Bakı avtobusunda şou: siqaret dumanı, yüksək sürət və pis rəftar (VİDEO)
Bakıda Nəqliyyat Nazirliyinin, yol polisinin xəbəri olmadan qeyri-qanuni sərnişin avtobusları fəaliyyət göstərir.
BAKU.WS həmin avtobuslarla bağlı maraqlı faktları araşdırıb və bu müəmmalı sirrin üstünü aça bilib. İlk öncə qeyd edək ki, belə avtobuslardan biri də "Əhmədli” metrostansiyasından "Xəzər” univermağı, köhnə 20 saylı avtobusun son dayanacağına qədər işləyir. Həmin avobusların sayı təxminən 4-dür. Onların içərisində şəhər nəqliyyatı üçün qadağan edilən mikroavtobuslar da var. Adıçəkilən avtobusların sürücülərinin yaşı isə ən çox 18-19 olar. Sürücülər avtobusu idarə edərkən yüksək səslə musiqi səsləndirirlər. Siqarət çəkən, sərnişinlərlə pis rəftar edib, onları təhqir edənlərə də rast gəlmək mümkündür.
Qulu Vəliyev adlı sərnişin BAKU.WS-in redaksiyasına sentyabrın 9-da axşam saatlarında çəkilən video yollayıb. Videoda görünür ki, sürücü və yanındakı "konduktor" siqaret çəkirlər. Bundan əlavə avtobusun hər iki qapısı açıqdır. "Konduktor" isə qapıdan sallanaraq müxtəlif hərəkətlər edir.
Maraqlıdır görəsən, adi vətəndaş şəxsi maşınına bir nəfər mindirən kimi 10-15 nəqliyyat müfəttişi onun başının üstünü aldığı bir vaxtda, niyə bu cür avtobuslar sərnişindaşıma ilə rahatca məşğul olurlar? Axı niyə nə yol polisi, nə də nəqliyyat müfəttişi həmin sürücülərə söz deməyə cəsarət etmir? Buradan bir nəticəyə gəlmək olar. Ya bu məsələnin arxasında hansısa güclü məmur dayanır, yaxud da... Fərziyələrlə danışmamaq üçün məsələni aradırmaq istədik və Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyəti Cəmiyyətilə əlaqə saxladıq. Qurumun sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimli BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin avtobuslar qeyri-qanunidir. "Əgər avtobusun üstündə nömrə yoxdursa, onlar qanunsuz fəaliyyət göstərir. Bu barədə heç nə deyə bilmərəm. üstündə nömrə olan avtobuslar belə edə bilməzlər”, - deyə Vüqar İbrahimli bildirib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə ümumiyyətlə bu barədə danışmaq istəmədi. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı isə BAKU.WS-ə açıqlamasında bu barədə məlumatının olmadığını bildirdi. Qurum rəsmisi məsələnin araşdırılacağını və lazımı tədbirlər görüləcəyinə söz verdi. Bakı şəhər Dövlət Yol Polis idarəsinin şöbə rəisi Vaqif Əsədov da BAKU.WS-ə məsələ barədə xəbərsiz olduğunu bildirdi. Lakin Vaqif müəllim son günlər sərnişindaşımada vəziyyətin yaxşılığa doğru getdiyini bildirdi. "Avtobusun qapısını açıq sürdüyü, səsgücləndiricidən istifadə etdiyi, işıqforun qırmızı işığından keçdiyi üçün çoxsaylı avtobus sürücü cərimələnir. Paytaxt üzrə təhlil apardıqda bu sahədə müsbət dəyişikliklərin olduğunu deyə bilərəm. Bu sahədə yol polisi çox yaxşı işləyir”, - deyə Vaqif Əsədov bildirdi. Biz isə məsələ barədə əlavə şərh verməyə ehtiyc duymuruq və Bakıda sərnişin avtobuslarında baş verən hadisələrdən birinin videosunu təqdim edirik: Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakıda daha bir avtobus sürücüsü “avtoş”luq etdi (VİDEO)
Bakıda avtobus sürücüləri sərnişinlərin həyatı ilə oynamaqda davam edir. BAKU.WS-in məlumatına görə, bu gün 79 saylı "Daewoo” markalı, 10 TG 704 nömrə nişanlı...