Neft Fondunun xaricdəki daşınmaz əmlakları
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 6.7%-i daşınmaz əmlak və infrastruktur layihələrinə yönəlib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, 2025-ci ilin sentyabr ayına olan ümumi aktivlər - 70 milyard 162 milyon ABŞ dolları nəzərə alındıqda, təxminən 4 milyard 701.9 milyon ABŞ dolları deməkdir.
Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə qəbul edilən investisiya qaydalarına əsasən, ARDNF portfelinin 10%-dək hissəsini daşınmaz əmlaka yatırmaq hüququna malikdir.
Fond bu sahədə ilk birbaşa investisiyasını 2012-ci ildə həyata keçirib. Sonrakı illərdə London, Paris, Moskva, Tokio kimi beynəlxalq maliyyə mərkəzlərində yerləşən ofis və ticarət komplekslərinə və fondlara sərmayələr yatırılıb.
Fondun ilk daşınmaz əmlak investisiyası Böyük Britaniyanın paytaxtı Londonda yerləşən "78 Seynt Ceyms" ofis kompleksi olub. Layihənin dəyəri 177.4 milyon funt sterlinq təşkil edib. 1845-ci ildə inşa edilmiş bina 2003-cü ildə əsaslı şəkildə yenilənib və "A" sinif ofis standartlarına uyğunlaşdırılıb. 2018-ci ildən başlanan növbəti rekonstruksiya işləri 2022-ci ilin birinci rübündə tamamlanıb. Hazırda 11 min kvadratmetrdən çox sahəyə malik bina müxtəlif beynəlxalq şirkətlərə icarəyə verilib.
ARDNF-nin ikinci iri daşınmaz əmlak layihəsi Moskvanın Tverskaya küçəsində yerləşən "Qalereya Aktyor" ofis-ticarət mərkəzidir. 133 milyon ABŞ dolları dəyərindəki bina şəhərin tarixi mərkəzində, Kreml və Qızıl Meydanın yaxınlığında yerləşir. 1881-ci ildə teatr binası kimi istifadəyə verilən tikili 1995-ci ildə yenidən bərpa olunub. 18 min kvadratmetrlik əmlak hazırda dövlət qurumları və maliyyə şirkətləri tərəfindən icarəyə götürülüb.
Fondun Fransadakı aktivləri sırasında Parisin ən prestijli ərazilərindən biri olan Vandom meydanındakı "8 Vandom meydanı" ofis və ticarət kompleksi də yer alır. 135 milyon avro dəyərindəki daşınmaz əmlak XVIII əsrə aid tarixi binadan və 1950-ci illərdə tikilmiş əlavə ofis hissəsindən ibarətdir. Ümumi sahəsi 5 400 kvadratmetr olan kompleksdə maliyyə, hüquq və zərgərlik sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlər icarəçi qismində çıxış edir.
Asiyada ARDNF-nin əsas daşınmaz əmlak aktivlərindən biri Yaponiyanın paytaxtı Tokioda yerləşən "Kirarito Ginza" ticarət obyektidir. Layihənin dəyəri 52.3 milyard yapon yeni olub. 2014-cü ildə tikilmiş bina Yaponiyanın ən məşhur ticarət zonası sayılan Ginza rayonunda yerləşir. 15 647 kvadratmetrlik mərkəz müxtəlif beynəlxalq ticarət brendləri, iaşə və sağlamlıq müəssisələri tərəfindən icarəyə götürülüb.
Oxşar xəbərlər
Qızılın qiyməti enib, gümüş bahalaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti 42,4 dollar azalaraq 4 095,4 dollara düşüb. BAKU.WS xarici mediaya istinadən xəbər veri...