Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən pul vəsaitlərində artım qeydə alınıb

Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən pul vəsaitlərində artım qeydə alınıb
İqtisadiyyat 32

Cari ilin yanvar–sentyabr aylarında Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 19,9 milyon ABŞ dollarına yaxın olub.

BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon ABŞ dollarına yaxın və ya 33 faizdən çox artım deməkdir.

Qeyd olunan dövrdə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi strukturunda Səudiyyə Ərəbistanının payı 2,3 faiz təşkil edib. Bununla da bu ölkə Azərbaycana pul köçürmələrinin həcminə görə yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, 2024-cü ilin ilk yarısında Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 14,9 milyon ABŞ dolları səviyyəsində olub.

Ümumilikdə isə 2025-ci ilin ilk doqquz ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərin həcmi 361,4 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz və ya 46,9 milyon ABŞ dolları azalma deməkdir.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana göndərilən pul köçürmələrinin ümumi həcmi 849,9 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin yanvar–sentyabr ayları ilə müqayisədə cüzi – 0,2 faiz artım göstərib.

Son xəbərlər