IMF Cənubi Qafqazda sülhün ticarət və investisiya axınlarını necə dəyişə biləcəyini qiymətləndirib

IMF Cənubi Qafqazda sülhün ticarət və investisiya axınlarını necə dəyişə biləcəyini qiymətləndirib
İqtisadiyyat 20

Azərbaycanla Ermənistan arasında sülh sazişi Gürcüstandan yan keçən alternativ ticarət marşrutları açmaqla Cənubi Qafqazın logistika arxitekturasını əhəmiyyətli dərəcədə dəyişdirə bilər.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) missiyasının Gürcüstanla IV Maddə üzrə məsləhətləşmələrin yekunlarına dair qiymətləndirməsində deyilir.

Eyni zamanda, fond hesab edir ki, belə bir ssenari bütün regionun investisiya cəlbediciliyini artıra bilər.

Qiymətləndirmədə vurğulanır ki, geosiyasi qeyri-müəyyənlik əsas risk amili olaraq qalır. Xüsusilə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi İsrail və Fars körfəzi ölkələrindən turist axınlarının azalmasına, inflyasiyanın sürətlənməsinə və qlobal maliyyə şərtlərinin ağırlaşmasına gətirib çıxara bilər.

Lakin münaqişənin uzun sürməsi əks təsirə - maliyyə və turist axınlarının Gürcüstanın xeyrinə yenidən bölüşdürülməsinə, eləcə də Orta Dəhliz üzrə tranzitin artmasına səbəb ola bilər.

BVF Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ssenarisini ayrıca nəzərdən keçirir. Bir tərəfdən, bu, Gürcüstanın miqrant axını, kapital və tranzit ticarətinin artmasından əldə etdiyi iqtisadi faydanın müəyyən qədər azalmasına səbəb ola bilər. Digər tərəfdən, regional sabitliyin güclənməsi investorların etimadının möhkəmlənməsinə töhfə verəcək.

Analoji məntiq Cənubi Qafqaz üçün də keçərlidir. IMF hesab edir ki, Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi Gürcüstandan qismən yan keçən yeni nəqliyyat marşrutlarının yaranmasına gətirib çıxaracaq, bütövlükdə isə regionun investisiya mühitinə müsbət təsir göstərəcək.

IMF daxili risk amilləri arasında Avropa İttifaqı ilə münasibətlərin pisləşməsi mümkünlüyünü qeyd edir ki, bu da investorların əhval-ruhiyyəsinə və birbaşa xarici investisiyaların axınına mənfi təsir göstərə bilər.

Eyni zamanda, BƏƏ-dən olan investorun daşınmaz əmlak sahəsində həyata keçirdiyi 6,6 milyard ABŞ dolları dəyərində iri investisiya layihəsi Gürcüstanda iqtisadi artım və məşğulluq üçün əhəmiyyətli potensiala malikdir.

Son xəbərlər