İlham Əliyev maaş və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi (VİDEO)

İlham Əliyev maaş və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi (VİDEO)
Video
Sosial 3074

 

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

BAKU.WS-in məlumatına görə, iclasda çıxış edən dövlət başçısı 2015-ci ildə neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini söyləyib. Prezident bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirdi.

Prezident İlham Əliyev 2016-cı ildə qeyri-neft sektorunun inkişafının prioritet olacağını, neftdən asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini bildirdi. Azərbaycan Prezidenti Dövlət Neft Fondunun vəsaitlərinin qorunması, Fonddan dövlət büdcəsinə transferlərin azaldılması, vergi bazasının genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi. Prezident İlham Əliyev bu kimi məsələlərə ictimai nəzarət mexanizmlərinin işə salınmasının əhəmiyyətinə toxundu. Bundan əlavə, dövlət başçısı biznes mühitinin yaxşılaşdırılması, nağdsız ödəmələrin artırılması, fiskal təşviq mexanizmlərinin genişləndirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi, bank sektorunda islahatların aparılması, özəl bankların ölkə iqtisadiyyatının inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırdı.

Prezident İlham Əliyev manatın məzənnəsindən danışarkən qeyd etdi ki, son vaxtlar müşahidə olunan qiymət artımı yerli məhsullara şamil edilməməlidir.

2016-cı ildə pensiya və əmək haqlarının qaldırılması ilə bağlı hökumətə təkliflər hazırlamağı tapşıran dövlətimizin başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılmasının sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verdi və görülən işlərlə əlaqədar hər rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında tələb qoydu.

BAKU.WS

Son xəbərlər