23 milyonluq heroin Azərbaycandan necə daşındı?

23 milyonluq heroin Azərbaycandan necə daşındı?
Hadisə 843

Son vaxtlar Azərbaycandan 3-cü ölkələrə aparılan narkotik maddələrin müəyyən olunaraq götürülməsi halları artıb. Bunu narkotik vasitələrin müəyyən olunması üçün tətbiq edilən yeni qurğularla, əməliyyat işinin daha yaxşı təşkil edilməsi ilə də əlaqələndirənlər var.2020-ci ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilib. 630 kiloqram 874,4 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Bu, aşkar edilən narkotik vasitələrdir. Bəs müəyyən olunmayan, mənzilbaşına çatan narkotik vasitələr nə qədərdir?

BAKU.WS Yeni Müsavat-a istinadən xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü Rauf Zeyni Azərbaycan müstəqillik qazanandan sonra mənfur qonşularla müharibəyə cəlb olunduğundan, işğal altında olan ərazilərimiz narkomafiyaların maraq dairəsində olduğunu bildirib:

“Narkomafiyalar əsasən gərginlik ocaqları olan ərazilərdəki separatçılarla əlbir işləyirlər. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə sonradan marşrutu dəyişdilər. Balkanları cənub və şimal marşrutlarına dəyişdilər. İran, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilir. Ukrayna əraziləri də narkoticarətçilərin tranzit yollarına daxildir. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - ”Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçir.

Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınır. Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedir".

Rauf Zeyni deyir ki, hər il dünya üzrə 10 tonlarla narkotik vasitələr məhz marşrutlar üzrə hərəkətdə olarkən tutulur: “Azərbaycanda 2020-ci ilin I rübü ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilib. Bu ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1540 fakt aşkar edilib. Onlardan 600-ü narkotik vasitələrin qanunsuz satışı, 908-i qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə digər cinayətlərlə bağlı olub. Aşkar edilən faktlar üzrə ümumi çəkisi 630 kiloqram 874,4 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 236 kiloqram 9 qramını marixuana, 93 kiloqram 253,9 qramı tiryək, 233 kiloqram 805 qramını heroin, 16 kiloqram 694 qramını həşiş, 51 kiloqram 111 qramını psixotrop maddələr və digərləri təşkil edib”.

Komissiya üzvü deyir ki, 3 ay ərzində narkotik vasitələrlə əlaqəli cinayətlərə görə məsuliyyətə 780 nəfər cəlb edilib: “Onlardan 16-18 yaşadək 2 nəfər, 18-25 yaş 69 nəfər, 26-29 yaş 142 nəfər, 30 yaşdan yuxarı isə 567 nəfərdir. Məsuliyyətə cəlb olunanlardan 28 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i nəqliyyat işçisi, 1-i kənd təsərrüfatı işçisi, 177-si əvvəllər cinayət törədənlər, 3-ü əvvəllər xüsusi qeydiyyatda olan, 530-u işləməyən, 757-si kişilər, 23-ü qadın, 24 nəfəri xarici ölkə vətəndaşıdır. Əcnəbilərdən 17-si İran İslam Respublikası, 4-ü Gürcüstan və 3-ü Rusiya Federasiyasının vətəndaşlarıdır. Ümumilikdə hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş cinayət faktlarının 98-i qaçaqmalçılıq yolu ilə törədilmiş və qeyd olunan faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 189 kiloqram 096,1 qram müxtəlif növ narkotik vasitələr çıxarılıb. Bundan əlavə, aşkar edilmiş cinayət faktlarının 104-ü qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 148 kiloqram 769 qr narkotik vasitələr müsadirə olunub”.

Rauf Zeyni deyir ki, 3 ay ərzində müəyyən edilən cinayətlərin 277-si əvvəllər cinayət törətmiş şəxslər tərəfindən törədilib: “Bu kateqoriyaya aid şəxslərdən 103 kiloqram 465 qram müxtəlif növ narkotik vasitələr götürülüb. Qanunsuz dövriyyədən çıxarılmış 630 kiloqram 874 qr narkotik vasitənin 236 kiloqramını və ya 37,4 faizini yüngül təsirə malik narkotik vasitə olan marixuana təşkil edib”.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2020-ci ilin 3 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 9353 nəfər keçib. Onlardan 1769 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 964 nəfərdə pozitiv nəticə aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Bu ilin 3 ayı ərzində 828 nəfər ambulator məcburi narkoloji tibbi yoxlamadan keçib və onlardan 546 nəfərə narkomaniyadan məcburi müalicə təyin edilib.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 2020-ci ilin I rübü ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 13,4%-i, ümumiliklə isə 1992-ci ildən 2020-ci ilin mart ayının 1-dək yoluxma hallarının 40,5%-i infeksion narkotik istifadəsi nəticəsində baş verib.

Rauf Zeyni deyir ki, narkomafiyalar ağlasığmaz dərəcədə böyük pullara sahibdirlər və narkoticarətlə məşğul olan cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqam da məhz böyük pullardır: “Bu gün ölkələr üzrə narkomanların dəqiq sayı bilinmir. Ümumi hesablamalar var. Məsələn, bir ölkədə rəsmi olaraq 30 min narkoman varsa, beynəlxalq təşkilatlar həmin rəqəmi 10-a vurub ölkə üzrə azı 300 min nəfər narkomanın olmasını hesaba alır. Ölkələr üzərindən daşınan narkotikin neçə faizinin mənzilbaşına çatmadan saxlanılması ilə bağlı isə belə bir düstur yoxdur. Çünki narkodaşımaların tam həcmini müəyyən etmək çətindir. Bu işlərlə müxtəlif narkomafiyalar məşğul olur. 1 qram heroinin ”qara bazar"da qiyməti 100 dollardır. Bu ilin 3 ayı ərzində Azərbaycan hüquq-mühafizə orqanları 233 kiloqram heroin aşkar edərək götürüblər. Kokainin isə Bakıda 1 qramı 400 dollardır. Məlumdur ki, Əfqanıstandan Avropaya heroin, Cənubi Amerikadan isə kokain daşınır. Son vaxtlar süni narkotiklərdən də istifadə geniş yayılıb. Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar.

Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur. Yəni hüquq-mühafizə orqanları səylərini artırdıqca, narkomafiyalar da yeni üsullara əl atırlar. Ümumiyyətlə isə narkotik, insan orqanlarının, silahların alveri dünyada ən böyük qanunsuz dövriyyədir. Bu dövriyyəni bir qərarla durdurmaq mümkünsüzdür. Bu gün Azərbaycanın işğal altında olan ərazilərində silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər. Narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi tonlarladır. Azərbaycan üzərindən nə qədər narkotik daşınması isə məlum deyil".

Son xəbərlər