SOCAR prezidentindən səmimi etiraf: "Vaxtilə yollarımız bərbad vəziyyətdə idi"

SOCAR prezidentindən səmimi etiraf: Vaxtilə yollarımız bərbad vəziyyətdə idi
İqtisadiyyat 1027

 

"Dünyada hökm sürən maliyyə və iqtisadi böhranın ölkəmizin iqtisadiyyatına və əhalinin yaşayış səviyyəsinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl antiböhran tədbirləri həyata keçirilir, ictimaiyyət bununla bağlı mütəmadi məlumatlandırılır".

BAKU.WS-in məlumatına görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Şamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. O bildirib ki, neftin qiymətinin kəskin aşağı düşməsinin fəsadları, dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində minimuma endirilib. Qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısının verdiyi konkret tapşırıqlar ictimaiyyət tərəfindən tam dəstəklənir.

Diqqətə çatdırılıb ki, regionların dinamik inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətin strateji hədəfidir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bölgələrimizin siması büsbütün dəyişib. Bu proqramlarda infrastruktur layihələrinə böyük önəm verilib. Qısa müddətdə Azərbaycanda, o cümlədən Şamaxıda şəhər mərkəzləri, kənd və qəsəbələr abadlaşıb, yollar salınıb, xəstəxanalar, müasir idman kompleksləri, minlərlə məktəb inşa olunub.

R.Abdullayev deyib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsasında Azərbaycan vətəndaşı, onun rifahının yaxşılaşdırılması dayanır. Büdcə gəlirlərinin azalmasına baxmayaraq, Prezident İlham Əliyev sosial proqramların tam həcmdə icra olunmasını prioritet vəzifə kimi qarşıya qoyub. Təkcə son bir ay ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə aztəminatlı vətəndaşların rifahının yaxşılaşdırılması məqsədilə bir sıra sərəncamlar imzalanıb. Süni qiymət artımının qarşısının alınması, pensiya və müavinətlərin, maaşların artırılması məhz əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir.

SOCAR-ın prezidenti çıxışında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr edilən konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb. Bu vəzifələrə əsasən dinamik iqtisadi inkişafın təmin edilməsi, iqtisadiyyatın qeyri-neft sektorunun dəstəklənməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, korrupsiya, rüşvətxorluq və digər bu kimi mənfi halların aradan qaldırılması daxildir.

Həyata keçirilən sosial layihələrdən də danışan R.Abdullayev xatırladıb ki, vaxtilə yollarımız bərbad vəziyyətdə idi: "Yol infrastrukturu sıfırdan qurulmağa başlandı. Bu layihələr indi də davam edir. Məsələn, Şamaxı yolunda işlərin demək olar ki, birinci mərhələsi artıq başa çatıb. Növbəti mərhələ də yekunlaşdıqdan sonra Bakını Şamaxı ilə birləşdirəcək yol dördzolaqlı olacaq. Dövlətimizin başçısı, eyni zamanda, kənd yollarının tikintisinə də böyük önəm verir. Belə layihələrdən biri də Şamaxıda reallaşıb. İndi Kürdəmirdən Şamaxıya 20 dəqiqəyə gəlmək mümkündür”.

SOCAR-ın prezidenti deyib ki, vaxtilə elektrik enerjisi verilişində də böyük sıxıntılar yaşanırdı. Rayonlarda, kəndlərdə işıqlar tez-tez sönürdü. Azərbaycanın özünü elektrik enerjisinə olan tələbatını tam ödəmək imkanına malik olmasına baxmayaraq, yerlərdə əhalinin enerji təminatında problemlər yaranırdı. Buna görə dövlətimizin başçısı bu istiqamətdə işi yaxşılaşdırmaq üçün "Azərişıq” ASC-ni yaratdı. Hazırda rayonlarda elektrik şəbəkələri yenilənir, yararsız dirəklər, transformatorlar dəyişdirilir, müasir paylayıcı xətlər çəkilir. Tezliklə bu sahədə də əsaslı dönüş yaranacaq.

Həyata keçirilən beynəlxalq neft-qaz layihələri barədə məlumat verən R.Abdullayev qeyd edib ki, "Şahdəniz” layihəsinin ikinci mərhələsinin və "Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılmasına başlayanda Prezident İlham Əliyev qarşımıza belə bir vəzifə qoymuşdu: Azərbaycan 2018-ci ildə Türkiyə və Avropaya təbii qaz ixrac edənə qədər ölkədə maksimum şəkildə qazlaşdırma həyata keçirilməli, bütün kəndlər "mavi yanacaq”la təmin olunmalıdır. Biz də bu istiqamətdə əməli işə başladıq. 2004-cü ildə Azərbaycanda Bakı da daxil olmaqla, cəmi 750 min abonent vardı. Bu gün isə 1 milyon 800 min abonent təbii qaz alır. Son 7-8 ildə böyük iş görüldü, bütün rayon mərkəzləri tam qazlaşdırıldı. Hazırda əsas diqqət kənd və qəsəbələrin qazlaşdırılmasına yönəlib.

R.Abdullayev Şamaxının potensialından da danışaraq, rayonda əkinçiliyin, heyvandarlığın inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb, eyni zamanda, turizmin inkişafının böyük gəlir gətirə biləcəyini diqqətə çatdırıb.

Çıxış edən ictimaiyyət nümayəndələri dünyada baş verən qlobal maliyyə böhranı fonunda dövlətimizin başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gördüyü tədbirləri yüksək dəyərləndirdiklərini bildiriblər. Görüşdə Şamaxıda kənd təsərrüfatının və sakibkarlığın inkişafı ilə bağlı fermerlərin, məhsul istehsalçılarının və yerli iş adamlarının təklifləri dinlənilib, onların çoxsaylı sualları cavablandırılıb.

BAKU.WS

Son xəbərlər