İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?

İsrail-İran münaqişəsi və valyuta bazarı: Dolların mövqeyi zəifləyə bilərmi?
İqtisadiyyat 95

İsrail-İran gərginliyinin eskalasiyasının qlobal iqtisadi və maliyyə sisteminə təsirləri, xüsusilə valyuta bazarındakı dəyişikliklər bir çox investorların diqqət mərkəzinə düşüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, münaqişə nəticəsində yaranan qeyri-müəyyənlik investorları daha sabit və təhlükəsiz aktivlər axtarmağa sövq edir. Bu baxımdan, dolların qlobal valyuta ehtiyatlarındakı mövqeyi və avronun potensial güclənməsi barədə suallar aktuallaşıb.

2024-cü ilin sonuna olan məlumata görə, dünya valyuta ehtiyatlarının təxminən 58%-i ABŞ dollarında saxlanılır ki, bu da son on il ərzində 10 faiz bəndi azalma deməkdir. Eyni dövrdə avronun payı isə təxminən 20% səviyyəsində qalmaqda davam edir ki, bu da avronun nisbətən sabit qlobal valyuta statusunu qoruyub-saxladığını göstərir. Bu ərəfədə qazanclı çıxan isə kiçik və regional valyutalar olub.

Bəzi mütəxəssislər bildirirlər ki, münaqişənin davam etdiyi və geosiyasi risklərin artdığı bir şəraitdə dolların dominant mövqeyinə inamda zəifləmə müşahidə oluna, avronun daha güclü mövqedən çıxış etməsi üçün Avropa İttifaqının iqtisadi sabitliyi və enerji təhlükəsizliyi sahəsində atacağı addımlar həlledici ola bilər.

Bəs görəsən, bütün bu proseslər valyuta bazarına hansı təsirləri göstərə bilər? Dünya bazarında dolların mövqeyi zəifləyə bilərmi? Avronun qlobal valyuta ehtiyatlarındakı payının illərdir dəyişməz qalmasına səbəb nədir? Mövcud münaqişələrin Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrə hansı təsirləri daha çox diqqət çəkə bilər?

Bu və digər suallara ekspertlərlə birlikdə cavab tapmağa çalışdıq.

Məsələni iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib ki, qlobal valyuta rezervlərində dolların payının 2014-cü illə müqayisədə 2024-cü ildə 65.1%-dən 57.8%-ə qədər azalması heç də dolların dünya bazarında mövqeyinin zəifləməsi anlamına gəlmir.

İqtisadçı vurğulayıb ki, nəticə etibarilə bu yığımlarda dolların payının dəyişməsi birbaşa bir sıra ölkələrin yığımlarda payının artması ilə bağlıdır:

"Bu kontekstdən, təbii ki, dollar aparıcı valyuta mövqeyini qoruyub-saxlayır. Çünki strateji valyutadır - strateji məhsullar yenə də dollara satılır, birjalarda yenə də ən çox üstünlük verilən valyuta dollardır. Dolların səbət valyutaya nisbətən mövqeyində də hər hansı kəskin dəyişikliklər yoxdur. Dəyişikliklər birbaşa rezervlərdə dolların xüsusi çəkisi ilə bağlıdır".

Avronun payının dəyişməməsi və ya cüzi dəyişməsinin səbəbinə gəldikdə isə V.Bayramov bunun birbaşa avroya üstünlük verən ölkələrlə bağlı olduğunu diqqətə çatdırıb:

"Bunlar daha çox avrozonada olan və ya ona yaxın yerləşən ölkələrdir. Düzdür, 2014-cü illə müqayisədə cüzi azalmalar var. Çünki 2014-cü ildə avronun xüsusi çəkisi 21.2% idisə, indi 19.8%-ə qədər azalıb. Bunun əsas səbəbi isə yenə də məhz həmin yığımlara üstünlük verən ölkələrlə bağlıdır".

V.Bayramov qeyd edib ki, qazanclı çıxan kiçik və regional valyutalar dedikdə söhbət heç də kiçik ölkələrdən getmir:

"Struktura diqqət yetirsək, görərik ki, dollar və avrodan sonra üçüncü ən çox yığımlar olan valyuta yapon yenidir. Bu gün Yaponiya yeni ilə yığımlar qlobal valyuta bazarındakı rezervlərdə 5.8% çəkiyə malikdir, on il əvvəl isə bu rəqəm 3.5% idi. İngiltərə funt sterlinqində olan yığımlarda da artımlar var. 2014-cü ildə 3.7% paya malik olan funt sterlinq artıq 4.7% paya malikdir. Həmçinin 2014-cü ildə əgər yığımların 1.7%-i Kanada dollarında idisə, hazırda bu rəqəm 2.8% -dir.

Digər vacib dəyişikliklərdən biri Çin valyutasında yığımlardır. 2016-cı ildən etibarən bu valyuta da qlobal olaraq yığımları həyata keçirməyə başlayıb ki, indi onun payı ümumi kütlədə 2.2%-dir".

Son günlərin ən çox müzakirə olunan mövzularından olan İsrail-İran müharibəsinin qlobal valyuta bazarına və yığımlara nə dərəcədə təsir göstərəcəyi ilə bağlı məsələyə gəlincə isə V.Bayramov hesab edir ki, bu proses nə beynəlxalq valyuta bazarına, nə də yığımlara təsir göstərəcək:

"Səbəb odur ki, bu ölkələrin və bütövlükdə Yaxın Şərqin valyuta rezervlərindəki yığımlara təsir imkanları məhduddur. Bunu biz yığımların strukturuna baxanda da aydın görə bilirik. Ona görə də valyuta yığımlarına sözügedən ölkələrin təsir imkanları məhduddur".

Dünyada baş verən qlobal proseslərin ölkəmizə göstərə biləcəyi təsirlərə gəlincə, iqtisadçı vurğulayıb ki, Azərbaycan, təbii ki, öz ehtiyatlarını şaxələndirməyə çalışır:

"Azərbaycan üçün əsas hədəflərdən biri həm dövlət ehtiyatlarının strukturunun şaxələndirilməsi və risklərin minimallaşdırılmasıdır. Nəzərə alaq ki, Azərbaycan da qlobal trendə uyğun olaraq dollarla yığımlara üstünlük verən ölkələrdəndir, bu səbəbdən yığımlarda dolların payı çoxdur. Amma buna rəğmən, prosesdə valyuta ilə yanaşı, digər aktivlərdən də istifadə olunur ki, risklərin təsirini minimallaşdırmaq mümkün olsun".

İqtisadçı ekspert Xalid Kərimli isə Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda konkret olaraq hansısa valyutanın ön plana çıxdığı müşahidə olunmur:

"Düzdür, Çin valyutasının payı artıb. Xüsusən də son illər daha aktiv olub. Burada məsələ ondan ibarətdir ki, Rusiya-Ukrayna və İsrail-İran hadisələrində Qərb öz valyutasından - ABŞ öz dollarından, avrozona da öz avrosundan aktiv istifadə edir. Baxın, Rusiyanın 350 milyard dollarlıq aktivləri donduruldu. Əlbəttə ki, bu da dövlətlər qarşısında sual yaradır - sözlərinə baxmasaq, sabah eyni sanksiyaları bizə də tətbiq edə bilərlər. Yəni bu nüans var. Digər bir məqam isə ondan ibarətdir ki, əslində, Qərb tətbiq etdiyi sanksiyalarla bu ölkələri öz valyuta sistemindən çıxmaqda maraqlı edir və onlar alternativlər haqqında fikirləşirlər".

Avronun qlobal valyuta ehtiyatlarındakı mövqeyinin illərdir dəyişməməsinə gəlincə, X.Kərimli bunu Avropa iqtisadiyyatının payı ilə əlaqələndirib:

"Dolların mövqeyi zəifləyir, bəs yerinə kim gələcək?" sualı isə açıq qalır. Avro daha təhlükəsizdirmi? Xeyr, deyil. Çünki Avropa həm müharibələrə yaxındır, misal üçün, Ukrayna müharibəsi onun sərhədində gedir, həm də Avropada daha çox dövlət var. Bir var, hər hansı məsələ ilə bağlı bir dövlət qərar versin, bir də var, 26 dövlət qərar versin. Bu faktın özü Avropa iqtisadiyyatının riskini yaradır. Yəni bu, bir ittifaqdır, avro da bu ittifaqın valyutasıdır, amma dollar bir ölkənin valyutasıdır. Ona görə dolların riski avronun riskindən aşağıdır. Həm də ABŞ iqtisadiyyatı daha yaxşı böyüyür, Avropa iqtisadiyyatı ilə müqayisədə son illərdə daha yaxşı artım nümayiş etdirir. Xüsusən müharibədə Avropa gerilədi. Yəni səbəb budur".

İqtisadçı qeyd edib ki, dünyada dolların ehtiyat valyutası kimi azalmasının iki əsas səbəbi var:

"Birincisi, Çin və Hindistan kimi digər iqtisadiyyatlar güclənir. Hazırda dünya iqtisadiyyatında Çinin payı 17%-dir. Belə olan halda, təbii ki, yuandan istifadə artacaq. İkinci bir nüans isə digər ölkələrin də inkişaf etməsidir. Bundan əlavə, dollar və avronu sanksiya aləti kimi istifadə etmək özü də yığımlarda bəzən çəkindirici faktor yaradır.

O ki qaldı regional valyutalar məsələsinə, hazırda Çinin valyutası ön plana çıxır. Yaponiya yeni, İsveçrə frankı, Britaniya funtu, Avstraliya dolları və s. - bunlar həmişə var, həmişə portfeldə olub və həmişə payları olub, indi də saxlayırlar həmin o 1.5%-lik paylarını, çünki öz iqtisadiyyatları var. Eyni zamanda da son illər daha çox üstünlük yaradan BRICS ölkələridir, yəni Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika. Xüsusən də Hindistan və Çin sürətlə böyüyürlər. Məsələn, Çin və Hindistanın dünya iqtisadiyyatında payı əvvələ nisbətdə çox qalxıb. 20 il bundan əvvəllə müqayisədə Çin çox sürətlə və güclü inkişaf edib. Çin və Hindistanın iqtisadiyyatının böyüməsi isə bu ölkələrin valyutaları ilə əməliyyatların çoxalması deməkdir".

X.Kərimli hesab edir ki, əgər İsrail-İran eskalasiyası gərginləşərsə, bu, risklərin artması demək olacaq:

"Risklər artarsa, dollar bahalaşa bilər. Nəzərə almaq lazımdır ki, İsrail-İran münaqişəsinə paralel olaraq hazırda həm də ABŞ-Çin iqtisadi müharibəsi də gedir. Bu isə dolları ucuzlaşdırır. Göründüyü kimi, bir-birinə əks məsələlər var və istənilən halda müharibə risklərinin artması dolları gücləndirir. ABŞ daha təhlükəsizdir, müharibələrdən daha uzaqdadır, onun enerji təhlükəsizliyi var. Avropadan fərqli olaraq, nefti, qazı özündədir, daha az risklidir. Müharibələr artdıqca ABŞ iqtisadiyyatında dolların girişsiz valyuta kimi dəyəri artır. Amma eyni zamanda da ABŞ-nin özünün ən böyük rəqibi Çindir. Hansı güclü olacaqsa, o da qalib gələcək".

Dünyada baş verən bütün bu proseslərin Azərbaycana təsirinə gəlincə, iqtisadçı vurğulayıb ki, qlobal laxlama Azərbaycana da birbaşa həm inflyasiya, həm resursların dəyəri baxımından mənfi təsir göstərə bilər.

Son xəbərlər