"Azpetrol" yanacağın düzgün vurulmaması barədə səslənən ittihamlara cavab verdi
"Son zamanlar bəzi KİV-də avtomobil sahiblərinin yanacaqdoldurma məntəqələrində (YDM) onlara operatorlar tərəfindən yanacağın düzgün vurulmaması və ya yanacağın az verilməsi barədə şikayətlərinə tez-tez rast gəlinir. Bu kimi hallar "Azpetrol" şirkətinin yanacaqdoldurma məntəqələrində də baş verir". BAKU.WS-in məlumatına görə, bu barədə "Azpetrol" şirkətinin yaydığı məlumatda bildirilir. "Biz buna aydınlıq gətirərək bildiririk ki, hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurmasını sifariş edərkən həmin ölçüdən (xətdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi doldurulmasını istəyir. Təbiidir ki, bu da yanacaq çəninin normadan artıq yanacaq tutmasına səbəb olur. Məsələn, avtomobillərin markasından asılı olaraq yanacaq çəninə normadan artıq, yəni boğazına qədər daha 6-9 litr əlavə yanacaq vurmaq mümkündür. Rusiya istehsalı olan, xüsusən "VAZ-2107” markalı avtomobilə isə normadan artıq 4 litr yanacaq vurmaq mümkündür. Müştərilər yanacağın düzgün vurulmamasından narazı qaldığı halda, bu zaman həmin məntəqənin direktoru tərəfindən müştəriyə operator tərəfindən nə qədər yanacaq vurulmasını məntəqədəki xüsusi ölçmə cihazı (menzurka) vasitəsilə yoxlanılır. Bu zaman əksər hallarda istehlakçının haqsız olduğu ortaya çıxır", - deyə açıqlamada deyilir. Açıqlamada o da qeyd edilib ki, ölçmə cihazlarında heç bir səhv ola bilməz, çünki həmin cihazlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək möhürlənir: "Bu ölçmə cihazları yeni rəqəmsal, avtomatlaşdırılmış qaydada idarə olunur. Ona görə də bu cihazlara müdaxilə etmək qeyri-mümkündür. Dünyada ən düzgün və dəqiq ölçmə cihazları Yaponiyanın "Tatsuno” və Türkiyənin "Petposan” şirkətləri tərəfindən istehsal olunmuş ölçmə cihazlarıdır. Bizim şirkətin də yanacaqdoldurma məntəqələrində istifadə etdiyi cihazlar yuxarıda qeyd olunan şirkətlər tərəfindən istehsal olunmuş cihazlardır. Bu cihazlar dünyanın ən müasir ölçmə cihazları hesab olunur və cihazların səhv etmək ehtimalı 0-a bərabərdir. Biz, "Azpetrol” şirkəti olaraq müştərilərimizə hər zaman yüksək xidmət göstərməyə və bizdən razı qalmalarına çalışırıq. Respublikamızın hər yerində istənilən qədər yanacaqdoldurma məntəqələri var və onlar digər yanacaqdoldurma məntəqələrinə üz tuta bilərlər”, deyə məlumatda deyilir. Şirkət həmçinin qeyd edib ki, müştərilərinə qarşı işçilər tərəfindən göstərilən hər hansı səhv və ya kobud hərəkətə görə şirkət rəhbərliyi tərəfindən həmişə ciddi tədbirlər görülür. BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtomobilinə benzin vuran sürücüləri necə aldadırlar? (FOTO)
"Ötən həftənin 6-cı günü yanacaq doldurma məntəqəsində (YDM) "Toyota Corolla"ya tam bak benzin vurdurdum. Avtomobilimə benzin vurulduqdan sonra operator mənə 39...