Zabrat gölü daşdı - Evləri su basdı

Zabrat gölü daşdı - Evləri su basdı
Hadisə 2085

Zabrat gölündə suyun səviyyəsi yenidən qalxıb.

"Qafqazinfo” xəbər verir ki, nəticədə ətraf əraziləri, Kürdəxanı yolunu və evləri su basıb. Sakinlərin sözlərinə görə, gölün axıdılma mənbəyi olmadığı üçün hər dəfə problemlə üzləşirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətində Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, gölün qidalanması atmosfer yağıntıları və qrunt suları hesabına formalaşır: "Son günlər əraziyə düşən atmosfer yağıntıları səbəbindən gölün səviyyəsinin qalxması müşahidə olunur. Gölün qidalanma yeri var, ancaq boşalma sahəsi yoxdur. Göl ətrafında əhalinin məskunlaşması, yeni tikililərin salınması və mərkəzləşmiş kanalizasiya sisteminin olmaması səbəbindən sakinlər primitiv üsullardan istifadə edirlər. Onlar öz həyətlərində şambolar qazırlar, təsərrüfat və məişət suları birbaşa şambolara axıdılır. Bu da qrunt sularının səviyyəsinin qalxmasına gətirib çıxarır. Buna görə də gölün səviyyəsinin qalxması müşahidə olunur. Hətta Kürdəxanı istiqamətində yolun üstündən də su axdığının şahidi oluruq”.

Sabunçu rayon icra hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsi Azər Süleymanov isə problemlə bağlı "Qafqazinfo”ya deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrin sosial iqtisadi inkişaf layihəsi proqramı çərçivəsində Bakı şəhərinin ətrafında olan göllərin təmizlənməsi məsələsi yer alıb: "Zabrat gölü böyük bir göldür. Göl iki rayonun arasındadır. Problemli məsələdir. Gölün səviyyəsi qalxıb. Bununla bağlı məsələ qaldırılıb, həll olunması istiqamətində qərar gözlənilir. İlk növbədə, gölün səviyyəsini salmaq üçün onun axıldılma mənbəyi müəyyənləşməlidir”.

BAKU.WS

Oxşar xəbərlər

Gülüstan sarayı ətrafındakı sürüşmə ilə bağlı son durum

Gülüstan sarayı ətrafındakı sürüşmə ilə bağlı son durum

"Gülüstan sarayının ətrafı və Şəhidlər Xiyabanındakı "Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissədə sürüşmənin qarşısı alınıb. Burada artıq yenidən sür...

753 Hadisə 17:46 25 yanvar 2017

Son xəbərlər