Manaf Ağayev Kamil Zeynallının Zəhra ilə bağlı dediyi sözlərə CAVAB VERDİ (VİDEO, FOTO)

Manaf Ağayev Kamil Zeynallının Zəhra ilə bağlı dediyi sözlərə CAVAB VERDİ (VİDEO, FOTO)
Video
Şou-biznes 14923

Tanınmış müğənni Manaf Ağayev idman məşqçisi Kamil Zeynallının bir neçə gün öncə ermənilər tərəfindən qətlə yetirilmiş Füzuli rayonunun Alxanlı kənd sakini, 2 yaşlı Zəhranın məzarının üstündə paylaşdığı fotoya görə onu tənqid edənlərə verdiyi cavaba münasibət bildirib.

BAKU.WS-in "ölkə.az"-a istinadən verdiyi məlumata görə, Ağayev Zeynallının "şou biznesin 70 faizi Füzulidəndir. Niyə heç kim Füzuliyə gəlib Zəhranın qəbrini ziyarət etmir?" fikrini yanlış adlandırıb:

"O yaxşı söz deyil. Zəhranın üç mərasimində burada olmamışam. Bilirlər ki, nə vaxt Füzulidən şəhid olubsa, birinci gedənlərdən olmuşam. Bunu Füzuli camaatı gözəl bilir. O sözü də kim deyirsə, yaxşı iş görmür. Lələtəpə azad olunanda oraya hansı formada getmişəm, mənimlə gedən uşaqlar bilir. Oraya getməyimin şəklini görə bilərsiniz, apardıqlarımı yox. Nəyisə reklam xatirinə eləmirəm. Bəli, Zəhranın qəbrini ziyarət etmək hər bir vətəndaşın borcudur. Kiminsə işi olub getməyibsə, bu o demək deyil ki, vətən xainidir. Qırx mərasiminə qədər-cümələrində iştirak etmək olar. Füzuli mənim öz el-obamdır. İnşallah, gedib ziyarət edəcəyəm. Sadəcə, müəyyən səbəblərdən gedə bilməmişəm. Mənim kimi neçə insanın da işi olub, gedə bilməyib. Bu, ölü yiyəsinə hörmətsizlik deyil. Füzuli camaatı bilir ki, xeyirdə, şərdə başda olmuşam. Öyrənmişəm ki, sabah Zəhranın yeddi mərasimidir və çalışacam ki gedim. Sabah da alınmasa, bu həftə içərisində gedəcəyəm". 

Xatırladaq ki, K.Zeynallının Zəhranın qəbrini ziyarət edərkən çəkdirib sosial şəbəkədə paylaşdığı fotolar bəzi şəxslər tərəfindən reklam kimi qiymətləndirilib. Məşqçi isə öz növbəsində ona hədəflənən iddiaları belə cavablandırıb:

"Bu yer Zəhranın nənəsi ilə gəzməyə çıxdığı və şəhid olduqları yerdir... Evlərinin qarşısı... And içirəm ki, bu şəkilləri paylaşmaqda məqsədim bəzilərinə bu mesajı çatdırmaq olub. Dənizdə, hovuzda istirahətə ayırdığınız 5-6 saatı, imkan tapıb Zəhranın ailəsinə ayırın...Mən qız atasıyam. Zəhranın atası kimi... Bu dərdi ən çox valideyn olan şəxslər anlayar. And olsun yaradana ürəyim sızlayıb deyə gəlmişəm. Mənə "Özünü reklam edir" deyənlərə bir sözüm var: Mən sadəcə Azərbaycan vətəndaşı olaraq, öz borcumu yerinə yetirməyə gəlmişəm. Bu öz içimdən gələn valideyn duyğusudur. Şou biznesin 70 faizi Füzulidəndir. Niyə heç kim Füzuliyə gəlib Zəhranın qəbrini ziyarət etmir?..."

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb.

BAKU.WS

Son xəbərlər