Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub

Baku TV-nin Rəqəmsal Media Məktəbində doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Foto
Digər 45

Baku TV-nin Korporativ Sosial Məsuliyyət layihəsi olan "Rəqəmsal Media Məktəbi"ndə bu gün doqquzuncu qrupun məzunlarına sertifikatlar təqdim edilib.

BAKU.WS xəbər verir ki, tədbir çərçivəsində çıxış edən Baku TV-nin baş redaktoru Turan İbrahimov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, "Rəqəmsal Media Məktəbi" gənclərin peşəkar mediaya hazırlanması, praktik bilik və bacarıqlar qazanması və müasir jurnalistika standartlarına uyğun kadr potensialının formalaşdırılması baxımından mühüm platformadır. O vurğulayıb ki, bu təşəbbüs gənclərin media sahəsinə marağının artırılmasına və onların peşəkar mühitə inteqrasiyasına töhfə verir.

Qeyd edək ki, Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə tədris 4 ay davam edir və jurnalistika, sosial media və texniki bacarıqlar üzrə nəzəri və praktiki təlimləri, eləcə də praktik təcrübə mərhələsini əhatə edir.

Təlimlər çərçivəsində tələbələrə diksiya, aparıcılıq sənəti, televiziya jurnalistikası, PR, ekstremal, idman və siyasi jurnalistika, media qanunvericiliyi və peşə etikası, siyasi proseslər və geopolitik tendensiyalar, ünsiyyət növləri və üsulları, emosional intellekt, eləcə də televiziyanın iş prinsipi, foto və video çəkilişi, videomontajın əsasları və canlı yayım texnologiyaları üzrə biliklər aşılanır.

Tədris müddətində yüksək nəticə göstərən məzunlar Baku TV və "Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarında işlə təmin olunurlar, eyni zamanda layihənin uğuru nəticəsində məzunlara digər televiziya kanalları, aparıcı xəbər saytları və mətbuat xidmətləri tərəfindən də maraq göstərilir. Proqram Baku TV-nin təcrübəli əməkdaşları və ölkə miqyasında tanınmış media mütəxəssisləri tərəfindən həyata keçirilir.

Son xəbərlər