərazisində artıq qalmayaraq (müraciət formasında göstərilən müddətdən artıq qalmamaq) və digər hər hansı bir qayda pozuntusu olmadan istifadə etmisiniz. Uzunmüddətli çoxdəfəli giriş vizasını əldə etmək şansınızın artırılması üçün siz dəvətnamə göndərən tərəfə sizin gələcəkdə Aİ ərazisinə vaxtaşırı gələcəyiniz faktını dəvət məktubunda vurğulamasını xahiş edə bilərsiniz.

2. Viza müraciəti üçün tələb olunan sənədlər

Müraciət forması – şəxsi məlumatları əks etdirən anket;

Aİ ərazisindən yola düşmə tarixindən əvvəl ən azı üç ay müddətində etibarlı olan pasport;

Tibbi səyahət sığortası – ən azı €30,000 tibbi xərcləri əhatə etməlidir;

Viza haqqının ödənildiyini təsdiq edən qəbz;

Əlavə sənədlər – aşağıda baxın:

3. "Əlavə sənədlər” hansılardır?

Dəstəkləyici sənədlər sizin tərəfdən səfərin dəqiq məqsədini göstərilməsinin təsdiqidir. Bu sənədlər həmçinin sizin vaxtında Şengen Zonasını tərk etmə istəyinizi təsdiq edir. Viza dəstəkləyici sənədlərin siyahısı getmək istədiyiniz ölkənin konsulluğunun internet səhifəsinə əlavə olunur.

Adətən, viza üçün aşağıdakı sənədlər tələb olunur:

– Səfərin məqsədini təsdiq edən sənədlər: məsələn, biznes səfəri üçün: konfransda iştirak etmək üçün dəvət məktubu; təhsil/təlim kursları üçün: universitetə qəbul sənədi; turizm və şəxsi məqsədlər üçün: yaşayış yeri və marşrutun təsdiqi; rəsmi nümayəndəliklərin üzvləri üçün: dövlət rəsmiləri və ya dəvət edən tərəfin verdiyi məktub, və s.

– Sizin səyahət və Aİ ərazisində qalma xərclərinizi ödəyə biləcək vəsaitlərin təsdiqini göstərən sənədlər: maliyyə statusunun təsdiqi (məsələn, bank hesabı bəyanatı, kredit kartı), əvvəlcədən ödənilmiş yaşayış xərcləri və yaxud tur-paketlərin sifarişinin təsdiqi, dəvət edən tərəfin sizin yaşayış xərclərinizi ödəyəcəyi haqqında bəyanatı və s.

– Sizin Aİ ərazisindən geri dönməyinizi təsdiq edən sənədlər: qayıdış bileti, maliyyə statusunun təsdiqi, iş yerindən təsdiq məktubu, real 5 əmlak mülkiyyətinin təsdiqi, yaşayış yeri haqqında məlumatlar – ailə vəziyyəti, professional mövqe və s.

– Sizin ailə vəziyyətinizi təsvir edən sənədlər: yetkinlik yaşına çatmayanlar üçün valideyn icazəsi, ev sahibi/dəvət edən şəxslə qohumluq əlaqələrinin təsdiqi

Konsulluq sizi tələb olunan sənədlərin siyahısı ilə təmin etməyə məcburdur!

4. Dəvətnamə (rəsmi olaraq viza dəstəyi sənədi adlanır)

Sizi dəvət edən tərəfin verdiyi dəvətnamə aşağıdakı məlumatları özündə əks etdirməlidir:

– Dəvət edilən şəxs: ad və soyad, doğum tarixi, cinsi, vətəndaşlığı, pasport nömrəsi, səfərin vaxtı və məqsədi, ölkəyə girişlərin sayı. Əgər mövcuddursa: dəvət edilən şəxsi müşayiət edən həyat yoldaşı və uşaqların adı. Əgər gələcəkdə də dəvət edən tərəflə əlaqələr davam edərsə, uzunmüddətli viza müraciəti zamanı bunun viza dəstəyi sənədində göstərilməsi tövsiyə olunur.

– Dəvət edən şəxs: əgər bu fiziki şəxsdirsə: ad, soyad, ünvan dəvət məktubunda göstərilməlidir; əgər hüquqi şəxs və ya təşkilatdırsa, o zaman tam adı, ünvanı, məktubu imzalayan şəxsin adı və vəzifəsi və təşkilatın qeydiyyat nömrəsi dəvət məktubunda öz əksini tapmalıdır.

5. Viza haqları

Konsulluq tərəfindən müəyyənləşdirilən viza haqqı € 35-dur.

Konsulluq sizə pulsuz viza əldə etmə hüququ versə belə, kənar xidmət təminatçısı (viza mərkəzi) vasitəsilə viza üçün müraciət etdiyiniz zaman €30-ya qədər əlavə xidmət haqqı ödəyə bilərsiniz.

6. Viza Prosesinin Asanlaşdırılması Sazişinə əsasən Şengen vizasını əldə etmək daha da asanlaşıb. Çoxdəfəli, yoxsa pulsuz viza ala biləcəyinizi yoxlayın.

Əgər siz:

– Aİ ərazisində yaşayan yaxın ailə üzvlərinə baş çəkirsinizsə, bu halda siz yalnız ev sahibindən dəvət məktubu əldə etməlisiniz. Bu zaman siz pulsuz viza əldə edəcəksiniz.

– Əgər siz Aİ üzv dövlətinin vətəndaşının həyat yoldaşı, uşaq (21 yaşdan aşağı və ya tabeli olan) və ya valideynsinizsə, və yaxud Aİ ərazisində yaşayan azərbaycanlısınızsa, o zaman 5 illik çoxdəfəli giriş vizasına müraciət edə bilərsiniz. Hətta bu zaman qısamüddətli etibarlı olan əvvəlki vizalara ehtiyac yoxdur.

– Rəsmi nümayəndəliyin üzvü olan zaman dövlət rəsmiləri tərəfindən verilən məktub və rəsmi dəvət məktubunun sürəti kifayətdir. Əgər siz "daimi üzvsünüzsə”, o zaman siz 5 illik çoxdəfəli giriş vizası almaq hüququna maliksiniz, əgər "daimi üzv deyilsinizsə”, o zaman 1 illik çoxdəfəli giriş vizası əldə edə bilərsiniz. Bundan başqa, siz viza haqqını ödəməkdən azadsınız.

– Təhsil məqsədilə səyahət edən şagirdlər, bakalavr, magistr (və ya aspirant) tələbələr və yaxud müəllimlər viza əldə etmək üçün universitet/kollec/məktəbdən qəbul olma ilə bağlı rəsmi sənəd və yaxud tələbə kartı və ya iştirak edəcəkləri kursların sertifikatını təqdim edə bilərlər. Əgər siz bakalavr və yaxud magistr (və ya aspirant) tələbəsinizsə, o zaman 1 illik çoxdəfəli giriş vizası almaq hüququna maliksiniz. Siz həmçinin viza ödənişindən azadsınız (yalnız müşayiət edən müəllimlər viza ödənişindən azaddır).

– Müalicə məqsədilə və ya müşayiət edən şəxs qismində (əgər ehtiyac yaranarsa) səfər etdiyiniz zaman siz tibb müəssisəsindən sizin tibbi müayinəyə ehtiyacınızı göstərən sənəd və sizi müşayiət edən şəxsin (əgər belə hal mövcuddursa) olmasını təsdiq edən sənəd, o cümlədən tibbi proseduralar üçün lazım olan vəsaitlərin mövcudluğunu təsdiq edən sənədi konsulluğa təqdim edirsiniz. Siz də 1 illik çoxdəfəli giriş vizası əldə etmək hüququna maliksiniz.

– Jurnalist və ya onun komandasının üzvü olduqda sizdən iş yerindən səfərin məqsədini göstərən arayış təqdim etmək tələb olunur. Siz də 1 illik çoxdəfəli giriş vizası əldə etmək hüququna maliksiniz. Bu şəxslər həmçinin viza ödənişindən azaddır.

– Peşəkar idmançı və onun komandasının üzvü olduğunuz halda sizdən tədbirə ev sahibliyi edən təşkilatdan dəvət məktubunu təqdim etmək tələb olunur. Siz ən azı 1 illik çoxdəfəli giriş vizası (yalnız idmançılar) əldə etmək hüququna maliksiniz. Bu şəxslər həmçinin viza ödənişindən azaddır (yalnız idmançılar).

– İş adamı və ya biznes strukturunun nümayəndəsi olduğunuz halda sizdən dəvət edən təşkilat tərəfindən verilən dəvət məktubu təqdim etmək tələb olunur. Siz də 1 illik çoxdəfəli giriş vizası əldə etmək hüququna maliksiniz.

– Vaxtaşırı Avropa İttifaqının keçirdiyi beynəlxalq tədbirlərdə iştirak edən peşəkar şəxs olduqda, sizdən müvafiq tədbirdə iştirakınızı təsdiq edən dəvət məktubunu təqdim etməniz tələb olunur. Siz də ən azı 1 illik çoxdəfəli giriş vizası əldə etmək hüququna maliksiniz.

– Vətəndaş cəmiyyətinin nümayəndəsi olduqda (seminarlar, təlimlər, konfranslar və s. məqsədilə səfər etdikdə), sizdən dəvət edən təşkilat tərəfindən verilən dəvət məktubunu, sizin qeyri-hökumət təşkilatının nümayəndəsi olduğunu göstərən sənəd və qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı sənədini təqdim etməniz tələb olunur. Siz də 1 illik çoxdəfəli giriş vizası əldə etmək hüququna maliksiniz. Siz viza ödənişindən azadsınız.

– Elmi, akademik, mədəniyyətlərin mübadiləsi proqramlarında iştirak etmək üçün səyahət edən şəxs oduqda, sizdən yalnız dəvət edən təşkilat tərəfindən dəvət məktubu almaq tələb olunur. Siz də ən azı 1 illik çoxdəfəli giriş vizası almaq hüququna maliksiniz və viza ödənişindən azadsınız.

– Siz ölkənizlə Aİ arasında beynəlxalq yük və ya sərnişin daşımaları edən sürücü olduqda siz yalnız daşımalar üzrə milli assosiasiyadan sizin marşrutun istiqaməti və məqsədi, həmçinin səfərin müddəti haqqında məlumatı təqdim etməlisiniz. Siz də ən azı 1 illik çoxdəfəli giriş vizası almaq hüququna maliksiniz.

– İki şəhərin təşkil etdiyi mübadilə proqramlarının iştirakçısı olduqda sizdən yalnız şəhərin icra başçısı və ya bələdiyyə rəhbərliyi tərəfindən verilən dəvət məktub tələb olunur. Siz də ən azı 1 illik çoxdəfəli giriş vizası almaq hüququna maliksiniz.

– Dəfn mərasimi və ya yaxınların qəbirlərini ziyarət etmək üçün sizdən yalnız mərhum şəxslə əlaqənizi sübut edən sənədin təqdim edilməsi tələb olunur.

– Təqaüdçü olduqda siz viza ödənişindən azadsınız.

– 12 yaşdan kiçik uşaq olduqda siz viza ödənişindən azadsınız.

– Fiziki qüsurlu və ya müşayiət edən şəxs olduqda siz viza ödənişindən azadsınız.

– Humanitar məsələlərlə bağlı səfər edən şəxslər viza ödənişindən azaddır.
Əgər siz yuxarıda qeyd edilən kateqoriyalardan hər hansı birinə aidsinizsə və 1 illik viza almaq hüququna maliksiniz və son iki ildə 1 illik vizadan istifadə etmisinizsə, o zaman növbəti viza müraciəti zamanı siz 2 ildən 5 ilədək etibarlı olan viza müraciəti edə bilərsiniz.

7. Viza mərkəzləri və seçim hüquqları

Adətən, Üzv Dövlətlər kənar xidmət təminatçıları (bunlar viza mərkəzləri adlanır) ilə əməkdaşlıq edir və adıçəkilən viza mərkəzləri viza müraciətləri və dəstəkləyici sənədləri qəbul edir. Viza mərkəzinə müraciət etmək siz konsulluqdan uzaqda yaşadığınız halda sizə münasib ola bilər, lakin təəsüf ki, bu mərkəzlər viza ödənişindən əlavə € 30-a qədər xidmət haqqı müəyyən edirlər.

Yadda saxlayın ki, sizin sərbəst seçim etmək hüququnuz var, siz müraciətinizi ya birbaşa konsulluq (belə olan halda əlavə xidmət haqqından azad olursunuz), ya da viza mərkəzi vasitəsilə edirsiniz.
Əgər konsulluq sizin müraciəti qəbul etmək üçün əvvəlcədən görüş vaxtı təyin edirsə, viza müraciəti 2 həftədən gec olmayaraq qəbul edilməlidir. Əgər konsulluq bu müddət ərzində sizin viza müraciətinizi qəbul etmirsə, o zaman sizin şikayət etmək hüququnuz var (başlıq 11-ə baxın).

Əgər siz viza mərkəzi vasitəsilə müraciət etmək istəyirsinizsə, o zaman siz yalnız konsulluğun rəsmi internet saytında qeyd edilən viza mərkəzinə müraciət edə bilərsiniz!

8. Proseduraların müddəti

Prosedura 10 iş günü ərzində davam edir. Xüsusi hallarda, bu müddət ya 30 iş gününə kimi uzana bilər, ya da 2 iş gününə kimi azala bilər.

Əgər siz planlaşdırılan səfər tarixindən 3 gün əvvəl viza üçün müraciət edirsinizsə, bu zaman €70 ikiqat viza haqqı ödəməlisiniz. Əgər siz viza ödənişindən azadsınızsa, o zaman €35 ödəniş edəcəksiniz. Lakin siz rəsmi nümayəndəliyin və ya parlamentin üzvü, fiziki qüsurlu şəxs, jurnalist, təqaüdçü olduqda və ya humanitar məsələlərlə bağlı səfər edirsinizsə, o zaman hətta təcili vizaya müraciət etdikdə belə viza ödənişi etməyəcəksiniz.

9. Viza Aİ ərazisinə giriş üçün təminat vermir

Təəssüf ki, viza Şengen zonasına giriş üçün təminat vermir. Siz sərhəd keçidində ölkəyə daxil olma səbəbini izah edə bilməsəniz və ya sizin ölkədə qalma xərclərini ödəyə biləcəyini göstərə bilmədiyiniz halda ölkəyə buraxılmaya bilərsiniz. Səfərə gedərkən özünüzlə pasportunuzu və digər dəstəkləyici sənədləri götürməyi unutmayın. Həmçinin qeyd etmək lazımdır ki, ölkəyə girişin rədd edilməsi vizanın ləğv edilməsi demək deyil.

10. Viza rədd edildiyi halda müraciət edən şəxsin hüquqları

Əgər sizin viza müraciətiniz rədd edilibsə, o zaman bunun səbəbi haqqında sizə yazılı şəkildə məlumat verilməlidir. Müvafiq Üzv Dövlətin qanunvericiliyinə əsasən sizin hətta bu qərara etiraz etmək hüququnuz da var.

11. Konsulluq əməkdaşlarının davranışı və şikayətlər

Konsulluq əməkdaşları heç kimə gender, irqi və ya etnik mənsubiyyəti, din və inancları, fiziki qüsurları, yaş və cinsi oriyentasiyasına görə fərq qoymamalıdır.

Əgər siz konsulluq əməkdaşlarının davranışlarında hər hansı bir pozuntunun şahidi olsanız, o zaman konsulluğun rəhbərliyi və ya ölkənin Xarici İşlər Nazirliyinə şikayət edə bilərsiniz (nazirliklərin əksəriyyəti internet səhifələrində şikayətlərə baxılması üçün əlaqə vasitələri yerləşdirirlər).

12. Şengen vizası məqsədli deyil

Bu o deməkdir ki, siz Şengen vizasını sizin vizada göstərilən müxtəlif məqsədlər üçün istifadə edə bilərsiniz. Məsələn, əgər sizə çoxdəfəli giriş vizası işgüzar və ya akademik səfər üçün verilibsə, siz eyni vizanı turizm və ya ailənizə baş çəkmək üçün istifadə edə bilərsiniz.

Həmçinin yadda saxlamaq lazımdır ki, Şengen vizası sizə işləmək hüququ vermir. Əgər siz Aİ ərazisində işləmək istəyirsinizsə, o zaman siz işləmək üçün icazə almalısınız!

Səfərlərin sayı və məqsədindən asılı olmayaraq, siz səfərin detallarını hotel rezervasiyası, biletlər və sığortanı təqdim etməklə izah etməlisiniz. Həmçinin çoxdəfəli giriş vizasının birinci girişinin sizin viza müraciətinizdə qeyd edilən məqsəd üçün həyata keçirilməsi çox vacibdir.

13. Etibarlılıq və qalma müddəti

Yadda saxlamaq lazımdır ki, vizada qeyd edilən tarixlər o demək deyil ki, siz orada qeyd edilən bütün müddət ərzində Şengen ərazisində qalmalısınız! Siz "qalma müddətini” yoxlamalısınız, hansı ki, müəyyən müddət ərzində sizə getdiyiniz ölkədə qalmaq imkanı verir. 6 aya qədər etibarlı olan vizada qalma günlərinin sayı (məsələn, 25 gün) göstərilir. Çoxdəfəli giriş vizası alan şəxslər Şengen zonasında hər 180 gündən bir 90 günə qədər qala bilər. Siz Aİ ərazisində neçə günə qədər qalma hüququna malik olduğunuzu Avropa Komissiyasının rəsmi "Şengen kalkulyatoru” vasitəsilə aşağıdakı keçiddən istifadə etməklə hesablaya bilərsiniz:

14.Qalmayacağınız ölkənin konsulluğuna viza müraciəti

Ümumiyyətlə, siz viza əldə etmək üçün getmək istədiyiniz ölkənin konsulluğuna müraciət etməlisiniz. Məsələn, Almaniyaya getmək üçün Almaniya konsulluğuna müraciət etmək lazımdır. Əgər bir neçə Aİ ölkəsinə səfər edəcəksinizsə, o zaman ilk daxil olacağınız ölkənin konsulluğuna müraciət etməlisiniz.

Adətən, viza müraciəti sizin getmək istəyiniz ərazinin konsulluğuna edilir, lakin sübut gətirə bilsəniz, o zaman başqa konsulluq da viza müraciətini qəbul edə bilər. Əgər getmək istədiyiniz ölkənin sizin ölkədə diplomatik nümayəndəliyi yoxdursa, o zaman vizanın digər Şengen zonasına daxil olan dövlət tərəfindən verildiyini yoxlayın.
 
BAKU.WS