Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS
xəbər verir ki, oktyabrın 17-də Qax rayonu, Üzümlü kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəyyənləşdirilib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələrkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKU.WS