Bakıda transformatorun içərisində “tok” vuran gənclər haqqında yeni xəbər
Ötən gün Bakının Nəsimi rayonunda transformatorun içərisində elektrik cərəyanı vuran gənclər öz günahlarının ucbatından xəsarət alıblar. Bu barədə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, bütün yerlərdə quraşdırılan transformatorlar xüsusi qoruyucu qutunun içərisində olur. Həmin qutu da xüsusi tikilmiş yerdə olur. Oranın də qapısı bağlı olur. "Allah şəfalarını versin. Gəncdirlər, yəqin sevgidən nə etdiklərini bilməyiblər. Həmin gənclər qıfılı qıraraq içəri giriblər. Yüksək gərginlikli naqillərə toxunublar və faciə baş verib”, - deyə Tanrıverdi Mustafayev bildirib.
Qurum rəsmisi deyir ki, hər bir işıq kantoru, yüksək enerji keçən ərazilər və transformator qoyulan yerlərdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə qorunur. Üstəlik həmin ərazilərə "TƏHLÜKƏLİDİR” xəbərdarlığı da vurulur. "İnsanlar hər şeydən əvvəl öz həyatlarının qədrini bilməlidir. Özlərini qorumalıdır. Qaydalara əməl etməlidir”, - deyə Tanrıverdi Mustafayev vurğulayıb. Xatırladaq ki, dünən Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub. Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib. Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qızla oğlanın transformatorun içində görüşü faciəyə səbəb oldu (VİDEO)
Nəsimi rayonunda bədbəxt hadisə baş verib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, rayonun Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və...