Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan 18 aylıq Zəhranın ailəsi Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aldadılıb.

BAKU.WS-in yenicag.az-a istinadən verdiyi məlumata görə, rayon icra hakimiyyətinin “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş” şöbəsinin müdiri Qənimət Əliyev Zəhranın anasının savadsızlığından istifadə edərək, ərizəyə qol çəkdirib. Bu barədə, Zəhranın valideynləri tərəfindən Prezidentə ünvanlanan məktubda deyilir.

Həmin ərizədə guya ailənin onlara təklif olunan ev və digər məsələlərdən imtina etdiyi qeyd olunur.

Məsələ ilə bağlı şəhid balamızın atası Elnur Quliyevlə əlaqə saxladıq. E. Quliyev, məlumatı təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədiyini dedi:

“Bu məsələni özüm həll edəcəm. Xahiş edirəm, heç kim qarışmasın. Özüm Prezident Aparatının qarşısına çıxacam. Mən kimləri kreslodan yıxacağımı bilirəm”.

Füzuli rayon İcra Hakimiyyətindən isə BAKU.WS-ə məsələdən agah olduqlarını bildirdilər.

İH mətbuat katibi Bayram Niftəliyev qeyd etdi ki, Ermənistan hərbçilərinin təxribatı nəticəsində 18 aylıq Zəhra Quliyeva və onun nənəsinin qətlə yetirilməsi prezident İlham Əliyevin diqqət mərkəzində olan hadisədir və Füzuli rayonu rəhbərliyi tərəfindən məsələyə həssaslıqla yanaşılır.

İddiaya gəlincə, B.Niftəliyev bildirdi ki, “Əsgər ailələrinə dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızının adından aidiyyatı üzrə ölkə rəhbərliyinə müraciət edilib.

“Bu düzgün deyil. Uşağın qırxı çıxmayıb, onlar bundan bəhrələnmək istəyiblər. Hansısa maddi məqsədlər güdürlər, bu ailənin adından istifadə etmək, adını hallandırmaq düzgün deyil”, - deyə İH nümayəndəsi bildirib.

İH rəsmisi həmçinin bildirdi ki, hazırda onlara ev və ya torpaq verilməyib: “Fərdi yaşayış evləri var, 21 sot həyətyanı torpaq sahəsi, 1 hektar suvarılan torpaq sahəsi, 5 hektar əkinə yararlı torpaq sahəsi var. Gələcəkdə müraciət edərsə, fərdi yaşayış evi verilə bilər. Həyətyanı torpaq sahələri İcra Hakimiyyəti tərəfindən həyata keçirlmir, bələdiyyələr bu işi görür."

BAKU.WS