Dünya Bankı Azərbaycanda BOEM-in maliyyələşdirilməsi ilə bağlı gələcək istiqamətləri açıqlayıb

Dünya Bankı dayanıqlı enerjini dəstəkləməyə yönəlmiş bir çox layihələri, o cümlədən şəbəkə infrastrukturunun inkişafına, enerjinin akkumulyasiyasına, transsərhəd güclərə və enerji səmərəliliyinin artırılmasına sərmayə qoyuluşunu nəzərdən keçirir.
Bu barədə "Report"a müsahibəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays bildirib
"Biz həmçinin tarif siyasəti, istehsalın proqnozlaşdırılması və balanslaşdırma mexanizmləri də daxil olmaqla, bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün institusional əsasları gücləndirməyi planlaşdırırıq", – o qeyd edib.
Regional direktor xatırladıb ki, 2025-ci ilin mart ayında Dünya Bankı Azərbaycanda bərpa olunan enerji sahəsində əsas təşəbbüslərdən biri olan AZURE layihəsini təsdiqləyib.
"Biz onun həyata keçirilməsi üçün 173,5 milyon ABŞ dolları məbləğində kredit ayırmışıq. Layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrinin milli enerji sisteminə inteqrasiyasına kömək etmək və onun dayanıqlılığını artırmaqdır", - o qeyd edib.
R.Praysın sözlərinə görə, AZURE şəffaf və proqnozlaşdırıla bilən normativ və infrastruktur mühitini təmin edərək, bu sektora özəl investisiyaların cəlb edilməsi üçün zəmin yaradır.
"Bu, həm ölkə daxilində, həm də regional kontekstdə təmiz enerji istehsalının və ixracının genişləndirilməsini nəzərdə tutan "yaşıl enerji dəhlizi"nin yaradılması ilə bağlı dövlət təşəbbüsünün həyata keçirilməsi istiqamətində ilk addımdır. Lakin bu hələ başlanğıcdır", - o qeyd edib.
Müsahibənin tam mətni ilə buradan tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda 5 ayda orta illik inflyasiya 6 % olub
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün...
