London və Bakı strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıq haqqında sənədin mətnini razılaşdırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sahibkarlıq, İnnovasiyalar, Elm və Ticarət Nazirliyinin ticarət üzrə dövlət naziri lord Anas Sarvar Azərbaycan və Böyük Britaniya arasındakı Hökümətlərarası Komissiyanın 8-ci iclasında bildirib.
Dövlət naziri xatırladıb ki, ötən il Bakı və London münasibətləri strateji tərəfdaşlıq səviyyəsinədək inkişaf etdirmək barədə razılığa gəliblər.
"Məmnuniyyətlə bildirirəm ki, biz bu tərəfdaşlığın mətnini razılaşdırmışıq və bu sazişi birlikdə imzalamaları üçün bizim baş nazirimizin Endi Börnhemin və ölkənizin prezidentinin İlham Əliyevin görüşünü səbirsizliklə gözləyirəm", – o deyib.
Sarvarın sözlərinə görə, Böyük Britaniya və Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasına həmsədrlik etmək onun üçün həm də böyük şərəfdir.
"Komissiyanın bu iclası iki ölkəmiz arasındakı münasibətlərin mühüm bir məqamında, bəlkə də tariximizdəki ən əhəmiyyətli dönüş nöqtələrindən birində keçirilir. Ötən il Böyük Britaniya və Azərbaycan münasibətlərimizin səviyyəsini strateji tərəfdaşlığadək yüksəltmək barədə razılığa gəldilər. O vaxtdan bəri ölkələrimizin hökumətləri bu sazişi və tərəfdaşlığımızı real məzmunla doldurmaq üzərində fəal şəkildə işləyiblər", – britaniyalı nazir qeyd edib.
Oxşar xəbərlər
Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır
"UK Export Finance" Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,623 milyon dollar) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır...