Bakıda dəhşətli cinayət - VİDEO
2018-ci il mayın 22-nə keçən gecə Bakının Xətai rayonunda dəhşətli cinayət baş verib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinə (PB)-nə daxil olan məlumat əsasında polis və prokurorluğ əməkdaşları Naximov küçəsi 45/5 ünvanına cəlb olunublar.
Məlum olub ki, fərdi evdə, otaqların birində, döşəmə üzərində Günay İsgəndərovanın (1987-ci il təv.) və anası Ətir Şirinovanın (1954-cü il təv.) meyitləri aşkar edilib.
Xətai rayon prokurorluğunda CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həmin gün Ağdam RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı Sarıcalı kəndində saxlanılan Ramin İsmayılov Xətai RPİ-nin əməkdaşlarına təhvil verilib.
Təyin edilən məhkəmə-tibbi ekspertizaların rəylərinə görə, Günay İsgəndərovanın bədən səthində 26 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilib.
Ölümünə aldığı xəsarətlərlə əlaqədar baş vermiş kəskin qanitirmə şoku səbəb olub.
Ətir Şirinovanın ölümü aldığı 17 ədəd yaradan törənən kəskin qanitirmə nəticəsində baş verib.
İstintaqla müəyyən edilib ki, Xətai rayon məhkəməsinin 10.11.2016-cı il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulduqdan sonra Ramin İsmayılov 2010-cu il təvəllüdlü oğlu Səfər İsmayılovu keçmiş arvadı Günay İsgəndərovaya qaytarmaq qərarına gəlib.
2018-ci il mayın 21-də qısqanclıq zəminində qadını öldürmək qərarına gəlib.
2015-ci ildə istintaqa məlum olmayan mənbədən qanunsuz əldə etdiyi və həmin ünvanın həyətində, odun sobasında saxladığı ov bıçağını şalvarının arxa cibinə qoyaraq saat 22 radələrində içəri daxil olub. Günay İsgəndərovanın müxtəlif nahiyələrinə bıçaqla zərbələr vurub.
Ramin İsmayılovun hərəkətlərinin qarşısını alıb, qızını xilas etməyə çalışan Ətir Şirinovaya kəsici alətlə ardıcıl zərbələr endirib.
Bundan sonra yerdə oturmuş Günay İsgəndərovanın öldürülməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan, rəhimsizlik nümayiş etdirərək bıçaqla onun döş qəfəsinə və kürək nahiyəsinə təkrar xəsarətlər yetirib.
Bununla da xüsusi amansızlıqla iki şəxsi qəsdən həyatdan məhrum edib.
Təqsirləndirilən şəxs qismində dindirilmiş Ramin İsmayılov bildirib ki, Günay İsgəndərova ilə 2009-cu ildə ailə qurub, 1 ildən sonra oğlu anadan olub.
Xətai rayonun Naximov küçəsi 45 ünvanında torpaq sahəsi alaraq 3 otaqlı ev tikib.
2016-cı ilin noyabr ayında boşanıblar və övladı arvadının himayəsinə verilib. 2018-ci il aprelin 1-də Günayın anası və qohumları onları barışdırıb. Səhərisi gün o, yoldaşı və uşağı ilə Ağdam rayonuna gedərək bir müddət orada yaşayıblar.
8 gündən sonra qayınanası zəng edərək ərinin beyninə qan sızdığını və Günayın təcili Bakıya qayıtmasını deyib.
Ayın 13-də arvadı paytaxta yollanıb, oğlu onun yanında qalıb. Aprelin 23-də Günayın ad günü olacağına görə Ramin valideynləri və oğlu ilə şəhərə gəlib.
Lakin arvadı hamının qarşısında ondan kobud tərzdə çıxıb getməsini tələb edib. Buna görə onlar rayona qayıdıblar.
Rusiyaya getmək istədiyindən uşağı Günaya vermək qərarına gəlib. Mayın 21-i saat 22 radələrində oğlu ilə evlərinə tərəf gəldikdə, həyət qapısının açıq olduğunu və küçədə ağ rəngli avtomobilin dayandığını görüb.
Pəncərədən baxdıqda Günayın tanımadığı şəxslə söhbət etdiyini görərək bərk əsəbiləşib.
Oğlan avtomobilə əyləşib gedəndən sonra İsmayılov oğlunu qarajın üstündəki çənin arxasında gizlədərək orada dayanmasını tapşırıb, özü isə həyətə daxil olaraq odun sobasının içərisinə qoyduğu sarı rəngli qulpu, təxminən 30 sm. uzunluğundan olan suvenir bıçağı şalvarının arxa sağ cibinə qoyub.
Evə daxil olduqda Günayın ayaq üstə durduğunu, anası Ətir Şirinovanın yerdə oturub yun çırpdığını görüb.
Arvadından ünsiyyətdə olan oğlanın kim olduğunu soruşduqda qayınanası onun oğlunun dostu olduğunu deyib.
Günay həmin şəxsin avtomaşını olmasını, istədiyi paltarı, açıq və ya bağlı geyinməsinə qadağa qoymadığını bildirərək Raminlə mübahisə etməyə, onu hədələməyə, təhqir etməyə başlayıb.
Ramin bıçağı sağ əli ilə cibindən çıxarıb üzbəüz dayanan arvadına zərbələr vurub. Yerdən qalxan anası ilə əlbəyaxa olub, sonra bıçaqla qayınanasının müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Ətir yerə yıxılan kimi Günaya yaxınlaşıb, ona da növbəti xəsarətləri yetirib.
Sonra yoldaşının "Samsung" markalı telefonunu götürüb və bıçağı silərək, cibinə qoyub. Qaraja yaxınlaşıb, oğlunu çağırıb, həyətin qapısını bağladıqdan sonra taksi ilə avtovağzala yollanıb.
Orada "Mercedes" markalı avtomobilin sürücüsünə dörd nəfərin pulunu verib və rayona yola düşüb.
Evlərinə çatdıqda həyətdə polis əməkdaşlarını görüb, oğlunu öz valideynlərinə verərək polislərlə Ağdam RPŞ-nə gedib. Törətdiyi cinayəti etiraf edib, çantadakı bıçağı, habelə arvadının telefonunu təhvil verib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseyn İsgəndərov ifadəsində göstərib ki, öz puluna hissə-hissə ev tikərək cehiz kimi qızı Günaya verib.
Kürəkəni Ramin İsmayılov əsaslı səbəb olmadan ailədə mübahisələr yaradıb, yoldaşını təhqir edib. Əksər vaxtlar işsiz olub.
Bir neçə dəfə qızı ata evinə qayıdıb, lakin onlar ailənin dağılmamasından ötrü Günayı öz evinə qaytarıblar. Raminin xasiyyəti və hərəkətlərinə dözməyən qızı 2016-cı ildə rəsmi olaraq boşanıb.
Həmin vaxtdan İsmayılov onlardan əl çəkməyərək qızı ilə barışmaq istəyib, evlərinə gələrək hay-küy salıb, tez-tez əlində bıçaqla qızının qabağını kəsib, onu öldürəcəyini deyib.
Buna görə o, 35-ci polis bölməsinə şikayət edib. 2018-ci il mayın 21-i saat 23 radələrində oğlu Sənani gəlib, Günayla Ətirin öldürüldüklərini xəbər verib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməlləri CM-nin 120.2.3 (ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya dah çox şəxsi qəsdən öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə düzgün tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İsmayılov (1987-ci il təv.) ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli cinayət - Cinsi əlaqədə olduğu sələmçi qadını qətlə yetirdi - VİDEO
2018-ci il sentaybrın 13-də Sumqayıt ŞPİ, 2-ci polis bölməsi və şəhər prokurorluğunun əməkdaşları H.Zeynalabdın qəsəbəsi, S.Vurğun küçəsi, 1 ünvanında yerləşən...