SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasına xəsarət yetirməkdə təqsirləndirilən Şamil Əhmədov Abdulla oğlunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
 
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ş.Əhmədov, zərərçəkmişin hüquqi varisi Əfsanə Hüseynova, Təranə Hüseynova və Ş.Əhmədovun qardaşı Kamil Əhmədov ifadə verib.

Ş.Əhmədov ifadəsində hadisə haqda danışıb: "2013-cü ilin iyun ayının 18-i idi. Azərbaycandan Rusiyaya getməyə hazırlaşırdım. Gecə saat 23:00 radələrində bir az pivə içib keçmiş həyat yoldaşım Təranə Hüseynovanın yaşadığı mənzilə getdim. İki azyaşlı qızımı görmək istəyirdim. Təranə ilə çoxdan ayrılmışdıq. O, müğənnidir, toylarda mahnı oxuyur. Elə ayrılmağımıza da səbəb onun toylarda ifa etməsi olub. Həmin gün Təranəyə zəng elədim. Mənə toydan evə qayıtdığını dedi. Taksidən düşəndə onun geyimi xoşuma gəlmədi. Dəfələrlə Təranə ilə aramızda mübahisə düşürdü. Yenə onunla mübahisə etdim. Mübahisədən sonra maşına oturdum. Bu zaman Təranə yerə yıxıldı. Maşından düşüb onu yerdən qaldırmaq istədim. Qızlarım çox qorxdu. Bizim səsimizə onun atası Təyyar Hüseynov gəldi. Onun əlində elektroşok cihazı var idi. Əvvəl onun əlindən vurdum. Sonra kişinin sinəsindən itələdim. Hadisə zamanı qardaşım da ora gəlmişdi. Məni oradan uzaqlaşdırdı. Maşınımın da qabaq hissəsinin pəncərəsi sındırılmışdı. Sonra mənə onu Təranənin bacısı Əfsanənin etdiyini dedilər. İyunun 22-də də Rusiyaya getdim. Orada eşitdim ki, Təyyar Hüseynov xəstəxanada ölüb".

Daha sonra müğənni Təranə Hüseynova ifadə verib. T.Hüseynova bildirib ki, Ş.Əhmədov onun müğənni olmasından əvvəllər də xəbərdar olub: "Mən 17 yaşımdan mahnı oxuyuram. Mahnı yarışmalarının iştirakçısı olmuşam. İkinci övladım dünyaya gələnə qədər toylarda ifa edirdim. Şamillə aramızda həmişə mübahisə düşürdü. Daha əvvəl iki dəfə həbs edilib. Yəni Şamil həmin vaxtlar da bizim ailəyə ziyan vurub. O, həbsdə olan zaman toylara gedib qazandığım pullardan ona gətirib verirdim. Hadisə günü Şamil gəlib məni döydü. Sonra atamı vurdu. Atam ona görə öldü. Elə anam da atamın ölümündən sonra dünyasını dəyişdi".
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2013-cü il iyun ayının 18-də Sumqayıt şəhəri, İnşaatçılar prospektində yerləşən yataqxanada baş verib. Bir müddət əvvəl həyat yoldaşı Təranə Hüseynovadan ayrılan Əhmədov Şamil Abdulla oğlu onunla barışmaq üçün yaşadığı ünvana gəlib. Ş.Əhmədov keçmiş həyat yoldaşını zorla özü ilə aparmaq istəyib. Bu zaman dava düşüb. O, keçmiş həyat yoldaşını azyaşlı qızlarının gözü önündə döyüb. Bunu görən T.Hüseynovanın atası Təyyar Hüseynov qızını müdafiə etmək istəyərkən Ş.Əhmədov onu da vurub. Kəllə-beyin travması alan T.Hüseynov xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Ş.Əhmədov Rusiya Federasiyasına qaçıb. O, bir müddət sonra Sumqayıt şəhər hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Daha sonra Rusiyada tutulan Ş.Əhmədov Azərbaycana təhvil verilib.

Ş.Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə əsasən ittiham olunur.
Xatırladaq ki, Ş.Əhmədov bundan əvvəl iki dəfə məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham olunub.
 
BAKU.WS