Eldar Mahmudovun əmlakları satışa çıxarılır-milyardlar ortada

Eldar Mahmudovun əmlakları satışa çıxarılır-milyardlar ortada
Hadisə 2564

Sabiq nazir və həbsdəki qudası müflisləşdirilir ; Mahmudovların Avropadakı əmlakları sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır; Cahangir Hacıyevin BƏƏ-də inşa edilmiş iki müəssisə də satışa çıxarılıb; ayyarım əvvəl sabiq nazirin oğlu istintaq qrupunun dörd əməkdaşının nəzarəti altında niyə ölkəni tərk edib?

BAKU.WS-in Yeni Müsavat saytına istinadən verdiyi məlumata görə, ötən ilin dekabrında həbs edilən Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin və qudası Eldar Mahmudovun bütün əmlaklarına əl qoyulub və  satışa çıxarılır. "Yeni Müsavat”ın məlumatına görə, MTN işi üzrə xüsusi istintaq qrupunun əlində sabiq nazir Eldar Mahmudovun həm ölkə daxilində, həm də xaricdə dəyəri 1 milyardı aşan əmlakının siyahısı var. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ötən həftə keçirdiyi mətbuat konfransında MTN naziri ilə bağlı istintaq-əməliyyat tədbirlərinin Baş Prokurorluq tərəfindən aparılmadığını təsdiqləmişdi. "Yeni Müsavat” hələ aylar öncə yazmışdı ki, Eldar Mahmudovla bağlı istintaqı Xüsusi Dövlət Mühafizə Xidməti aparır. Qaynağımız deyib ki, xüsusi istintaq qrupu Eldar Mahmudovu və onun ailə üzvlərini bir neçə dəfə dindirib. Əsas məqsəd isə MTN nazirin son 10 il ərzində sahibləndiyi mal-mülkün-bunların sırasında xarici bank hesabları da var-siyahısını müəyyənləşdirməkdir.  İddia olunur ki, Eldar Mahmudovun oğlunun Londonda üzə çıxan 30 milyon funt-sterlinq (təxminən 48 milyon dollar) dəyərində mülkü, sadəcə, istintaq üçün bir "yem” kimi ortaya atılıbmış. Amma məlum olub ki, Mahmudovların daşınmaz əmlakının əsas hissəsi Avropanın digər ölkələrində, əsasən İspaniya və Çexiyadadır.  

Qaynağımız deyib ki, əmlaklar istisnasız olaraq Mahmudovlar ailəsinin üzvlərinin adına olduğu üçün onları üzə çıxarmaq xüsusi çətinlik yaratmayıb. Ayyarım  əvvəl Mahmudovun oğlu istintaq qrupunun dörd əməkdaşının nəzarəti altında ölkəni tərk edib və siyahı üzrə araşdırma başlayıb. İstintaqdan məlumatlı şəxs deyib ki, Mahmudovların Avropadakı əmlakları, sadəcə, baha deyil, onların içərisindəki mebellərin, çıl-çırağın və qab-qacağın qiyməti bir neçə milyonu aşır. Xəbərə görə, hələ ki mülklər satışa çıxarılmır, içərisindəki inventarlar siyahılaşdırılır, hər tərəfi didik-didik axtarılır. Güman etmək olar ki, istintaq onlar üçün maraqlı olan hansısa kompromat materialları da axtarır. E.Mahmudovun Rusiyada tikinti biznesinin olduğu bildirilir. Bu bizneslə bağlı da bir müddətdir araşdırma başlayıb və bu işə Rusiya hüquq-mühafizə orqanlarının da ciddi dəstək verdiyi gələn xəbərlər sırasındadır.  

Paralel olaraq Mahmudovların Azərbaycandakı bütün əmlakları və şirkətləri də tam siyahılaşdırılıb. Sabiq nazirin ailəsinə məxsus "Caspian Crystal” holdinqinə daxil  olan restoranlara, mağazalara, avtosalonlara, villalara, hətta tikintisi yarımçıq qalmış mülklərə belə  "əl qoyulub”. "Bu, eynilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonrakı proseslərdir. Eldar Mahmudovdan qazandığı və gizlətdiyi hər şeyi geri istəyirlər” deyə, mənbəmiz bildirib.   Mahmudovun xəstə olması barədə yayılmış məlumatlara gəlincə, mənbə bunu təsdiqləmir. "Eldar Mahmudovun səhhətində əvvəllər də problem olmayıb, indi də özünü normal hiss edir” deyə, bildirib.

Beynəlxalq Bankının İdarə Heyətinin sabiq rəhbəri, hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan  C.Hacıyevin də Birləşmiş Ərəb Əmirliklərində inşa edilmiş iki müəssisəsi satışa çıxarılıb. Söhbət "İntertekstil” fabrikindən və "İntersteel” poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti sərf olunub. Virtualaz.org  istintaqa yaxın mənbələrə istinadən yazır ki, Birləşmiş Ərəb Əmirliklərindəki zavodların sahibi kimi "İntermet” offşor şirkəti göstərilir. Həmin şirkətin payçıları isə çeçen əsilli iş adamı, Rusiya vətəndaşı Hüseyn Marayev və adı neçə vaxtdır Beynəlxalq Bankın boşaldılması işində keçən Fransa vətəndaşı Xaqani Bəşirovdur. Belə ki, səhmləri H.Marayevin nəzarətində olan "Golden Bat” şirkəti "İntermet”in səhmlərinin 50 faizinə, Xaqani Bəşirovun Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş "Camelot Oil & Gaz” şirkəti isə qalan 50 faizinə nəzarət edir. Başqa sözlə, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev yüz milyonlarla manat krediti Marayevlə Bəşirova ayırıb, Adil Hüseynovun rolu isə bankın Dubay nümayəndəliyinin rəhbəri kimi vəsaitlərin xərclənməsinə nəzarəti təmin etməkdən ibarət olub.

Beynəlxalq Bankın girovluğunda olan zavodların satışına dair danışıqları Hüseyn Marayevlə Xaqani Bəşirov aparır. Omandan, Qətərdən bu zavodlarla maraqlanan investorlar var, bəzi məlumatlara görə, artıq ilkin razılaşma əldə edilib. Əgər zavodların satışına dair razılıq əldə edilsə, deməli, Beynəlxalq Bank onları girovluqdan çıxarmalıdır. Ancaq zavodların satışından nə qədər vəsaitin əldə olunacağı, bu vəsaitlə bankın ayırdığı krediti bağlamağın mümkünlüyü hələ məlum deyil. Maraqlıdır ki, bankın xaricdəki aktivlərinin idarə edilməsi və satışının təşkil edilməsi işini Xəqani Bəşirov aparır.

BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudov infarkt keçirdi

Eldar Mahmudov infarkt keçirdi

Sabiq bankir əmlaklarının siyahılarını, gizli bank hesablarının nömrələrini, devalvasiyadan əvvəl həyata keçirilən əməliyyatlar haqda bütün məlumatları açıqlayı...

3023 Hadisə 11:55 09 dekabr 2015

Son xəbərlər