Ekspertdən yanacaqdoldurma məntəqələrinin fırıldağına görə komitə sədrini günahlandırdı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin fəaliyyətində nöqsanlar aşkarlayıb. Komitənin sədri Ramiz Həsənovun sözlərinə görə, bir çox yanacaqdoldurma məntəqələri istehlakçıların, sürücülərin avtomobillərinin çəninə nəzərdə tutulandan xeyli az yanacaq vurur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat”a açıqlamasında bu sahədə ictimai nəzarətin zəif olduğunu vurğulayıb: "Bizə də tez-tez yanacaqdoldurma məntəqələri ilə bağlı şikayətlər gəlir. İstehlakçılar yanacağın həm miqdarına, həm də keyfiyyətinə şübhə ilə yanaşırlar. Çox təəssüf bu sahədə ictimai nəzarət sıfır vəziyyətindədir. Azad İstehlakçılar Birliyi olaraq bizim də bu sahədə işimiz sıfırdır və bizə bununla bağlı tənqidlər ünvanlayanlar haqlıdırlar. Azad İstehlakçılar Birliyi Ramiz Həsənovun çıxışından sonra bu məsələyə diqqət yetirəcək. Təəssüf ki, hökumət biznes qurumları üçün elə bir şərait yaradıb ki, onlar ərköyünlük edir və istehlakçıların hüququnu eninə-boyuna pozurlar. Bu anormal haldır. Dövləti də, ordunu da, biznesi də ayaqda saxlayan istehlakçıdır. Ona görə də dövlət üzünü istehlakçıya çevirməlidir.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bu sahədəki mövcud problemlərə görə, Ramiz Həsənovu və rəhbərlik etdiyi qurumu qınayıb: "Əgər yanacaq keyfiyyətsizdirsə, o zaman, cənab Ramiz Həsənov siz hara baxırsınız? Dövlət hər il büdcəsən sizə vəsait ayırır və sizin vəzifəniz bu qanunsuzluqların qarşısını almaqdır. Bəs niyə öz üzərinizə düşən vəzifəni həyata keçirmirsiniz. Axı bu hansısa özəl qurumun işi deyil, birbaşa sizin vəzifənizdir...”.
İlham Şaban problemin həlli yolu kimi yanacaq satışı sahəsində rəqabət yaradılmasının vacibliyini diqqətə çatdırıb: "Bunun çox asan yolu var. Bizdə yanacaqdoldurma məntəqələrində adlar çox fərqlidir. Birində SOCAR, birində "Lukoil”, birində "Azpertrol” yazılıb. Ancaq bunlar arasında karter sazişi var, hamısında eyni qiymətdir. Bizdə nə zaman ki, fərqli qiymətlər, rəqabət olacaq, o zaman bu problemlər aradan qalxacaq. Ancaq hazırda yanacaqdoldurma məntəqələri arasında rəqabət yoxdur.
Əgər neftayrıma zavodu, yəni məhsulu istehsal edən yer yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığındadır, digərindən isə 50 kilometr aralıdadır. O zaman necə ola bilər ki, hər iki yanacaqdoldurma məntəqəsində qiymətlər eyni olsun? O zaman daşınma xərcləri necə hesablanır, onu kim ödəyir. Deməli, uzaqda olan məntəqələr bu məhsulun tərkibinə aşqarlar qatmaqla yol xərcini çıxartmağa çalışırlar. Bunun qarşısını həmin dövlət qurumu almalıdır...”.
BAKU.WS
Oxşar xəbərlər
"Bəzi "zapravka"larda avtomobillərə az yanacaq vurulur" (RƏSMİ)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir sıra yanacaqdoldurma məntəqələrinin (YDM) fəaliyyətində nöqsanlar aşkarlayıb. BAKU.WS bildiri...