Evdə yad kişi ətrini hiss etdim - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Evdə yad kişi ətrini hiss etdim - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Hadisə 550

Bakının Binəqədi rayonunda 1952-ci il təvəllüdlü Sahib şəxsi münasibətlər zəminində arvadı Arzunu (adlar şərti verilib - red.) qətlə yetirib.

BAKU.WS "teleqraf.com"-a istinadən bildirir ki, hadisə 2020-ci il mayın 22-də Biləcəri qəsəbəsində baş verib. Həmin qəsəbədəki evində Sahib 1956-cı il təvəllüdlü arvadı Arzunun boğazını kəsib və sonra polisə təslim olub.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılıb.

"Arvadım qızımın evində qalırdı"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Sahib ittiham üzrə özünü qismən təqsirli bilib.

O bildirib ki, 6 avqust 1952-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub: "Arzu ilə 1976-cı ildə ailə həyatı qurmuşam. Birgə nikahdan 3 övladımız - 1977-ci il təvəllüdlü Sədi, 1981-ci il təvəllüdlü Samirə və 1983-cü il təvəllüdlü Zahir dünyaya gəlib.

1974-cü ildən 2007-ci ilədək "Azərbaycan" mehmanxanasında inzibatçı vəzifəsində işləmişəm. 2007-ci ildə "Azərbaycan" mehmanxanası fəaliyyətini dayandırdığından işdən çıxdım. 2007-ci ildən 2013-cü ilədək "Monte Cristo" şadlıq sarayında inzibatçı işlədim. 2013-cü ildən təqaüdə çıxdım.

Yaşadığımız fərdi yaşayış evi mənə məxsusdur. Həmin evi bələdiyyə sənədi ilə tikdirmişəm, evə çıxarış almamışam. Ev sifarişim əsasında tikilib və 2020-ci ilin martında onu hazır şəkildə təhvil almışam.

2020-ci ilin aprelində həmin evə köçdük. Bu evdə mən və oğlum Səid yaşayırdıq. Çarpayı olmadığından həyat yoldaşım və oğlum Zahir qızım Samirənin evində qalırdılar".

Təqsirləndirilən şəxsin sözlərinə görə, qızı 1999-cu ildə ailə həyatı qurub: "Hazırda o, bizimlə eyni ünvanda yerləşən fərdi yaşayış evinə bitişik evdə iki övladı ilə yaşayır. Oğullarım Zahir və Səid əvvəllər evli olublar. Sonradan hər ikisi boşanıb.

Səidin əvvəlki nikahından 1 övladı olub. Zahirin isə övladı olmayıb. Oğlum Zahir və həyat yoldaşım Arzu 2020-ci ilin aprelindən qızımın evində qalıblar".

"Evdə yad kişi ətrini hiss etdim"

Sahib qeyd edib ki, evli olduqları dövrdə bir neçə dəfə həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib:

"Qızım Samirə dünyaya gəldikdən sonra - hələ 80-ci illərdə məndə həyat yoldaşımın xəyanət etməsinə dair fikirlər yaranmağa başladı. Onun davranışlarından mənə xəyanət etdiyini anladım. Hərdən evə gəldikdə həyat yoldaşım mənimlə yaxınlıqdan imtina edirdi. Həmçinin bir neçə dəfə evə gəldikdə evdən və yatağımdan yad kişi ətrinin gəldiyini hiss etdim. Bu barədə həyat yoldaşıma dedim. O, hər dəfə müxtəlif bəhanələr gətirdi, başqası ilə münasibətinin olmasını dandı. Bildirdi ki, məni tuta bilməzsən.

Həyat yoldaşımın mənə xəyanət etməsi ilə bağlı hər hansı qohumuma, dostuma və ya tanışıma heç nə deməmişəm. Bu barədə yalnız onun özü ilə söhbət etmişəm. Həmçinin düşünmüşdüm ki, Arzu məndən boşansa, pis yola düşər. Bu da adıma ləkə gətirər. Bu səbəbdən boşanmadım".

"Arvadımın xəyanət etdiyini düşünsəm də, susmuşam"

Təqsirləndirilən şəxs qeyd edib ki, 1983-cü ildə dünyaya gəlmiş övladı Zahir doğuşdan epilepsiya xəstəsi olub: "Zahirin xəstəliyi ilə əlaqədar gündəlik qayğıya ehtiyacı olması səbəbindən Arzudan boşanmaq istəmədim. Boşanmamağımın əsas səbəbi Zahirin xəstəliyi olub.

Arzu ilə evli olduğum dövrdə daim mənə xəyanət etdiyini düşünmüşəm. Lakin oğlum Zahirin xətrinə susmuşam. Həyat yoldaşımın mənə xəyanət etməsinə dəlalət edən konkret sübut əldə edə bilməsəm də, onun xəyanət etdiyinə əmin olmuşam".

Təqsirləndirilən şəxs deyib ki, son 3 ildə Arzudan ümumiyyətlə ondan soyuyub: "Çox az ünsiyyətdə olmuşuq. Hətta ayrı otaqlarda yatmışıq. Son 3 il ərzində arvadımın mənə xəyanət etməsi fikri ağlımdan çıxmadığından, həmçinin Arzunun xəyanət etməsini kiminsə bilib, mənə nakişi kimi baxması ilə bağlı Arzunu öldürmək niyyəti yarandı.

Lakin əvvəllər Arzunu öldürməyə cəhd etməmişəm. İllər əvvəl yataqdan gəlmiş yad kişi ətrini də heç cür unutmamışam".

"Bu fikirlər məni rahat buraxmadı"

Sahibin sözlərinə görə, 22 may 2020-ci ildə saat 15 radələrində Arzu evə gəlib: "Evin aşağı mərtəbəsində təmizlik işləri gördü. Həmin zaman evin ikinci mərtəbəsində yataq otağında uzanmışdım. Arzunun mənə xəyanət etdiyini düşündüm. Bu fikirlər məni rahat buraxmadı.

Bir müddət fikirləşdikdən sonra saat təxminən 16.30-da aşağı mərtəbəyə Arzunu yanına düşdüm. Oğlanlarım həmin vaxt bacısıgildə olublar. Arzu mətbəxdə idi. Qaz sobasını çöldən sildiyi zaman ona sobanın içərisini də təmizləməsini dedim. O, dizləri yarı bükülmüş vəziyyətdə əyilərək qaz sobasının içərisini təmizləməyə başladı.

Bu zaman gözüm mətbəxin girişindən sağda masanın üzərində olan bıçağa sataşdı. Bıçağı götürərək Arzunun əvvəlcə sol kürək hissəsinə vurdum. Bundan sonra o, dikəlməyə çalışdı. Mənə "vurma, eləmə" dedi. Lakin bıçağı sağ əlimdə tutaraq Arzunun boğazının sağ tərəfindən batırdım, sonra boğazını kəsdim.

Boğazını kəsdikdən sonra o, sol böyrü üstə mətbəxin döşəməsi üzərinə yıxıldı. Özüm isə dəhlizə çıxdım və istifadəmdə olan mobil nömrədən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim. Operatora həyat yoldaşımı qətlə yetirdiyimi bildirdim".

"Oğlumdan muğayat olmasını dedim"

Sahib qeyd edib ki, bundan sonra evin ikinci mərtəbəsinə çıxıb, qana bulaşmış şalvarını çıxarıb və həmin paltarı yataq otağına qoyub: "Sonra evin 2-ci mərtəbəsindəki hamam otağına keçdim və qana bulaşmış sol ayağımı yudum. Həmin ərəfədə polis əməkdaşları zəng edərək, yaşadığım ünvanı dəqiqləşdirdi. Təmiz paltar geyindikdən sonra qızımgilin evinin qapısına getdim. Qızımı çağırdım, ona oğlum Zahirdən muğayat olmağı tapşırdım.

Samirə məndən nə baş verdiyini soruşsa da, ona heç nə demədim. Qızım evimə daxil oldu. Mən isə evinin qarşısındakı ara yolla hərəkət etməyə başladım.

Qızım evinə girdikdən bir neçə dəqiqə sonra qışqırdığını, Səidi çağırdığını eşitdim. Evinin qarşısından bir qədər mərkəzi yola çıxdım. Həmin zaman Post Patrul Xidmətinin avtomobili mənə tərəf yaxınlaşdı. Patrul Xidmətinin avtomobilinə mindim".

"Hər kəsə can sağlığı və xoşbəxtlik arzulayıram"

Sahibin sözlərinə görə, 30 il müddətində arvadı Arzunu öldürmək fikri ilə yaşayıb: "İşlə əlaqədar Moskva şəhərinə ezamiyyətlə bağlı geymişəm, evdə Arzunu uşaqlarla tək qoymağa başladıqdan sonra onun mənə xəyanət etməsi fikri yarandı. Amma heç bir dəlil-sübutum olmayıb.

Bu fikirlərlə illərlə yaşamışam və dözmüşəm. Qurani-Kərimdə də bu məsələlərin olduğunu, xəyanətə görə lənətləndiklərini, bu səbəbdən ailələrində çoxsaylı uğursuzluqların, bədbəxt hadisələrin baş verdiyini bildirmişəm. Bunların hamısının Arzunun mənə xəyanətinə görə ilahi qüvvələr, Allah-taala tərəfindən göndərilmiş cəzalar olduğunu düşündüm. Maddi cəhətdən son vaxtlar sıxıntılar yaşamaqlarımın səbəbi də Arzunun heç bir halda sübut edə bilmədiyim, bir dəlil belə əldə edə bilmədiyim xəyanətləri olub. Dini cəhətdən bu məsələlər hamısı yerindədir və hər şey ilahi qüvvənin diqtə etdiyi kimi davam edir. Ona görə də hər kəsə can sağlığı və xoşbəxtlik arzulayıram".

Məhkəmə Sahib Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən həmin məcəllənin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

O, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.

Son xəbərlər