Gəlin qayınanasını çəkic zərbələri ilə qətlə yetirdi - VİDEO
2019-cu il sentyabrın 18-də Xətai rayonunda 70 yaşlı Valentina Qreçneva yaşadığı mənzildə naməlum şəxs tərəfindən qətlə yetirilib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə barədə mərhumun qonşusu DİN 102 xidmətinə məlumat verdikdən sonra 34-cü PŞ və rayon prokurorluğunun əməkdaşları araşdırmaya başlayıblar. Qısa müddət ərzində məlum olub ki, qadını çəkic zərbələri ilə gəlini öldürüb.
Xətai rayonu prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertiza şöbəsinin rəyinə görə, Valentina Qreçnevanın meyiti üzərində 14 ədəd əzilmiş yara və burun sümüyünün qapalı sınıqları aşkar edilib. Ölümünə beyin maddəsinə qansızma səbəb olub.
İstintaqla müəyyən edilib ki, sentyabrın 18-i saat 19:30-da Mədinə Qreçneva (1985-ci il təv.) əvvəllər əri Alik Qreçnev və azyaşlı oğlu ilə birgə yaşadıqları, qayınanası 1949-cu il təv. Valentina Qreçnevaya məxsus mənzilə gələrək öz açarları ilə qapını açıb, içəri daxil olub.
Hamam otağında olanda birgə yaşadıqları müddət ərzində şəxsi münasibətləri pozulmuş Valentina Qreçneva onun gəlməsinə narazılığını bildirib, evdən çıxıb, getməsini tələb edib.
Otaqda davam edən mübahisə zamanı o, masanın üstündəki boş şüşə qabı götürüb, qayınanasının alın nahiyəsinə bir neçə dəfə ardıcıl zərbələr vurub.
Valentina Qreçneva onu öz otağından çıxartdıqda Mədinə dəhlizdə olan təsərrüfat-məişət təyinatlı çəkici götürüb müstəsna dərəcədə rəhmsizliklə yaşlı qadının baş nahiyəsinə çoxsaylı zərbələr endirib. Bu hərəkəti ilə o, zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Mədinə Qreçneva bildirib ki, Valentina Qreçnevanın hücumunu dəf edərək, yəni sonuncu əlindəki bıçaqla onu vurmaq istəyərkən mətbəxdə masada olan araq şüşəsi ilə 4 dəfə baş nahiyyəsinə zərbələr endirib. Yalnız özünü müdafiə edib.
O, Qazaxıstan Respublikasında anadan olub, 1 yaşından Bakı şəhərinə köçüb və burada yaşayıb. Binəqədi rayonu, 8 mkr., S.S. Axundov küçəsi, 2 ünvanında yerləşən mənzil anasına məxsus olub, oranı satsalar da, o, həmin ünvanda qeydiyyatda qalıb.
Əvvəllər dayə və mağazalarda satıcı kimi çalışıb, axırıncı dəfə bilyard zalında inzibatçı işləyib. 2014-cü ildə, müştəri kimi iş yerinə gələn Alik adlı oğlanla tanış olub, bir-birini seviblər və 8 aydan sonra evləniblər. Alik anası Valentina ilə yaşayıb.
Mənzil 3 otaqdan ibarət olub, bir otaqda onlar, digər otaqda qaynanası qalıblar, üçüncü otağı isə qonaq otağı kimi istifadə ediblər.
Valentina oğlunun başqa millətdən olan qadınla ailə qurmasına narazı olub və bu səbəbdən Alikdən onu boşamasını istəyib. 2017-ci ildə oğlu dünyaya gəlib, uşağa tək baxa bilmədiyindən 1 ilə yaxın öz anasının mənzilində qalıb. Valentina təqaüdə çıxdıqdan sonra evi natəmiz vəziyyətdə saxlamağa başlayıb.
Oğlunun sağlamlığının qeydinə qaldığına görə bu zəmində aralarında tez-tez mübahisələr yaranıb, Alik özü də bu səbəbdən anasına irad tutub.
Eyni zamanda həyat yoldaşının maaşı az olduğundan və o, işləmədiyindən maddi cəhətdən çətinlik çəkiblər. Ona görə də əri ilə tez-tez münaqişələri olub və o dözməyib ayrılmaq qərarına gəldiyindən 2019-cu ilin yanvar ayında uşağını götürüb anasıgilə gedib. Lakin Alik gəlib birlikdə yaşamaq istədiyini söyləyərək onunla barışıb və o, fevral ayının axırında mənzilə qayıdıb.
Ümumi hamam otağından istifadə edərkən o, qayınanası ilə üz-üzə gəlib, həmin vaxtlar Valentina onu söyüb, bir sözlə, onu gəlin kimi qəbul etmədiyini söyləyərək çıxıb getməsini tələb edib. Mübahisələr zamanı qayınanası adətən sərxoş olub. Bütün bunlar dözülməz həddə çatıb.
Natəmiz mənzildə yaşamığını qeyri-mümkün hesab etdiyindən aprel ayında yenə də evdən çıxıb. Buna baxmayaraq Aliklə normal münasibətlərini davam etdirib, əri gəlib oğlunu görüb və bir yerdə uşağı gəzməyə aparıblar.
Alik mənzilin və öz otağının açarlarını ona verib. Valentina işləməsə də, bütün günü küçələrdə olub, səhər saat 8-9-da evdən çıxaraq axşam 20-dən sonra qayıdıb.
Mədinə sentyabrın 18-i saat 18 radələrində uşağa pampers almaq üçün 8-ci km ərazisində olan mağazaya yollanıb, ordan da yoldaşının mənzilinə gedib. Öz açarı ilə qapını, sonra isə Aliklə qaldığı otağı açıb, ora girib.
Hamam otağına keçəndə qayınanası ilə rastlaşıb, qayınanası onların çıxıb getməsini, qapının kilidini dəyişdirəcəyini deyərək evdən çıxmasını tələb edib.
Mübahisə zamanı Valentina sağ əlində mətbəx bıçağı ilə üstünə gəldiyi üçün masanın üstündə olan boş araq şüşəsini götürüb onun alın nahiyəsindən vurub. Qayınanası itələyib onu otağından çıxardıb və mübahisələri dəhlizdə davam edib.
Valentina qaynar çaydanı götürüb üstünə tökmək istədikdə, o, əlindəki şüşə qabla ona yenidən bir neçə zərbə endirib. Qadının başından qan açılaraq ətrafa sıçrayıb, o, hamam otağının qarşısında yıxılaraq arxası üstə yerdə qalıb və üst-başı qana bulaşıb.
Sonra paltarlarını geyinib, mənzildən çıxıb. Valentinanın sağ olduğunu hiss etdiyi üçün mənzilin qapısını açarla bağlamayıb.
Araq şüşəsinin üstündə əl-barmaq izlərinin qaldığını, buna görə də tapıla biləcəyini fikirləşib, şüşəni selofana büküb özü ilə götürüb. Məhlələrlə piyada anasıgilə getdikdə qabı zibil qutusuna atıb.
Evdə hamama keçərək qana bulaşmış paltarları yuyub. Şalvarındakı qan ləkələri getmədiyinə görə onu yandırmaq qərarına gəlib. Şalvarı zibil yığılan torbaya qoyub və anası ilə birlikdə oğlunu gəzdirmək üçün həyətə çıxıb. Anası həyətdə nəvəsi ilə olanda binanın tinində şalvarı yandırıb.
Amma şalvar yaş olduğundan yanmayıb və buna görə onu bükərək zirzəmiyə tullayıb. Saat 22 radələrində yoldaşına zəng vuraraq onunla bir neçə dəqiqə danışıb, məqsədi o olub ki, Alik onun evdə olduğunu bilsin, ondan şübhələnməsin, habelə ərinin hadisədən xəbərinin olub-olmamasını öyrənsin.
Həmin vaxt yoldaşı işdə olub və danışığından başa düşüb ki, hadisədən xəbəri yoxdur. Gecə saat 2 radələrində qapıları döyülüb, açdıqda polislərlə Alikin gəldiklərini görüb. Əri ağlaya-ağlaya anasının öldürüldüyünü deyib və polislər onu özləri ilə şöbəyə (bölməyə) aparıblar. Orada əvvəl heç nədən xəbəri olmadığını deyib, sonra isə hər şeyi olduğu kimi danışıb.
Əməlindən çox peşman olduğunu söyləyib, amma bir daha qeyd edib ki, qayınanası üzərinə bıçaqla gəlməsəydi, ona xəsarət yetirməzdi.
Zərərçəkmiş şəxsin hüququ varisi Alik Qreçnev ifadəsində göstərib ki, Mədinə Şıxabidovna həyat yoldaşıdır, Valentina Qreçneva isə anası olub. Anasının səliqəsizliyinə görə onların tez-tez mübahisələri olub.
Axırıncı dəfə, 2019-cu ilin aprel ayında Mədinə Valentina ilə mübahisə edəndən sonra cehizləri götürüb, öz anasının evinə gedib.
Maddi imkanı olmadığı üçün başqa mənzil tutub, ailəsi ilə ora köçə bilməyib. Sentyabrın 18-də iş yerindən saat 23.00-də çıxıb, təxminən 1 saatdan sonra evə çatıb.
Qapının açıq olduğunu görüb, içəri girəndə anasının qana bulaşmış, hərəkətsiz vəziyyətdə döşəmədə uzandığını görüb. Anasının sifət nahiyyəsinin dağıldığını görüb, qorxub, mənzildən çıxıb, qışqıra-qışqıra üzbəüz qonşunun qapısını döyüb.
Qapını açan olmadığından 2-ci, sonra 3-cü mərtəbəyə qalxıb. Qonşususuna anasının qətlə yetirildiyini bildirərək polisə zəng etməsini xahiş edib. Sonra onunla yaşadığı mənzilə düşüb, amma qapıdan içəri heç biri daxil olmayıb. 5-10 dəqiqə keçmiş polis əməkdaşları gəliblər. Gecə saat 2 radələrində Mədinəni şöbəyə gətiriblər və o, qaynanasını öldürdüyünü etiraf edib.
Məhkəmə prosesində Mədinə Qreçneva elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, istintaq orqanı Mədinə Qreçnevanın əməlini düzgün olaraq CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Qreçneva 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qalereya
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayət - VİDEO
2018-ci il mayın 22-nə keçən gecə Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib. BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi...